Sarı xətlə zolağın ayrılması qanuna uyğun deyil – hüquqşünas şərhi
31-05-2015, 17:11
"Bəzi qurumlar qanunvericiliyi yox, hansısa xarici ölkədə rastlaşdıqları mənzərəni və ya şəxsi təxəyyülü qabağa verirlər"
Birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar yol-nəqliyyat infrastrukturunda müəyyən yeniliklər edilir. Yeniliklərdən biri paytaxtın bəzi küçə və prospektlərində “Oyunlar zolağı”nın yaradılmasıdır. Bununla bağlı sürücülərdə xeyli suallar yaranıb.
Əsasən iki sual maraqlıdır: Bu zolaqlarda hərəkət rejimi necə olmalıdır? Həmin zolaqlarda hərəkət edən digər sürücülər məsuliyyətə cəlb edilməlidirmi?
Son 2 gündə yüzlərlə sürücünün sarı xətlə ayrılmış zolağa girdiyinə görə cərimələnməsinə dair məlumat verilib.
Analitik.az hüquqşünas Ərşad Hüseynovun xüsusi zolaqların təşkil olunmasına dair qanunvericiliyin izahına dair şərhini təqdim edir:
Öncə bu zolaqların təşkilinin normativ əsaslarına baxaq.
Ölkəmizdə yol hərəkətinin təşkili və yollarda hərəkət qaydaları “Yol hərəkəti haqqında” Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Qanun, “Yol nişanları və siqnalları haqqında” Vyana Konvensiyası, bu Konvensiyanı tamamlayan Avropa Sazişi, həmin Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolu, habelə bir sıra digər qanunvericilik aktları ilə tənzimlənir. Bu normativ aktlara nəzər yetirdikdə məlum olur ki, yollarda yalnız müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hərəkət zolaqları yaradıla bilər. Milli qanunvericiliyimiz belə hərəkət zolaqlarından yalnız birinin adını çəkir və həmin zolaqda hərəkət rejimini tənzimləyir. Bu zolaq “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” adlanır. Düzdür, dünyanın müxtəlif ölkələrində ayrıca velosiped zolaqları, metrobus zolaqları və s. mövcuddur. Amma bir daha xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizin milli qanunvericiliyi yalnız “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” yaradılmasını mümkün sayır və bu zolaqda hərəkətin xüsusi rejimini tənzimləyir.
Hesab edirəm ki, “Oyunlar zolağı” məhz “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” kimi yaradılmalıdır. Çünki:
1) milli qanunvericiliyimiz yalnız belə xüsusi zolağın hüquqi rejimini tənzimləyir;
2) dəfələrlə bəyan edildiyi kimi, Avropa Oyunlarında iştirak edəcək idmançılar və tamaşaçılar oyunların keçirildiyi məkanlara başlıca olaraq avtobuslarla daşınacaqlar, bu zolaq isə əsasən avtobusların hərəkəti üçündür.
Bəs, həmin xüsusi zolaq necə olmalıdır?
Bu sualın kifayət qədər aydın və dəqiq cavabı qanunvericilikdə olsa da, yol hərəkətini təşkil edən bəzi qurumlarda, xüsusən də “Azəryolservis” ASC-də belə məsələlərdə qanunvericiliyi yox, hansısa xarici ölkədə rastlaşdıqları mənzərəni və ya şəxsi təxəyyülü qabağa verirlər. Nəticədə qüvvədə olan qanunvericilikdən fərqlənən, sürücüləri çaşdıran, hüquq təcrübəsində ciddi problemlər və mübahisələr yaradan, çoxlu lazımsız suallar doğuran mənzərə yaranır. Həmin qanunazidd və yanlış işlərdən biri yollarımızın sarı xətlərlə bəzədilməsidir. Sarı xəttin anlayışı və təyinatı beynəlxalq və milli qanunvericilikdə aydın şəkildə verilir. Ümumiyyətlə, yollarda tətbiq olunan bütün nişanlanmalar “Yol nişanları və siqnalları haqqında” Konvensiyada, bu Konvensiyanı tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunda, “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsində və 5 saylı Əlavəsində, habelə “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Tətbiqi qaydaları” adlanan DÜİST 23457-86-da müəyyən edilmişdir. Məlumat üçün bildirirəm ki, adını çəkdiyim Konvensiya və Protokol hələ sovet dövründə ölkəmizdə qüvvədə olaraq tətbiq edilib, müstəqillikdən sonra isə 21 dekabr 2010-cu il tarixli qanunlarla ratifikasiya olunub. DÜİST 23457-86 isə 1986-cı ildə qəbul olunub və hazırda da ölkəmizdə qüvvədədir. Bu normativ akt MDB-nin dövlətlərarası Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma Şurası tərəfindən dövlətlərarası standart kimi təsdiq edilib. Beləliklə, yollarda hər hansı nişan və ya nişanlanma xətti tətbiq edilərkən bütün dövlət qurumları, o cümlədən “Azəryolservis” ASC yuxarıda sadaladığım normativ aktlara birmənalı olaraq riayət etməlidir. Həmin aktlardan kənara çıxan istənilən iş qanunsuzdur, təhlükəlidir və yolverilməzdir. Belə qanunsuzluqlara yol verən şəxslər öz əməllərinin nəticələrinə görə hüquqi məsuliyyət daşıyırlar.
Qayıdaq sarı xətt məsələsinə. Son bir neçə ildə olduğu kimi “Azəryolservis” ASC qanunvericiliyin tələblərinə məhəl qoymadan bu xətti hara gəldi tətbiq etməkdə israrlıdır. “Oyunlar zolaqları” da elə bu səbəbdən sarı xətlə fərqləndirilmişdir. Amma sarı xəttin mənası və tətbiqi şərtləri ilə bağlı qanunvericilikdə hər şey aydın göstərilir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın 29-cu maddəsinin 2-ci bəndində deyilir ki, yolun hərəkət hissəsinin nişanlanması boya ilə çəkilirsə, boyanın rəngi ağ və ya sarı rəngdə olmalıdır. Razılığa gələn tərəfin ərazisində hər iki rəng — sarı və ağ tətbiq olunduqda, eyni kateqoriyalı nişanlanma eyni rəngdə olmalıdır. Bu o deməkdir ki, məsələn, 1.1 xətti ağdırsa, hər bir halda yalnız ağ ola bilər. Hər hansı başqa (məsələn, sarı, qırmızı, narıncı və s.) rəngdə olan xətt 1.1 nişanlanması hesab oluna bilməz. Lakin Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolu rəng məsələsini konkretləşdirir. Bu Protokolun əlavəsinin 6-cı bəndindi Konvensiyanın həmin normasını dəqiqləşdirərək göstərir: Yol nişanlanması ağ rəngdə olmalıdır. “Ağ” termini gümüşü və açıq-boz çalarları əhatə edir. Lakin:
- bir sıra şərtlər və ya məhdudiyyətlər qoyulmuş duracağı göstərən nişanlanma göy rəngdə ola bilər;
- duracağın qadağan olunmasını göstərən ziqzaqvari xətlər sarı rəngdə olmalıdırlar;
- səkinin bordürünə və ya hərəkət hissəsinin qırağına çəkilmiş, dayanma və ya durmanı qadağan edən və ya məhdudlaşdıran, bütöv və ya qırıq xətlər sarı rəngdə olmalıdırlar.
Göründüyü kimi, sarı bütöv xətt yalnız dayanmanı qadağan etmək məqsədi ilə tətbiq oluna bilər.
Məlumat üçün bildirirəm ki, Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolu Avropa dövlətləri üçün həmin Konvensiyanın konkret müddəalarını dəqiqləşdirir. Ona görə də Konvensiyanın müvafiq maddəsi bu Protokolla nəzərdə tutulan əlavələrlə tətbiq oluna bilər. Sarı xətt “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsində və onun 5 saylı Əlavəsində göstərilən kimi 1.4 nişanlanmasıdır. Həmin maddədə, habelə DÜİST 23457-86-nın 3.2.6-cı bəndində Konvensiyanın müvafiq tələbinə uyğun olaraq 1.4 nişanlanmasının təyinatı çox aydın şəkildə verilmişdir. 1.4 nişanlanması 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir. Həmin normalardan aydın olur ki, 1.4 sarı xətti heç bir halda hərəkət zolağının hüdudlarını bildirmək, eyni istiqamətli və ya əks istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün tətbiq edilə bilməz. Bu məqsədlə tətbiq edilə bilən nişanlanma xətti 1.1 xəttidir. “Yol hərəkəti haqqında” Qanunun 5 saylı əlavəsindəki rəngli sxemlərdə və DÜİST 23457-86-ya əlavə olunan müvafiq rəngli sxemlərdə 1.1. və 1.4. xətlərinin necə olduğu aydın şəkildə verilir
Deməli, mövcud beynəlxalq və milli qanunvericiliyə əsasən, 1.4 sarı xətti heç bir halda 1.1 ağ xətti ilə eyniləşdirilə bilməz, onun əvəzinə tətbiq oluna bilməz, onun daşıdığı mənanı verə bilməz.
Təəssüf ki, “Azəryolservis” ASC öz israrını davam etdirərək 1.1 xətti olmalı yerlərdə 1.4 xətti tətbiq edir və bu xəttin köməyi ilə xüsusi təyinatlı hərəkət zolağı yaradır. “Oyunlar zolağı” adlanan həmin zolaq yuxarıda qeyd etdiyimiz kimi ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkət zolağı kimi işarələnməlidir ki, sürücülər arasında heç bir çaşqınlıq yaranmasın. Bunun üçün həmin zolaq bütöv xətlə yolun digər zolaqlarından ayrılmaqla yanaşı, orada həm də standartlara uyğun olaraq 1.23 nişanlanması (“BUS” yazısı) yazılmalı, daha sonra bu zolaqların başlanğıcında, habelə hər yolayrıcından sonrakı hissəsində 5.9 nişanı, həmin zolaqda nəqliyyat axınının əksinə hərəkət olduqda isə 5.10.1 nişanı qoyulmalıdır. Belə edilsə, yazıya əlavə olunmuş şəkildəki kimi xüsusi zolaq yaranacaq.
Bu zolaqda hərəkət rejimi “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir. Orada deyilir: 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin, belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır.
Bəs sürücülər həmin zolağa daxil olsalar, hansı məsuliyyət daşıyacaqlar?
Bu sualın cavabı həmin zolaqda hərəkət rejiminin pozulmasından asılı olacaq. Aşağıdakı variantlar ola bilər.
1. “Oyunlar zolağı”nda hərəkət yanaşı zolaqlarla eyni istiqamətdədirsə, həmin zolağa keçən sürücü həm bu zolağı ayıran bütöv nişanlanma xəttinin (yəni eyni istiqamətdə hərəkət olan zolaqları ayıran bütöv xəttin) tələbini, həm də nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozur. Belə olduqda sürücünün əməli İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 151.1-ci maddəsi ilə vahid xəta hesab edilərək, ona 40 manat cərimə tətbiq oluna bilər.
2. “Oyunlar zolağı”nda yanaşı zolağın əksinə hərəkət varsa, həmin zolağı keçən sürücü nəqliyyat axının əksinə hərəkət etmiş olur. Buna görə də iki variantda cərimə ola bilər:
- Əgər avtomobilin yalnız iki təkəri xəttin sol tərəfinə keçərsə, sürücü İXM-in 151.2-ci maddəsi üzrə 60 manat cərimə olunacaq və ona 3 cərimə balı yazılacaq.
- Əgər avtomobil tam olaraq xəttin sol tərəfinə keçərək hərəkət edərsə, sürücüyə İXM-in 151.3-1-ci maddəsi üzrə 100 manat cərimə və 4 cərimə balı tətbiq ediləcək.
Amma bu zolaqların çəkildiyi küçələrin demək olar ki, hamısında ayırıcı zolaq var. Bu səbəbdən həmin zolaqlarda ümumi hərəkətin əksinə hərəkət müəyyən ediləcəyi inandırıcı deyil. Bu halda İXM-in 151.2-ci və 151.3-1-ci maddəsi üzrə cərimələnmə də istisna olunur.
3. Böyük ehtimalla oyunlarda iştirak edən heyətlər yollarda DYP-nin patrul avtomobillərinin müşayiəti ilə hərəkət edəcək. Belə olan halda istər xüsusi zolaqda, istərsə də yolun digər zolaqlarında həmin patrul avtomobilinin xüsusi işıq və səs siqnallarını qoşmaqla müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə mane olan, habelə həmin dəstəyə qoşularaq hərəkət edən sürücülər İXM-in 151-4-cü maddəsi üzrə 100 manat cərimə olunacaq və onlara 3 cərimə balı yazılacaq.
Sürücülərin diqqətinə çatdırmaq istəyirəm ki, xüsusi zolaqlar qanunvericilikdə nəzərdə tutulan qaydada işarələnmədiyi halda həmin zolaqlarla hərəkətə görə heç kəs cərimələnə bilməz. Amma diqqətli olmaq lazımdır və müvafiq nişanlanma işləri tam həyata keçirildiyi halda həmin zolaqlarda hərəkətə yol verilməməlidir.