BP: “Səngəçal” terminalının elektrikləşdirilməsi üzrə yekun investisiya qərarının verilməsi son mərhələdədir

Bu gün, 15:44           
BP: “Səngəçal” terminalının elektrikləşdirilməsi üzrə yekun investisiya qərarının verilməsi son mərhələdədir
BP: “Səngəçal” terminalının elektrikləşdirilməsi üzrə yekun investisiya qərarının verilməsi son mərhələdədir
“Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının verilməsi prosesinin son mərhələsinə keçilib.

İndex.az xəbər verir ki, bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində “Şəfəq” Günəş Elektrik Stansiyasında (GES) istehsal olunacaq elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə satılacaq:

“Əvəzində, “virtual enerji ötürmə” mexanizmi vasitəsilə ‘Azərenerji’ Bakıda bizə ekvivalent miqdarda elektrik enerjisi təqdim edəcək. Bu yolla ‘Səngəçal’ terminalının elektrikləşdirilməsi təmin olunacaq”, – deyə o bildirib.

T.Bayatlı qeyd edib ki, terminalın elektrikləşdirilməsi təkcə təbii qaz sərfiyyatını azaltmaqla kifayətlənməyəcək, həm də ətraf mühitə təsiri minimuma endirəcək.

“Layihə çərçivəsində atmosferə atılan emissiyaların miqdarı da əhəmiyyətli dərəcədə azalacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Terminala neft və qazı texnoloji emal edən qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz boru kəmərinin (CQBK) kompressor stansiyası və digər qurğular daxildir.

Dənizdəki qurğulardan terminala 8 müxtəlif boru kəməri daxil olur və terminaldan da 8 boru kəməri çıxır. Onlar müxtəlif marşrutlara istiqamətlənməklə yüksək keyfiyyətli Azərbaycan xam neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistandan daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.

Terminalın operatoru BP şirkətidir.

Xatırladaq ki, 2024-cü ildə terminal təxminən 225 milyon barel neft və kondensat, o cümlədən 224 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 76 milyon standart kubmetr (təxminən 2 milyard 654 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.