İl niyə 1 yanvarda başlayır? – BİR TƏQVİMİN TARİXİ
2-01-2025, 10:34
“İkiüzlü tanrı”dan başlayan xaosa Papanın qərarı son qoydu
Dekabr ayı həm hesabat ayıdır, həm də qarşıdan gələn yeni təqvim ilinə hazırlıq. Bəzilərimiz sevdiklərimizə yeni il hədiyyələri hazırlayırıq, bəzilərimiz isə ötən ilin necə keçdiyini anlamağa, uğurlarımızı və səhvlərimizi görüb qiymətləndirməyə çalışırıq.
Dekabrın 31-i axşam saatların əqrəbləri 00:00-a keçəndə təqvim yanvarın 1-nə keçdi və bu dəfə təkcə gün və ay deyil, həm də il dəyişdi.
Hamımız bu dönəmi periodik olaraq, əzbərləmiş kimi hər il təkrarlayırıq. Yanvarın 1-də yeni ay və yeni il başlayır. Niyə 1 yanvar? Yeni ilin başlanğıcını təmsil edən gün niyə məhz bu tarixdir? Bax, bununla demək olar, maraqlanan olmur...
Axı dünyanın hər yerində yeni il yanvarın 1-də başlamır. Yeni ilin başlama tarixi əslində toplumların istifadə etdiyi təqvimdən asılı olaraq dəyişir.
Dünyanın əksər hissəsi miladi təqvimdən istifadə edir və yanvarın 1-də ilin dəyişməsi əslində miladi təqvimlə bağlıdır. Deyilənə görə, Romanı imperiyaya çevirən böyük sərkərdə Yuli Sezar yanvarı yeni il üçün “qapı” hesab edirdi. Amma təbii ki, 1 Yanvar hekayəsi təkcə Sezarla bağlı deyil...
Yeni il və təqvim hekayəsi tamamilə Sezarla bağlı olmasa da, yollar yenə Romaya aparır... Böyük Roma İmperiyasının bir üzü sağa, digəri isə sola baxan iki üzlü tanrısı Yanus haqqında eşitmisinizmi? Yanusun bu iki üzü bəziləri tərəfindən "biri irəli, biri arxaya baxan üzlər" kimi qeyd olunur. Yanus Romalılar üçün "qapılar və keçidlər tanrısı" hesab olunurdu.
Yanvar ayının qərb dillərində adı January, Janvier, Januar kimi istifadə olunur. Bu ad həmin iki üzlü tanrı Yanusun adından götürülmüşdür. Yuli Sezar Yanusun adının izlərini daşıyan bu ayın “yeni ilə açılan qapı” olaraq görülməli olduğunu düşünürdü. Və bu fikri hazırladığı Yulian Təqvimində əks etdirdi! Eramızdan əvvəl 46-cı ildə qəbul edilmiş Yulian təqvimi ilə yanvarın 1-i ilin ilk günü oldu.
Qərb dünyasında 16-cı əsrə qədər istifadə edilən Yulian təqvimi də konsulluq ili ilə uyğunlaşdırıldı və Romada ən yüksək rütbəli idarəçilərin sırasına qatılacaq yeni konsullar yanvarın 1-dən vəzifəyə başlayardılar.
Sezar üçün Yulian təqvimi siyasi alət və silah idi. Roma orduları yeni torpaqları fəth etdikcə, imperiya tez-tez yeni təbəələrinə bəzi dini və sosial ənənələrini qorumaq üçün sərbəstlik verirdi. Ancaq təqvim yaradıldıqdan sonra o, yalnız dəqiqlik və ardıcıllıq üçün deyil, həm də bütün vətəndaşlara Roma hakimiyyətini və Sezarın gücünü xatırlatmaq üçün imperiyanın hər yerində istifadə olunmağa başladı.
Yeni il yanvarın 1-də başladığı üçün romalıların şənlikləri spirtli içki və rəqslə keçirdikləri məlum idi. Lakin Roma düşüncəsinin və xristianlığın Romadan kənarda, Avropada geniş yayılması ilə bu vərdiş aradan qalxdı. Avropalılar Yeni il şənliklərini paqanist ənənə kimi gördülər və ilin ilk gününü dəyişdirdilər! Xristianlığı qorumaq və yaymaq üçün bəzi ölkələrdə ilin ilk günü 25 marta keçirildi - Məryəmə möcüzəvi şəkildə hamilə qaldığı xəbərinin verildiyi günə.
Bəzi ölkələr, xüsusilə katoliklər Milad günü hesab edilən 25 dekabr və ya Pasxa bayramından istifadə etməyə üstünlük verdilər və Yeni il gecəsini qeyd etməyə o qədər də əhəmiyyət vermədilər. Amma bu vərdişin xalq arasında dəyişdirilməsi asan olsa da, idarəçilər üçün çətinlik yaranırdı. Sadə insanlar 1 yanvardan ilin ilk günü kimi istifadə etməkdə davam edirdilər. İlin ilk gününün bəzi yerlərdə martın 25-i, bəzi yerlərdə dekabrın 25-i, camaat arasında isə yanvarın 1-ə təsadüf etməsi xaos yaratmışdı. Bu xaosa orta əsrlərdə bir papa son qoydu.
Yuli Sezarın Yulian təqvimində bəzi səhvlər vardı və bu səhvlər onun Günəş ili ilə uyğunlaşmasını pozurdu. Bu səhvə görə hər 128 ildən bir gün itirilirdi. Belə ki, 1582-ci ilə qədər itirilmiş günlərin sayı 10 günə çatmışdı. Bahar bərabərliyi və Pasxa ildən-ilə önə gəlirdi.
Papa XIII Qriqori Pasxa bayramını daim yenidən təşkil etməkdən çox yorulmuşdu. O, dörd ildə “bir artıq gün”dən istifadə edən və uyğunluğu qoruyan yeni təqvim hazırladı. Bu, həm də 1 yanvarı ilin ilk günü kimi yenidən bərpa etdi. Qriqorian təqvimi belə yarandı. Beləliklə, Qriqorian təqvimi ilə Miladi təqvim eyni şeydir, amma o “kiçik fərq”i artıq başa düşdünüz...
Təqvim çaşqınlığından bezən dövlətlər və xüsusilə katolik ölkələri dərhal Qriqorian təqvimini qəbul etdilər, lakin protestantlar və şərq xristianları ona bir az ehtiyatla yanaşdılar. 1917-ci il inqilabından sonra Rusiya daha müqavimət göstərmədi və Yulian təqvimindən imtina edərək, Qriqorian təqviminə keçdi. Gündəlik təcrübədə Qriqorian təqvimindən istifadə olunsa da, bu gün də Şərqi Pravoslav Kilsəsi liturgik ili müəyyən etmək üçün ya ənənəvi, ya da yenidən işlənmiş Yulian təqvimindən istifadə edir.
Hz. İsanın doğulduğu ili əlamətdar hesab etdiyi üçün Miladi təqvim olaraq da tanınan bu təqvimdə bir il 365 gün 6 saatdan ibarətdir. İlin ilk günü 1 yanvardır ki, bu da bizə Roma tanrısı Yanusu xatırladır. “Artıq gün” isə hər 4 ildən bir təqvimə əlavə olunan 29 fevraldan başqa bir şey deyil...
Pressklub.az