Elm adamlarını şoka salan hadisə: Həkim xəstədən XƏRÇƏNGƏ yoluxdu

Dünən, 08:40           
Elm adamlarını şoka salan hadisə: Həkim xəstədən XƏRÇƏNGƏ yoluxdu
Tibb ictimaiyyəti Almaniyada baş vermiş nadir bir hadisədən heyrətə düşüb. Belə ki, 53 yaşlı cərrah əməliyyat zamanı xəstəsindən nadir xərçəng növü - fibroz histiositoma ilə yoluxub. Bu, xərçəng xəstəliyinin pasiyentdən həkimə ötürülməsinin sənədləşdirilmiş ilk halıdır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu nadir hadisə barədə "New England Journal of Medicine" elmi jurnalında məqalə dərc olunub.

Bildirilir ki, almaniyalı cərrah yumşaq toxuma xərçəngi olan xəstəyə drenaj qoyulması zamanı əlini kəsib. Yaranın dərhal işlənməsi və sarğılanmasına baxmayaraq, beş ay sonra kəsik yerində bərkimə əmələ gəlib. Aparılan araşdırmalar göstərib ki, cərrahın şişi bədxassəli olub və genetik cəhətdən xəstənin xərçəngi ilə eyni olub.

Fibroz histiositoma - hər il təxminən 1 400 nəfərdə diaqnoz qoyulan nadir bədxassəli şiş növüdür. Alimlər qeyd edirlər ki, bu, nadir haldır, çünki immun sistemi adətən yad toxumaları rədd edir. Lakin cərrahda "qeyri-effektiv antişiş immun reaksiyası" inkişaf edib ki, bu da xəstənin şiş hüceyrələrinin yaşamasına imkan verib.

Əməliyyat olunan xəstə cərrahi müdaxilənin uğurlu keçməsinə baxmayaraq, ağırlaşmalar səbəbindən bir neçə ay sonra vəfat edib. Cərraha əməliyyat və antişiş terapiyası aparılıb ki, bu da xərçəngin yayılmasının qarşısını alıb.

Ekspertlər vurğulayırlar ki, xərçəngin tibb işçilərinə keçməsi halları son dərəcə nadirdir və dəqiq statistika yoxdur. Lakin məlumdur ki, bəzi xərçəng növlərində - məsələn, süd vəzi, ağciyər, qaraciyər və digər orqanların xərçəngində xərçəng hüceyrələri cərrahi müdaxilələr zamanı yayıla bilər. Buna görə də həkimlər əməliyyatlar zamanı bütün təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.