Marketlərdə ölüm saçan TƏHLÜKƏ: Dünyanın ən güclü bioloji zəhərinə yoluxa bilərsiniz...

29-03-2025, 16:24           
Marketlərdə ölüm saçan TƏHLÜKƏ: Dünyanın ən güclü bioloji zəhərinə yoluxa bilərsiniz...
“Marketlərdə, mağazalarda alış-veriş edərkən yararlılıq müddəti keçən, köhnəlmiş və ya keyfiyyətini itirmiş məhsullarla qarşılaşmaq mümkündür. Bu hal qida məhsulları üçün ciddi sağlamlıq riskləri yaradır. Ən vacib addımlardan biri məhsulun qablaşdırılmasına diqqət etməkdir. “

Bu fikirləri Konkret.Az-a açıqlamasında qida mütəxəssisi Asim Vəliyev səsləndirib.

“Qanunun tələbi kimi qida məhsullarında yararlılıq müddəti, son istifadə və ya tövsiyə olunan istehlak tarixi mütləq qeyd edilməlidir. Əgər məhsulun üzərində heç bir tarix yoxdursa, o zaman onu almamaq daha yaxşı seçim olar. Həmçinin, qablaşdırmanın zədələnmiş, cırılmış və ya açılmış olması da məhsulun keyfiyyətinin pozulduğunun göstəricisidir. Məsələn, vakum qablaşdırması açılmış və ya şişmiş konservlər botulizm kimi təhlükəli bakteriyaların əlamətidir. Məhsulun xarici görünüşü də onun təzəliyi haqqında ilkin göstərici ola bilər. Məsələn, tərəvəz və meyvələrdə solğunluq, ləkələr, yumşalma və ya xoşa gəlməz qoxu varsa, bu hal məhsulun köhnə olduğunu göstərir. Ət və balıq məhsullarında isə rəng dəyişikliyi, yapışqan səth və kəskin qoxu keyfiyyətin itirildiyinin göstəricisidir. Süd məhsullarında kif, qeyri-təbii qoxu və ya quruluş dəyişikliyi varsa, bu məhsullardan istifadə etməmək lazımdır.“

Ekspert qeyd edir ki, Qida məhsullarının qoxusu və teksturası onların təzəliyini müəyyən etmək üçün ən yaxşı göstəricilərdən biridir.

“Təzə məhsullar adətən xoş qoxuya malikdir. Lakin kəskin, turş və ya çürümüş qoxu varsa, bu hal məhsulun xarab olduğunu göstərir. Məsələn, balıq təzə olduqda dəniz qoxusu verir, amma keyfiyyətini itirəndə kəskin və çox pis bir qoxu yayır. Eyni şəkildə, ətin səthi yapışqan və ya quruyubsa, bu hal onun artıq istehlak üçün uyğun gəlmədiyini göstərir. Marketdə məhsulların saxlanma şəraitinə diqqət yetirmək də vacibdir. Məsələn, dondurulmuş məhsullar soyuducuda saxlanılmırsa və ya soyuducunun temperaturu lazımi səviyyədə deyilsə, bu məhsullar tez xarab olur. Süd məhsulları və ət kimi tez xarab olan yüksək risk qrupuna aid məhsullar da soyuq şəraitdə saxlanılmalıdır. Əgər marketdə bu məhsullar otaq temperaturunda qalıbsa, onların keyfiyyəti aşağı düşür. Bəzi kiçik mağazalar və ya marketlər məhsulların yararlılıq müddətini gizlətmək üçün etiketləri dəyişə bilər. Buna görə də etibarlı və tanınmış marketlərdən alış-veriş etmək daha təhlükəsizdir. Böyük supermarketlər adətən daha ciddi keyfiyyət nəzarəti tətbiq edir və məhsulların yararlılıq müddətini izləyir. Yararlılıq müddəti olmayan və ya keyfiyyətsiz bir məhsulla qarşılaşdığınız təqdirdə aidiyyəti üzrə AQTA-nın 1003 qaynar xəttinə müraciət etməlisiniz. Vətəndaş olaraq bu cür halları bildirməklə digər insanların da sağlamlığını qorumuş olacaqsınız”.

Aynurə İsmayıl












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.