Astronomlar uzaq planetdə həyatın mümkün izlərini aşkar ediblər
Dünən, 15:18

Yerdən kənarda həyat axtarışı alimləri bir çox maraqlı sirləri araşdırmağa vadar edib — Marsdakı metan buxarlarından, Veneradakı fosfin qazı buludlarına kimi. Lakin indiyə qədər əldə olunan məlumata əsasən, kainatda hələ də yalnız Yer sakinləri mövcuddur.
"The New York Times"ın məlumatına görə, indi isə bir qrup tədqiqatçı iddia edir ki, Günəş sistemində olmayan və Yer kürəsindən 120 işıq ili uzaqlıqda yerləşən bir ulduzun ətrafında fırlanan "K2-18b" adlı nəhəng planetdə həyatın mövcudluğuna dair indiyə qədərki ən güclü siqnal tapıblar. Bu ekzoplanetin atmosferinin təkrar analizi göstərir ki, burada Yerdə yalnız bir mənbəyə — canlıq orqanizm olan dəniz yosunlarına — aid olan bir molekulun bolluğu müşahidə olunub.
"Həyat aşkar etdiyimizi vaxtından əvvəl iddia etmək heç kimin marağında deyil", - Kembric Universitetinin astronomu və yeni tədqiqatın müəllifi Nikku Madhusudhan aprelin 15-də mətbuat konfransında bildirib. Bunla belə, o əlavə edib ki, tədqiqat qrupunun müşahidələrinə ən uyğun izah odur ki, "K2-18b" planetinin səthi həyatla dolu isti okeanla örtülüdür.
"Bu, inqilabi bir andır. Bəşəriyyət ilk dəfə olaraq yaşayış üçün əlverişli olan bir planetdə potensial biosiqnallar müşahidə edir", - o qeyd edib.
Tədqiqat aprelin 16-da "Astrophysical Journal Letters" elmi jurnalında dərc olunub. Digər alimlər bunu "K2-18b" planetində nə baş verdiyini anlamaq üçün həyəcanverici və düşündürücü ilk addım kimi qiymətləndiriblər. Lakin onlar böyük nəticələr çıxarmağa tələsmirlər.
"Bu, "heç nə" demək də deyil", — Con Hopkins Universitetinin planetoloqu Stiven Şmidt bildirib. "Bu, bir işarədir. Amma hələ ki, onun yaşayış üçün yararlı olduğu qənaətinə gələ bilmərik".
Kanadalı astronomlar "K2-18b" planetini 2017-ci ildə Çilidə yerləşən yerüstü teleskoplar vasitəsilə araşdırmalar apararkən kəşf ediblər. Bu planet Günəş sisteminin xaricində tez-tez rast gəlinən bir növ planetdir, lakin Yerə yaxın analoqu olmadığı üçün alimlər onu yaxından tədqiq edib daha çox ipucu əldə etmək imkanına malik deyildilər.
""Yadplanetlilər!" qışqırmaq hüququnu özümdə saxlayıram"
Bu planetlər "sub-Neptun"lar kimi tanınır. Onlar daxili Günəş sistemindəki qayalı planetlərdən çox böyükdür, lakin Neptun və xarici Günəş sistemində qazın üstünlük təşkil etdiyi digər planetlərdən daha kiçikdir.
2021-ci ildə Madhusudhan və onun həmkarları "sub-Neptun"un isti su okeanları ilə örtüldüyünü və hidrogen, metan və digər karbon birləşmələrini ehtiva edən atmosferlə əhatə olunduğunu irəli sürüblər. Bu qəribə planetləri təsvir etmək üçün onlar "hidrogen" və "okean" sözlərinin birləşməsindən yeni "Hikean" termini yaradıblar.
"K2-18b" planetini araşdırarkən Madhusudhan və həmkarları "Hikean" planetinin bir çox molekula malik olduğunu kəşf ediblər. 2023-cü ildə isə onlar daha bir vacib molekulun – dimetil sulfidin (kükürd, karbon və hidrogendən ibarət birləşmə) zəif izlərini müşahidə etdiklərini bildiriblər.
San-Antoniodakı Cənub-Qərb Tədqiqat İnstitutunun planetoloqu Kristofer Qleyn və onun həmkarları dərc etdikləri məqalədə bildiriblər ki, "K2-18b" əslində həyat üçün əlverişli bir okean planetindən çox qalın, yandırıcı hidrogen atmosferi və maqma okeanı olan nəhəng bir qayalıq kütlə də ola bilər.
"Bu ekzotik planetlərin təbiətini anlamağa hələ yeni başlayırıq, bunu unutmaq olmaz", - Merilend Universitetinin planetoloqu Metyu Nikson bildirib.
Alimlər qeyd edir ki, "K2-18b"də nə baş verdiyini anlamaq illər çəkə bilər, amma buna dəyər.
"Mən "yadplanetlilər!" qışqırmıram, ancaq mən həmişə "yadplanetlilər!" deyə qışqırmaq hüququnu özümdə saxlayıram", - Kornell Universitetinin ekzoplanetar alimi Nikole Lyuis deyib
Lakin Vaşinqton Universitetinin astrobioloqu Coşua Krissansen-Totton amerikalı astrobioloqların "K2-18b" üzrə son nəticələri izləyə bilməyəcəyindən narahat olduğunu bildirib.
Tramp administrasiyasının gələcək kosmik teleskop və digər astrobiologiya layihələrini ləğv edərək NASA-nın elm büdcəsini yarıya qədər azaltmağı planlaşdırdığı bildirilir. Krissansen-Totton bildirib ki, bu baş verərsə, "başqa yerdə həyat axtarışı əsasən dayanacaq".
ayna.az