“Məhkəmə araşdırmalıdır...” -Qəza törədib aradan “itən” Balaəlini hansı cəza gözləyir?

Bu gün, 16:02           
“Məhkəmə araşdırmalıdır...” -Qəza törədib aradan “itən” Balaəlini hansı cəza gözləyir?
Tanınmış meyxanaçı Balaəli Maştağalı tez-tez törətdiyi avtomobil qəzaları ilə gündəmə gəlir. Qəzalardan birində zərərçəkən şəxsin bildirdiyinə görə məsələni öz aralarında həll edəcəyini deyən Balaəli nə ustaların pulunu ödəyib, nə də zərərçəkənlə razılaşdırdığı məbləği. Nəticədə isə iş yarımçıq qalıb. Bəs belə olan halda təqsirkarı hansı cəza gözləyir?

Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Moderator.az-a açıqlamasında bildirib ki, hadisə baş verən zaman ərazini tərk etmək olmaz:

“Şəxsiyyətindən və hadisənin formatından asılı olmayaraq çox cüzi və istisna vəziyyətlərdə yol hərəkəti hadisəsi baş veribsə, hər hansısa bir formada hadisə yerini tərk etmək olmaz. Mütləq şəkildə əraziyə Yol patrul xidmətinin inspektoru və yaxud müvafiq bir əməkdaşı, o cümlədən vətəndaşın avtomobilinin sığortasını həyata keçirən hüquqi şəxs gəlməlidir. Bundan sonra hansısa ekspertiza və yol hərəkəti hadisəsinin səbəbləri, günahkar və təqsirkar şəxs bəlli olduqdan sonra nəqliyyat vasitələri aidiyyatı üzrə müvafiq məntəqələrə aparıla bilər. Qeyd olunan məsələ ilə bağlı şəxsin özü hər hansısa bir şəxsə inanıb.. Bu hadisə 20 il bundan öncə olsaydı məsələni yoluna qoymaq olardı. Çünki sığorta məsələsi indiki səviyyə qədər inkişaf etməmişdi. Amma burada səhlənkarlıq edən şəxs zərərçəkən şəxsdir. O hadisə yerini tərk etməli deyildi. Deyək ki, cəza cüzi cəzadır, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Bəli, avtomobili kənara vermək olardı ki, tıxac yaranmasın. Ərazini tərk edib, özləri razılığa gəlibsə artıq burada zərərçəkən şəxs qismində olan tərəf ödənişi almasa hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma məsələ artıq yol hərəkəti hadisəsi olduğundan, burda da sığorta, müşahidə kameraları olub. İsti-isti üstünə düşmək hara, 2 aydan sonra bu hadisəni araşdırmaq hara? Bu müzakirənin predmeti və mövzusu ola bilməz. İş-işdən artıq keçib. Ona görə də qəza baş verən an ərazini tərk etmək olmaz. Təkcə yol polisinin bildirişindən sonra ərazidən maşın götürülə bilər. Gündəmdə olan şəxslər, incəsənət adamları, ictimai xadimlər bu mövzularda nümunəvi olmalıdırlar. Onlar qanunvericiliyin tələblərinə riayət etməlidirlər ki, digər şəxslər üçün də örnək ola bilsinlər. Əgər əlimizdə olan sübutlara görə müəyyənləşsə ki, qarşı tərəf həqiqətən də zərər çəkib, avtomobilə böyük ziyan dəyib, bu halda da günahkarı hansısa sutkalıq həbs yaxud cəza gözləmir. Çünki insanlar öz aralarında anlaşıblar. Anlaşmanı sonradan pozublar. Hüquq-mühafizə orqanlarına müraciət olunsa bu məsələ məhkəmə predmetidir və onlar araşdırıb, qərarı verməlidir” deyə ekspert bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.