DİQQƏT! Azərbaycanda bahalı əməliyyatları kreditlə etdirmək mümkün olacaq?
Bu gün, 10:08

İnsan həyatı üçün risk yaradan bəzi bahalı əməliyyatlar mövcuddur. Bəzən gözlənilməz bir anda qoyulan diaqnoz səbəbilə bu əməliyyatlar təcili şəkildə edilməli olur, əks halda şəxsin yaşaması üçün risk yaranır. Buna maddi cəhətdən hazırlıqsız olan pasiyentlər isə çıxılmaz vəziyyətdə qalır.
Belə hallar zamanı əməliyyat ödənişinin kreditlə və ya hissə-hissə ödənməsi mümkün ola bilərmi? Azərbaycanda belə bir mexanizm mövcuddurmu? Ölkədə bu üsulu ehtiyac varmı?
Professor, tanınmış həkim Adil Qeybulla “Referans”-a açıqlamasında bu haqda danışıb.
“Bugün xəstələrin seçim imkanları var. İcbari tibbi sığorta sosial müdafiənin mühüm elementlərindən biridir. Hər bir pasiyent dövlət xəstəxanalarında bu imkanlardan yararlana bilir və dövlət xəstəxanalarında da yetərincə yaxşı mütəxəssislər çalışır. Bu baxımdan da bu cür bahalı əməliyyatların dövlət xəstəxanalarında pulsuz icra etmək pasiyentlərin imkanları daxilindədir. Əgər pasiyent gedir özəl xəstəxananı seçirsə, təbii ki, özəl xəstəxananın da şərtləri ilə hər cəhətdən ayaqlaşmalıdır. Amma dövlət xəstəxanalarında bu problem yoxdur”.
Professor fikirlərinə bunları da əlavə edib:
“Pasiyentlər bu gün uğurla ürək-damar xəstəlikləri, xüsusilə, ürək və iri damarlar üzərində təmamilə pulsuz əməliyyatlardan yararlana bilərlər. Neyrocərrahi əməliyyatlar, oynaq dəyişmə əməliyyatları, koklear inplantasiya və s. kimi çox bahalı əməliyyatlar bu gün pulsuz, icbari tibbi sığorta çərçivəsində mümkündür”.