Anatoli Nağıyev 1982-ci il aprelin 5-də güllələndi.
Bu gün, 10:29

1981-ci ilin yayında bütün SSRİ-də çox təhlükəli bir cinayətkarın axtarışı aparılırdı. Şəkilləri bütün milis şöbələrindəki lövhələrə vurulmuşdu. Detalları məlum olmasa da qətl törətdiyi bilinirdi. Fiziki gücü haqqında əfsanələr dolaşan həmin adam Anatoli Nağıyev idi.
Anatoli 1958-ci ildə İrkutsk vilayətində anadan olub. Atası dağıstanlı, anası rus idi. Ailə 5 il sonra Kursk vilayətinə, Sucaya köçüb.
Kiçik boylu, zəif cüssəli olduğundan yaşıdları tərəfindən bullinqə məruz qalan Anatoli idmanla məşğul olmağa başlayıb, xüsusən atletik gimnastika ilə. Tanışlıq cəhdlərini rədd edən qızlara qarşı xüsusi antipatiyası olub. 17 yaşında üç zorlama törədib və buna görə 6 il azadlıqdan məhrum edilib.
Komi vilayətində müddətinin yarısını çəkəndən sonra həbs rejimi dəyişdirilib, koloniya-məntəqəyə göndərilib və ağac tədarükü sahəsində çalışıb. Bu da ona qismən hərəkət azadlığı verib.
1979-cu ilin yanvarında tanış olub evinə getdiyi bir qadını zorlayır və öldürür. Mayın 28-də, demək olar, boş olan sərnişin vaqonunda daha bir qadını zorlayır və öldürür. Əvvəl öldürüb sonra cinsi əlaqədə olması versiyası da var.
İki qətl törədən adam 1979-cu ilin noyabrında “nümunəvi davranışına görə” vaxtından əvvəl azad edilir və Kurska qayıdır. Səyyar kinoteatrda kinomexanik işinə düzəlir, bu da ona sərbəst hərəkət imkanı yaradır.
Anatoli Nağıyev 1980-ci il iyulun 4-də “Xarkov-Moskva” qatarında iki bələdçi və iki sərnişin olmaqla dörd qadını öldürür, cəsədlərini Oryol ərazisində pəncərədən çölə atır. Üst-başı qan içində olan qatili qatarın elektriki görür, amma Nağıyev prinsip olaraq kişiləri öldürmürdü.
Ehtimal edilir ki, Anatoli Nağıyev sadalananlardan əlavə də zorlama və qətllər törədib.
Cinayətkar qatarda öldürdüyü qadınlardan götürdüyü zinət əşyalarından bir üzüyü dostuna bağışlayır. O da Kurskdakı zərgərlik emalatxanasına verərkən saxlanılır. Milis oğurlanan əşyaların təsvirini bütün zərgərlərə göndərmişdi. Dostunun verdiyi ifadə əsasında Nağıyev Dnepropetrovskda həbs olunur.
O, Oryol şəhərində təcridxanaya salınır, burada dörd nəfərin qətli ilə yanaşı 1979-cu ildə törətdiyi iki qətli də etiraf edir. Dediyinə görə, Alla Puqaçovanı da öldürmək istəyirmiş və buna görə Moskvaya səfər də edib.
Bir dəfə gətirildiyi otaqdakı pəncərədə barmaqlıqların olmadığını görən Nağıyev bütün gücünü toplayıb qandalı qoparır, yanındakı iki milisin başlarını bir-birinə vurub zərərsizləşdirir və pəncərədən atılır. Amma məlum olur ki, təcridxananın daxili həyətinə düşüb. Üstəlik, yerə düşən zaman şahmat taxtasının üstünə yıxılır, fiqurlar belinə və dalına bataraq zədələyirlər.
Anatoli Nağıyev 1981-ci il iyulun 2-də güllələnməyə məhkum edilir. Qətlin icrası üçün Novoçerkassk həbsxanasına göndərilir. Avqustun 19-da Novoçerkassk dəmiryol stansiyasında qatardan endirilərkən qonşu yoldan keçən qatarın qarşısından (altından da deyirlər) qaçır. Qarovul qatarın keçib getməsini gözləməli olur, sonra da qatili tapmırlar.
Məhz bundan sonra bütün SSRİ-də axtarışına başlanıldı. Cinayətkar 40 gün sonra, sentyabrın 29-da Rostov vilayətində Yanov xutoru ərazisində yaxalandı. Bir versiyaya görə, qaraçı qadın geyimində imiş. Lüləsi kəsilmiş tüfəngdən atəş açmağa cəhd edərkən güllələndi. 15 güllə yarası almasına baxmayaraq, ölmədi və həkimlər onu sağaltdılar.
Novoçerkask həbsxanasına salınan Nağıyev daha üç qətli etiraf etmək, qətl yerlərini göstərmək istədiyini bildirdi. Düz deyirdi, yoxsa yalan, amma hüquq-mühafizə orqanları belə fiziki gücə malik adamla istintaq eksperimenti aparmağa risk etmədilər və ərizəsinə fikir vermədilər.
Anatoli Nağıyev 1982-ci il aprelin 5-də güllələndi.
Yadigar Sadigli
TEREF