Kainatın tarixi yenidən yazıla bilər: Yeni qalaktikalar aşkar edildi

6-05-2025, 15:49           
Kainatın tarixi yenidən yazıla bilər: Yeni qalaktikalar aşkar edildi
"Ceyms Uebb" kosmik teleskopu elm dünyasını inqilabi kəşflərlə heyrətləndirməyə davam edir. Astronomlar Böyük Partlayışdan cəmi 500 milyon il sonra mövcud olmuş üç qeyri-adi qalaktika aşkar ediblər ki, bu da erkən kainatın formalaşması haqqında mövcud anlayışları şübhə altına alır.

"Nature" jurnalında dərc edilən araşdırmaya görə, standart kosmoloji modelə əsasən, 13.8 milyard il əvvəl baş vermiş Böyük Partlayışdan sonra ilk qalaktikalar tədricən formalaşmalı idi. Lakin aşkar edilən "qırmızı nəhənglər" bu nəzəriyyəyə ziddir. Bu qalaktikalar nəinki çox erkən dövrdə mövcud olublar, həm də bizim Süd Yolu qalaktikamıza yaxın - təxminən 1 trilyon Günəş kütləsi qədər kütləyə malikdirlər.

Bu qalaktikalar yüksək kosmik toz miqdarına görə xarakterik qırmızı rəngə malikdirlər. Bu fakt özü də sirli hesab olunur, çünki erkən Kainatda bu qədər tozun yaranması üçün kifayət qədər vaxt keçməli idi.

Araşdırma göstərib ki, bu qalaktikalarda qazın təxminən yarısı artıq ulduzlara çevrilib. Bu göstərici digər qalaktikaların ulduz yaratma effektivliyindən iki dəfə çoxdur.

Qeyd olunur ki, bu qalaktikalardan gələn işıq Yerə çatmaq üçün 13 milyard ildən çox məsafə qət edib. Onların gələcək taleyi isə hələlik sirr olaraq qalır. Alimlərin fikrincə, bu üç qalaktika yalnız "aysberqin görünən hissəsi" ola bilər.

"Qırmızı nəhənglər"in kəşfi astrofiziklər qarşısında yeni suallar yaradır və mövcud kosmoloji nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. "Ceyms Uebb" teleskopu öz missiyasını davam etdirir və alimlər ümid edirlər ki, növbəti müşahidələr bu kosmik sirri açmağa kömək edəcək.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru