Qadın saçları üzərində qurulan biznes: gözəllik arxasındakı həqiqət – FOTOLAR

29-10-2016, 12:40           
Qadın saçları üzərində qurulan biznes: gözəllik arxasındakı həqiqət – FOTOLAR
Naomi Londondakı gözəllik salonlarından birində üç saat çəkən prosedurdan sonra saçlarının uzunluğunu artırdı. O, saç “uzatma” əməliyyatı üçün 1200 funt-sterlinq ödəyib. Dünyanın əksər ölkələrində olduğu kimi, Londonda da qadınlar saçlarının uzunluğunu süni şəkildə artırmağa meyllidirlər. Saatlarla çəkən prosedurdan sonra saçlar “uzanır”. 37 yaşlı Naomi də belədir. Onun platin rəngli gözəl saçları var.

Britaniyada saçlarını süni şəkildə uzadan qadınların sayı son 5 ildə 70 faiz artıb. Belə qadınların arasında, təbii ki, şou-biznes məşhurları xüsusi yer tutur. Britaniya pariklər və saçların uzadılması üçün saç idxalı baxımından dünyada 3-cü yeri tutur. “Dumanlı Albion” ildə 43 milyon ton insan saçları alır. Bu isə 2 milyon insanın saçı və ya dünyanı ekvator üzrə 3200 dəfə dolamaq üçün yetərli saçdır.
Lakin britaniyalı xanımlarla yanaşı, dünyanın müxtəlif ölkələrində saçlarını süni şəkildə uzadan qadınların tam əksəriyyəti bu saçların haradan, necə və hansı yollarla əldə olunduğunu bilmirlər. Eynən Bakıdakı xanımlar kimi…
… Hindistanın cənubu, “Yadagirigutta” məbədi. Yüzlərlə yoxsul qadın başlarını daz qırxdırmaq üçün növbə gözləyir. Onların tam əksəriyyəti saçlarını heç zaman kəsdirməyib, dəbli saç düzümlərindən yararlanmayıb. Bu səbəbdən də belə qadınların saçlarına bərbərlər xüsusi dəyər verir, “bakirə saçlar” adlandırırlar. Qadınların başlarının daz qırxılması “prosesi” cəmi 5 dəqiqə çəkir.
Bu qadınlar arasında əynində çəhrayı sari olan 28 yaşlı Lavanya Kakala da var. O da başını qırxdırıb və saçlarının müqabilində heç nə almayıb. Daha doğrusu, heç nə istəməyib. Çünki Hindistandakı hinduistlərin inanclarına görə, başlarını qırxdırarkən saçlarını Vişnu Tanrısına qurban verirlər. Şəksiz ki, onlar saçlarının sonradan satılacaqlarını bilirlər.
“Başımı qırxdırdım ki, Tanrılara təşəkkürümü bildirim. Qırxılmış saçlarımın sonrakı taleyi məni əsla maraqlandırmır. Əgər pis, seyrək və ya qısa saçlı qadınlar mənim kəsilmiş saçlarımdan istifadə etmək istəyirlərsə, etsinlər. Bu, saçlarımın zibilxanaya atılmasından daha yaxşıdır”, – L.Kakala deyib.

Hindistanda qadınların məbədlərə yollanaraq saçlarını kəsdirmələri, başlarını daz qırxdırmaları adi haldır.
Məbəddə tökülən saçlar
Bu məbəddə bəzən gündə 50 min qadın başlarını daz qırxdırmaq üçün növbəyə dururlar və növbənin uzunluğu da 3 kilometrə çatır. Hinduizmdə qadınların məbəd üçün başlarını qırxdırmaları, saçlarını kəsdirmələri “tonsurinq” adlanır. Bu ayin zamanı qadının başı daz qırxılır, sonra onun başına antiseptik səndəl məti çəkilir.
Lavanyanın saçları çox keyfiyyətlidir. Hindistandakı qadınlar, xüsusilə də ölkənin cənubunda yaşayan zərif cins mənsubları saçlarını heç vaxt kimyəvi şampunlarla yumurlar. Onlar saçlarını tez-tez darayır, hamarlığı saxlamaq üçün saçlarına kokos yağı çəkirlər. Bu səbəbdən dünyanın “saç bazar”ında hindistanlı qadınların saçlarına böyuk tələbat var.
“Tirumala” məbədi isə başlarını daz qırxdıran qadınların saçlarının satışından ildə 30 milyon dollara yaxın pul əldə edir. Məbədin kahinləri həmin pulların yeni xəstəxanalar və məktəblərin inşası üçün xərcləndiyini desələr də, bu sözlərə inanmaq çətindir.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.