Yer üzünün çapığı: ABŞ-nin ən dərin dərəsinin gizli tarixi öyrənildi
4-06-2025, 16:48

Aydaho və Oreqon ştatları sərhədində yerləşən və dərinliyi 2 400 metrə çatan - ABŞ-nin ən dərin çay dərəsi olan Hells kanyonunun mənşəyi ilə bağlı yeni məlumat öyrənilib. Alimlər müəyyən ediblər ki, məşhur Qrand kanyonundan xeyli dərin olan bu möhtəşəm kanyon geoloji miqyasda nisbətən yaxın zamanlarda - təxminən 2,1-1 milyon il əvvəl əmələ gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə PNAS jurnalında dərc edilmiş son tədqiqatda məlumat verilib.
Kosmogen nüklid tarixi təyin etmə metodundan istifadə edərək tədqiqatçılar kanyon üzərindəki mağaralarda qorunub saxlanmış qədim çay çöküntülərini təhlil ediblər. Bu, təxminən 2,1 milyon il əvvəl baş vermiş Sneyk çayının axınında monumental dəyişikliyin Hells kanyonunun formalaşmasında əsas rol oynadığını müəyyən etməyə imkan verib. Həmin vaxt çay öz məcrasını dəyişərək yeni istiqamətdə axmağa başlayıb və Kolumbiya çay sisteminə qoşulub.
Alimlər kosmik şüaların təsiri ilə formalaşan radioaktiv izotoplara əsaslanaraq dərənin təxmini yaşını müəyyən ediblər. Hesablamalar göstərir ki, bu geoloji dəyişikliklər çox sürətli baş verib - yerin səthi ildən-ilə 16 dəfə daha tez aşınıb. Bu da sübut edir ki, dərələrin yaranması milyonlarla il deyil, qısa zaman ərzində baş verə bilər.
Hells kanyonu dünyanın digər kanyonları kimi, tektonik fəaliyyət və iqlim dəyişiklikləri nəticəsində yaranan qlobal dəyişikliklərin bir növ qalığı olan mühüm coğrafi obyektdir. O həmçinin su növlərinin dağlıq ərazilərdən miqrasiyası üçün təbii dəhliz rolunu oynayır.
Bu tədqiqatın nəticələri bütün dünyada kanyonların formalaşma mexanizmlərini anlamaq üçün böyük əhəmiyyət kəsb edir. Onlar su toplama zonalarındakı kəskin dəyişikliklərin landşaftın sürətli transformasiyasına və Hells kanyonu kimi möhtəşəm geoloji strukturların əmələ gəlməsinə necə səbəb ola biləcəyini əyani şəkildə nümayiş etdirir.