Yoluxanların 70 faizinin ölümü ilə nəticələnən təhlükəli virusa qarşı universal "silah" tapıldı
Dünən, 17:38

Alimlər eyni anda Yer kürəsinin ən təhlükəli iki virusunu - "Nipah" və "Hendra" viruslarını neytrallaşdıran və onların terapiyadan yayınmasına, mutasiyaya uğramasına mane olan antitel hazırlayıblar.
Bu tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Hər iki virus henipavirus ailəsinə aiddir və yüksək ölüm nisbəti ilə ağciyər və beyin iltihabına səbəb olur. "Nipah" virusu mütəmadi olaraq Cənubi Asiya ölkələrində, xüsusilə Banqladeş və Hindistanda, "Hendra" virusu isə Avstraliyada, yarasalar vasitəsilə atlardan insana keçməklə yayılır.
Bu infeksiyalara qarşı bu günə qədər təsdiqlənmiş vaksin və ya dərman mövcud deyil.
Yeni preparat "DS90" nanotelindən və məşhur "m102.4" antitelindən ibarət olan iki komponentli molekul şəklində hazırlanıb. "DS90" virusun hüceyrəyə daxil olmasına imkan verən birləşmə zülalını bloklayır, "m102.4" isə virusun hüceyrəyə yapışmasının qarşısını alır. Bu "ikilüləli" yanaşma təkcə daha güclü təsir göstərməklə kifayətlənməyib, həm də virusun ona qarşı müqavimət qazanmasının qarşısını alıb - virus təkrar cəhdlərə baxmayaraq, mutasiyaya uğrayaraq ondan yayınmağı bacarmayıb.
Heyvanlar üzərində aparılan təcrübələrdə bu preparat infeksiyadan əvvəl verildikdə tam qoruma təmin edib, infeksiyadan sonra verildikdə isə yoluxmuş heyvanların yarısını xilas edib. Üstəlik, bu müalicə "Nipah" və "Hendra" viruslarının bütün əsas ştamları və ehtimal olunan mutantlarına qarşı da təsirli olub.
Tədqiqatçılar bildirirlər ki, bu yanaşma xüsusilə təhlükəli viruslarla mübarizədə universal modelə çevrilə bilər. Nanotellər isə kompaktlığı və sabitliyi sayəsində tez istehsal, soyuducuya ehtiyac olmadan saxlanma və hətta inhalyasiya vasitəsilə tətbiq üçün əlverişlidir.