Əl-BAĞDADİNİN HƏBSİ KİMİN İŞİDİR? – ABŞ-ın «Tomaqavk» əməliyyatına cavab?

20-04-2017, 09:44           

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, İraq-Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadinin həbsinin bəzi təfərrüatları məlum olub.

Dünən ərəb KİV-nə istinadla yayılan məlumatlarda əl-Bağdadinin həbs olunduğu bildirilsə də, təfərrüatlara varılmırdı – məsələn, başlıca suala cavab verilmirdi: Əl-Bağdadini kim həbs edib, indi o, kimin əlindədir?

Ərəb KİV-nin bu gün yaydığı məlumatda bu suallara qismən cavab verilir. Bildirilir ki, Əbu Bəkr əl-Bağdadinin saxlanması Rusiya və Suriya kəşfiyyatlarının birgə işinin nəticəsidir!

Rusiya tərəfi isə hələlik bu informasiyanı şərh etməyib.

Bu da bir «tryuk»dur – ictimaiyyətin və başda ABŞ olmaqla, qərb dövlətlərinin reaksiyasının öyrənilməsinə xidmət edir. Əgər əl-Bağdadinin həbsi Rusiya kəşfiyyatının işidirsə, o zaman bu olayı ABŞ-ın Suriyaya «Tomaqavk» hücumuna Rusiyanın dolayısı ilə cavabı hesab etmək olar. Nədən ki, İŞİD liderinin Rusiyanın əlində olması ABŞ üçün ciddi şəkildə arzuolunmaz bir reallıq sayıla bilər – əl-Bağdadinin dindirilməsi bəzi qaranlıq məqamlara aydınlıq gətirə bilər. Bu məqamlar isə ABŞ-ın əleyhinə yönəlmiş güclü arqumentə çevrilər…

Xatırlayırsınızsa, ötən dövrdə ən müxtəlif səviyyələrdə belə bir fikir səslənib ki, İŞİD adlı terror qruplaşmasını məhz ABŞ dövləti yaradıb və idarə edir. Suriyaya «Tomaqavk» hücumundan sonra isə Rusiya siyasətçiləri ABŞ-ın bu addımının İŞİD terrorçularına dəstək olduğu fikrini səsləndirmişdilər. Terrorçuların başçısı isə məhz əl-Bağdadi idi.
Dindirilmə zamanı İŞİD lideri, necə deyərlər, «sandığı açar – pambığı tökər» – olmuşların hamısını etiraf edər. Şübhəsiz ki, Rusiya bu «alət»dən məharətlə yararlana və ABŞ-ı küncə qısnaya bilər…

Həm də Rusiya bu alətdən «hərrac» məqsədilə isttfadə edər və böyük «hərbi-siyasi dividentlər» qazanar. Güman ki, belə də olacaq. Əl-Bağdadinin həyatı isə bu dövlətlərin heç biri üçün önəm kəsb etmir. Bu da «hərrac»dan sonra əl-Bağdadinin gözlərini əbədi yumması üçün «əsas» ola bilər…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.