“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz”

Bu gün, 16:27           
 “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz”
Ucar rayonu, Qazıqumlaq kənd sakini Xasməmmədov Nəsimi Şomul oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, nəvəsi Xasməmmədli Mələk Pərviz qızının əlilliyə görə müavinatı qanunsuz olaraq kəsilib:

“Mən, Xasməmmədov Nəsimi Şomul oğlu, yazaraq bildirirəm ki, şəhid qardaşıyam.

Nəvəm Xasməmmədli Mələk Pərviz qızı ağır xəstəlikdən əziyyət çəkir. 1 yaşından bu uşaqda fasilələrlə qızdırma olurdu. Bakı şəhərində gəzdirmədiyimiz yer qalmayıb, uşağın dərdini tapa bilmirdilər. Yüksək qızdırma, halsızlıq, səpkilər, qarın və ürək nahiyyələrində daim ağrılar olurdu. 6 nömrəli xəstəxanada Sevil həkimin məsləhəti ilə genetik analiz verdik. Həkimin şübhələndiyi kimi, nəvəmdə “Aralıq dənizi qızdırması” xəstəliyi, yəni FMF xəstəliyi aşkarlandı.

Həmçinin, başqa yerlərdə də qan analizini verdik. Qlikoz difsitli anemiya daşıyıcılığı da aşkarlandı. Həmin vaxtdan etibarən uşaq Mərkəzi Klinik Xəstəxanada, həkim Sevda Mustafayevanın yanında müalicə alır.

2022-ci ilin sentyabr ayında nəvəm stasionar qaydada Respublika Klinik Uşaq Xəstəxanasına yatırıldı. Daha sonra “Forma 88” hazırlanıb, “VTEK”-ə göndərildi.

2022-ci il, noyabr ayının 11-də nəvəmə 3 dərəcəli əlillik təyin olundu.

2024-cü ilin sentyabr ayında nəvəm müalicə üçün yenidən Respublika Klinik Uşaq Xəstəxanasına yatırıldı. Sənədlər hazırlanıb, yenə “VTEK”ə göndərildi. Bu dəfə nazirlik imtina cavabı verdi. Nəvəmi də götürüb, Əlilliyin Bərpası Mərkəzinə getdim. Orada bildirdilər ki, sənədlər natamam doldurulub. Sənədlərini yenidən nazirliyə göndərdik. Bu dəfə də imtina verdilər.

Daha sonra isə bildirdilər ki, 2022-ci ilin qərarına əsasən, sizin uşağın xəstəliyi əlillik meyarlarına uyğun deyil. Sual verdim ki, necə olur, həmin vaxtda 2 il əllik almışıq? Həkimlər bizi hədələyərək bildirdilər ki, səsini çıxarsan, sənədləri yoxlanışa göndərəcəyik, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz. Bu sözləri mənə pediatr Könül həkim dedi.

Məsələ ilə bağlı müraciət etmədiyim yer qalmadı. Amma şikayətimə baxılmadı. Artıq 10 aydır uşağın pensiyası kəsilib. Daima müalicələrdədir. Mərkəzi Klinikaya hər gedişimizdə 500 manatdan çox xərcimiz çıxır. İldə 6 dəfə müalicə götürür. Bu uşağı müalicə etdirməkdən ötrü biz çox əziyyət çəkirik. Xahiş edirəm ki, cənab nazir Anar Əliyev bu müraciəti cavabsız qoymasın”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirdilər ki, Ucar rayon sakini, 2020-ci il təvəllüdlü Xasməmmədli Mələk Pərviz qızının əlilliyi həm elektron sistem üzərindən, həm də 23.05.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib: “Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru