Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... Yüzlərlə söküntü barədə qərar çıxarılıb

Bu gün, 15:24           
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi...
Qeyri-rəsmi məlumatlara görə, Bakıda və Bakıətrafı ərazilərdə 500 minə yaxın sənədsiz ev var. Bu evlərdə yaşayan insanlar 20 ildən çoxdur ki, sənədləşmə probleminin həllini gözləyirlər. Zaman-zaman deputatlar, məmurlar da bu problemi dilə gətirirlər. Lakin indiyə qədər problem həllini tapmayıb. Məsələ burasındadır ki, həmin torpaq sahələlərini vətəndaşlar bələdiyyələrdən rəsmi qaydada sənədlə alıblar. Müxtəlif dövlət orqanlarının nümayəndələrinin gözləri önündə orada tikinti aparılıb. Tikilən evlərdə kommunal xidmətlər – qaz, su, elektrik enerjisindən istifadə olunur və buna görə pul ödənilir. Evlərin mülkiyyətə dair çıxarışları olmasa da, onların bir çoxunda mülk sahiblərinin qeydiyyatı var.
Son dövrlərdə həmin evlərlə bağlı məhkəmələrdə çoxsaylı iddialar qaldırılaraq, onların sökülməsi tələb olunur. İddiaçılar isə müxtəlif neft şirkətləridir. Baxmayaraq ki, vaxtilə həmin torpaq sahələrini vətəndaşlara satanlar bələdiyyələr olub, neft şirkətləri iddia edir ki, sözügedən ərazilər onlara məxsusdur. Yəni hansısa neft şirkətinə icarəyə verilmiş ərazinin hüquqlarında özbaşına tikinti aparılıb. İddia olunur ki, bu tikililər ərazidə neft-qaz əməliyyatlarının həyata keçirməsinə ciddi maneə yaradır və s.

Bu cür evlərin sökülməsi tələbi ilə qaldırılmış iddialar nəhkəmələr tərəfindən təmin olunur. Belə evlər əsasən, Binəqədi, Sulutəpə, “20-ci sahə”, Biləcəri, Suraxanı və s. ərazilərdə yerləşdiyinə görə, həmin işlərə də ərazi aidiyyəti üzrə əsasən Binəqədi, Suraxanı, Səbail və s. məhkəmələrdə baxılır. Son iki il ərzində yüzlərlə söküntü barədə qərar çıxarılıb.

Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Qoşqarlı insanların uzun illər yaşadığı evin sökülməsilə bağlı verdiyi qərarı belə əsaslandırır: “Yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyat, yaşamaq, sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat, yaşamaq yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru