Əliyev Putinlə barışacaqmı? - Bir salamın kritik gözləntisi...

Bu gün, 12:36           
Əliyev Putinlə barışacaqmı? - Bir salamın kritik gözləntisi...
Azərbaycan - Rusiya əlaqələri heç vaxt belə korlanmayıb. İlk dəfədir ki, münasibətlər uzunmüddətli böhrana girib. Ötən ilin avqustunda Rusiya lideri Vladimir Putin Bakıda Prezident İlham Əliyevin şəxsən öz iqamətgahında qonaq olmuşdu. Bir il sonra avqustda isə liderlər Çində keçirilən zirvədə heç yarım dəqiqə belə söhbət etmədilər. Yəni 360 dərəcə fərq yaranıb. Yalnız Kreml lideri azərbaycanlı həmkarına yaxınlaşaraq əl uzadır, salamlaşır və sonra mətbuat konfransında Azərbaycanla münasibətlərdə problemlərin olduğunu etiraf edir. Lakin bundan sonra da tərəflər arasında irəliləyiş olmadı. Əksinə, hər iki tərəfdən ritorika getdikcə kəskinləşir, ittihamlar yağdırılır. Çünki Rusiyanın anti-Azərbaycan hərəkətləri, əleyhimizə çıxışlar səngimək bilmir.
Anxeber.Az yazır ki, heç vaxt Əliyevlə Putinin arasında bu qədər soyuqluq olmayıb. Ümumiyyətlə, elə bir sammit yoxdur ki, liderlər görüşməsinlər. Üstəgəl, Qarabağdan rus hərbi kontingentinin getməsi də məhz prezidentlər səviyyəsində olan inamın nəticəsi kimi qiymətləndirilirdi. Bəs nə baş verdi ki, bu etimad pozuldu, aramızda gərginlik yarandı?
Əlbəttə ki, ilk növbədə səbəb təyyarənin vurulmasıdır. Üstəgəl, dövlət başçısı MDB sammitinə gedən gün bu hadisə baş verir. İndiyə qədər də Rusiya yekəxanalığı davam etdirir. Əgər vaxtında addım atılsaydı, münasibətlərdə böhran yaranmazdı. Ardınca Rusiya dayanmadı - işgəncə ilə qətllər, həbslər, kiberhücumlar, hibrid müharibə, Bakını bombalamaq çağırışları, Azərbaycandan verilən cavablar, rusların həbs edilməsi və s.

Ən paradoksal vəziyyət isə bu qədər gərginliyin içində Rusiyanın idxal siyahımızda üçüncü yerə yüksəlməsidir. Deməli, iqtisadi sahədə fikir ayrılığı, axsama yoxdur. Bu gün Əliyevlə Putinin, Bakı ilə Moskvanın arasında siyasi problem mövcuddur. Bu da Vaşinqton zirvəsi ilə daha da pisləşdi. Rusiya özünü bölgədən qovulmuş kimi hiss etdi. Yəni hərbçisini Qarabağdan çıxaran, Zəngəzura nəzarəti hədəfləyən Rusiya hamısından məhrum olur. Və Azərbaycanla Ermənistan liderləri Rusiyanı ofsayd vəziyyətinə salaraq, okeanın o tayında barışığa imza atırlar. Rusiya təbii ki, mat vəziyyətindədir. Ona görə strateji məğlubiyyəti həzm edə bilməyən Putin iqtidarı indi nə bölgəyə qayıda bilir, nə də əvvəlki təzyiq üsulları ilə bata. Çünki regionda güc balansı dəyişib. İndi Çin, Türkiyə, Avropa Birliyi, ABŞ, İsrail, Britaniya, hətta Pakistan Cənubi Qafqazda aktyorlardır. Belə bir siyasi reallıqda Rusiya hadisələri öz xeyrinə necə dəyişə bilər? Artıq Əliyev və Paşinyan Putini saymırlar, onun danışıqlar masasına getmirlər. Buna pat vəziyyəti də demək mümkündür. Bundan sonra Əliyevlə Paşinyanın Moskvada Putinin dəvəti ilə üçtərəfli danışıqlarını təsəvvür etmək çətindir. Bu, bəlkə xeyli vaxt sonra regional əməkdaşlıq müstəvisində ola bilər, amma diktəedici status mümkün deyil. Ona görə də Rusiyadan qopma baş verdi. Bakı və İrəvan eyni paraleldə Moskvanın orbitindən uzaqlaşır. Bəs bundan sonra Azərbaycan və Rusiya liderləri necə, nə zaman bir araya gələcəklər - çətin sualdır...

Anxeber.Az

Azər Talıbov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru