Dərman həblərinin qəbulu zamanı yol verilən səhvlər - ARAŞDIRMA
20-04-2017, 11:14
İnsanın sağlamlığı onun öz əlindədir. Bəzən səhhətimizdə yaranan problemlərə görə həkimlərin yazdığı dərman vasitələrini qəbul etməyə məcbur oluruq. Əksər insanlar isə dərmanları “necə gəldi” qəbul edir. Nəticədə dərmanlar lazımi effekti vermir. Müxtəlif şirələr, qazlı içkilər, çay, hətta mayesiz belə dərman qəbul etməyə vərdiş edənlər var. Əslində, bu cür dərman qəbulu müəyyən müddət ağrını kəssə də, müxtəlif fəsadlar törədə bilər. Ona görə də ən azı hansı dərmanı qəbul etməyin zəruriliyini bilməklə yanaşı, ondan necə istifadənin qaydasını öyrənmək vacibdir. Həkimlərin müşahidələrinə görə, xəstələrin yalnız təxminən 20%-i onlara təyin olunan dərmanları düzgün qəbul edir.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının Pulmonologiya, allerqologiya, nefrologiya şöbəsinin müdiri, həkim-terapevt, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva “Report”a bildirib ki, qida qəbulu ilə dərman maddələrinin qarşılıqlı təsirinə görə həblər ya yeməkdən əvvəl, ya sonra, yaxud da yemək zamanı qəbul olunur: “Çünki mədənin turşuluğu, qida komponentləri və s. dərman vasitəsinin tərkib xüsusiyyəti ilə qarşılıqlı kimyəvi əlaqəyə girərək onun farmakoloji xüsusiyyətini dəyişə bilər. Bu da dərman vasitəsinin mexanizminə müəyyən təsirini göstərmiş olacaq, məsələ təkcə mədə şirəsində deyil, həmçinin preparatın bağırsağa keçməsi, sorulmasının pozulmasındandır”.
Onun sözlərinə görə, bəzi antibiotik qrupuna daxil olan preparatlar, antiaritmiklər yeməkdən əvvəl qəbul edilir: “Həmin dərmanlar yeməkdən 15 dəqiqə, ya da 30-40 dəqiqə əvvəl qəbul olunur. Xora əleyhinə dərmanlar və ödqovucular da yeməkdən əvvəl içilməlidir. Bitki tərkibli dərman preparatları onların yaxşı sovurulmasının təmin edilməsi üçün mütləq acqarına qəbul olunmalıdırlar. Yemək zamanı isə daha çox həzmi yaxşılaşdıran preparatlar - mədə şirəsi, həzm fermentləri qəbul edilir. Mədənin seliklli qişasını qıcıqlandıran preparatlar, sidikqovucular, ürək qlikozidləri, öd komponentli maddələr, iltihabəleyhinə qeyri-steroid və steroid maddələr isə yeməkdən sonra içilməlidir. Bəzi turşuluq əleyhinə dərmanlar qida qəbulundan sonra mədə boşalmasına baxmayaraq, yeməkdən 1-2 saat sonra içilməlidir, Bu, ifrazı davam edən HCl-un mədəyə qıcıqlandırıcı təsirinin qarşısının alınması üçün nəzərdə tutulub".
Həkim-terapevt deyib ki, qidadan asılı olmayaraq bronx genişləndirici, beyin-qan dövranını yaxşılaşdıran dərmanlar qəbul edilir: "Təzyiqsalıcı dərmanlara gəlincə, gün ərzində yeməkdən əvvəl ya sonra, səhər və ya axşam qəbul edilə bilər. Dil altına işlədilən preparatlar üçün vaxt anlamı yoxdur. Ancaq kombinəolunmuş preparatlar qəbul zamanı onları bölmək olmaz. Bəzi dərmanların da üzəri qoruyucu təbəqə ilə örtülüdür, onu bölən zaman həm tamlığı pozulur, həm də təsir xüsusiyyəti itir, tərkibi dəyişir”.
Şöbə müdiri qeyd edib ki, dərman vasitələrini otaq temperaturunda olan qaynadılmış yarım və ya bir stəkan su ilə içmək məsləhətdir: "Xəstələr bəzən çay, kofe, meyvə şirələri və qazlı su ilə dərman içirlər. Bu isə qəti şəkildə olmaz. Çünki çayın tərkibində olan aktiv maddə - tannin bəzi dərman vasitələrinin sovrulma sürətinə təsir edir. Kofe özü tonuslandırıcı və güclü sidikqovucu təsir göstərir. Əgər dərman kofe ilə içilirsə, həm preparat orqanizmdən tez xaric olacaq, həm də təsiri güclənəcək. Ağrıkəsiciləri kofe ilə içdikdə onun təsiri güclənə bilər. Bəzi hallarda südlə dərman qəbul edildiyi təqdirdə mədəyə olan qıcıqlandırıcı təsirlərin aradan qaldırıldığı deyilir. Lakin tetrasiklin qrupu antibiotikləri və ürək qlikozidlərini qəti südlə içmək olmaz. Süd dəmirin dəmir preparatlarının tərkibindən çıxmasına mane olur. Bəzi xaricdən qoruyucu turş xüsusiyyətli örtüklə əhatələnmiş dərmanlar südlə reaksiyaya girdikdə tərkibi tamamilə dəyişir. Ümumiyyətlə, spirtli içkilərlə dərman qəbulu yolverilməzdir. Tədqiqatlar dərman vasitələrinin alkoqolla birlikdə daha tez həll olunduğunu göstərir. Xüsusilə antidepressantlar, analgetiklər və qızdırmasalıcılarla qəbul zamanı buna ciddi fikir verilməlidir. Əgər dərman vastiəsi qazlı su ilə içilsə, bu, mədədə artıq miqdarda qaz əmələ gətirdiyinə görə ürəkbulanma, köp, meteorizm kimi pozğunluqlar yarada bilər. Kisel mədə xoralarında, qastritlərdə bürüyücü xüsusiyyət daşıyır. Dərman vasitələrinin qıcıqlandırıcı təsirini azaltmaqla yanaşı, müalicəvi təsirinin də azalması yaddan çıxmamalıdır. Meyvə şirəsi də dərmanın farmakoloji xüsusiyyətini dəyişə biləcəyindən məsləhət görülmür. Qreyfrut şirəsinin ABŞ-da bütün dərman vasitələri ilə qarşılıqlı təsiri öyrənilib və onların təsir xüsusiyyətini dəyişməsi müəyyənləşdirilib. Qreyfrut həm dərman vasitəsinin təsirini, həm də əlavə təsirlərini artırdığından onunla həblərin içilməsi məsləhət görülmür. Qidaya bioloji aktiv əlavələr (vitaminlər, mikroelementlər, probiotiklər və s.) müxtəlif şirələrlə (qreyfrutdan başqa) içilə bilər. Bəzi həblər suda həll olunmaqla suspenziya formasında qəbul edilir. Bu innovasion dərman formaları həbləri qəbul edə bilməyən şəxslər üçündür. Uşaqlara dərman verərkən əzib yeməyinə qatırlar. Bunu da həkimlə məsləhətləşmək lazımdır ki, belə olan halda dərmanın tərkibi dəyişməyəcək. Yaxud da uşaqlara südün içərisinə dərmanı əzib əmziklə vermək də məsləhət görülmür. Ən yaxşısı dərmanı suya qatıb vermək lazımdır. Sadəcə, yaşa uyğun olaraq doza seçimi təyin edilir. Eyni zamanda, bir neçə dərman qəbulu zamanı onlar arasında da mütləq şəkildə minimum 20 dəqiqə, maksimum 30 dəqiqə interval olmalıdır. Dərman qəbulu zamanı bütün deyilənlərə mütləq qaydada riayət edilməli və dərmanın içlik vərəqəsində onun istifadə qaydası qeyd olunmayıbsa, dərman vasitəsi qida qəbulundan əvvəl içilməlidir”.
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Report”a vurğulayıb ki, dərman həbləri insan orqanizminə əks təsir də göstərə bilər: "Məsələn, orqanizmdən asılı olaraq dərmanlar müxtəlif allergik reaksiya da verir. Bu ilin yanvarın 1-dən bu günə kimi dərmanın əlavə təsiri nəticəsində allergik reaksiyadan 55 nəfər zərər çəkib. Onlardan 17-si xəstəxanaya yerləşdirilib. Buna səbəb bədənin müqavimətinin zəifləməsi və həssas olmasıdır. Dərmandan zəhərlənmə hallarının hamısı Bakı şəhərində olub. Bütün dərman zəhərlənmələri həkim təyinatı ilə yazılan preparatlar olub. Ancaq təbii ki, hər bir dərmanın əlavə təsiri olur. Şöbəyə müraciətlərin 50 faizi iynədən sonra yaranan allergik reaksiyalar olub. Yerdə qalanları isə dərman həbləri atandan sonra yaranan problemlərdir. Əsas vitamin tərkibli qarışıq dərmanlarda allergik reaksiyalar özünü büruzə verir. Keyfiyyətli dərmanlar olsa da, orqanizmdən asılı olaraq fərqli reaksiya verilir”.