Xocalı aeroportu ətrafında məsələ böyüyür - XİN düşmənə xəbərdarlıq etdi

26-05-2017, 10:04           
Xocalı aeroportu ətrafında məsələ böyüyür - XİN düşmənə xəbərdarlıq etdi
Azərbaycan beynəlxalq təşkilatlara da çağırış etdi; hərbi ekspert: “Oradan qalxan istənilən təyyarə və ya vertolyot məhv edilməlidir...”


Erməni separatçılarının Dağlıq Qarabağın “paytaxtı”nı Şuşaya köçürməklə bağlı həyasız davranışlarının ardınca Xocalı aeroportunun işə salınmasına hazırlıqlara başlaması Azərbaycanda narahatlığa və etirazlara səbəb olub. Heç kəsdə şübhə yoxdur ki, işğalçılar Azərbaycan üçün çox müqəddəs ünvan olan bu məkandan özlərinin hərbi məqsədləri üçün istifadə etmək, işğal zonasındakı qoşunları döyüş sursatı və yeni silahlarla təchiz etməyə çalışırlar.


İctimai təşkilatların və hərbi ekspertlərin Xocalı aeroportunu bombardman etməklə bağlı çağırışlarının ardınca rəsmi Bakı da məsələyə reaksiya verib. “Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır. Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir”. Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-in sorğularına cavab olaraq bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycanın işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir: “Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub”. H.Hacıyev bildirib: “Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir. Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycan Respublikasının Aviasiya haqqında Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır”.



Diplomat daha sonra deyib: “Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırırıq. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan edilməsi, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq demoqrafiq vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı (anneksiya) məqsədi daşıyır. Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcəkdir”.


Hərbi ekspert Üzeyir Cəfərov xatırlatdı ki, gələn ay ATƏT-in bivec, daha çox Ermənistanın maraqlarına xidmət edən Minsk Qrupu regiona növbəti səfərini həyata keçirməyi planlaşdırır: “Əslində bu da yüzlərlə mənasız, nəticəsiz görüşlərdən biri olacaq. Heç nə dəyişməyəcək, sadəcə, bu hiyləgər üçlük və onların yanında qocalan polşalı diplomat Anjey Kasprşik yenə öz hesabatlarını hansısa ”irəliləyiş", “ümid”lə dolduracaqlar və guya hansısa “iş gördükləri” görüntüsü yaradacaqlar. Əslində isə onlar öz son bəyanatları ilə kimə və nəyə xidmət etdiklərini bir daha təsdiqlədilər. Şəxsən mənim mövqeyim bundan ibarətdir ki, Azərbaycan nəhayət ki, öz sərt sözünü və üzünü göstərməlidir. Nə qədər belə vaxt itkisinə hesablanmış görüşlər keçiriləcək? İndi də bu görüşə bir az “rəng qatmaq” üçün Ermənistan tərəfi, görünür, havadarlarından siqnal alıb. Onlar cəbhədə ard-arda neçənci dəfədir ki ciddi təxribatlar törədirlər. İndi isə Azərbaycanın səbrini daşırmaq, bizi açıq şəkildə onlara cavab verməyə sövq edən addıma əl atmağa başlayıblar".


Hərbi ekspert Azərbaycan ordusunun düşmənin bu təxribatının qarşısını almaq üçün hər cür imkanlara malik olduğunu düşünür və hesab edir ki, hansısa qüvvə bununla bağlı bizə irad tuta bilməz: “Düşmən Xocalı aeroportundan istifadə edərək guya hansısa turistləri Şuşa şəhərinə və geriyə səyahət adı ilə aparıb gətirməyi planlaşdırır. Həm Beynəlxalq Aviasiya Təşkilatı, həm Azərbaycan tərəfi ötən illərdə dəfələrlə bunlara xəbərdarlıq edib ki, avantüradan imtina etsinlər. Ancaq erməni tərəfi öz inadından dönmək istəmir. Ona görə ki, onlar ATƏT-in Minsk Qrupuna vəfa borcu olan bir məsələnin reallaşdırılmasına ötən ildən söz veriblər. Onlar çalışırlar ki cəbhədə növbəti qanlı toqquşma baş versin və iki ölkənin dövlət başçıları bir araya gətirilsin və yenə hansısa mənasız müzakirələr və axmaq ideyalar ortalığa atılsın, bir müddət də bu ”qlobal ideyalar" müzakirə edilsin. Çünki işğalçı Ermənistana həmin bivec beynəlxalq qurumlar bir kəlmə də olsun təpki göstərmirlər ki, onlar BMT TŞ-nin qətnamələrinə əsasən qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxsınlar. Belə davam edəcəksə, hələ uzun illər biz ancaq boş və mənasız görüşlər, ermənilərin daha həyasız təxribatlarının şahidi olacağıq. Ona görə də hesab edirəm ki, Xocalı aeroportundan qalxan istənilən təyyarə və ya vertolyot məhv edilməlidir. Qoy Ermənistan tərəfi başa düşsün ki, bizim də səbrimizin bir həddi var. Mən o fikri də qətiyyən bölüşmürəm ki, bu təyyarələr mülki təyyarələrdir, buna beynəlxalq aləmdə nə deyərlər? Belələrinə demək istəyirəm ki, xahiş edirəm, bu “humanistliyinizi” özünüzə saxlayın! Bu gün “mülki təyyarə” adı ilə uçuşlara başlayacaq ermənilər sabah rahat oradan hərbi məqsədləri üçün də istifadə edəcək, buna heç kimin şübhəsi olmasın".


Bu arada ermənilər xəbər yayıb ki, Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıb. İstiPress-in məlumatına görə, bu barədə “Yell Extreme Park”ın rəhbəri Tiqran Çibuxçyan bildirib. Onun sözlərinə görə, ilk uçuşlar keçən həftədən Xankəndi və Şuşa arasında təşkil edilir. 20-25 dəqiqə çəkən uçuşlar üçün şirkət 35 min dram, yəni 72,4 dollar tələb edir. Tiqran Çibuxçyan layihəyə 35 min dollar vəsait yatırıldığını bildirir. Onun fikrincə, sərmayələr artacaq.


Ü.Cəfərov isə iddiaların saxta olduğunu dedi: “Şuşada hansısa aeroportun açılması xəbəri sırf dezinformasiyadır. Bunu həm orada olanlar və demək olar ki, Şuşaya sonuncu səfərə gedən azərbaycanlılardan biri kimi deyirəm. Orada heç bir aeroport-filan yoxdur. Bu ermənilərin siçandan fil düzəltməyi kimi bir şeydir. Bu xəstələrin gah onlarda nüvə, gah da atom silahı ilə bağlı sayıqlamalarını yadınıza salın. Özlərinin də nümayiş etdirdikləri şəkildə görünür ki, bu balaca təyyarə istənilən düzəngah yerdən uça bilir və hətta asfalt yolda da ondan istifadə etmək olur. İndi bunlar bir tozanaq qaldırıblar ki, guya hansısa aeroport açıblar. Elə bir şey yoxdur. Əlbəttə ki, elə bir addım atılacaqsa, biz bunun qarşısını almalıyıq və hədəfi məhv etməliyik. Özü də düşünmədən və sərt formada”.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.