Məşhur klinikanın direktor müavinin ölümü ilə bağlı yeni QALMAQAL - "Radarlarda saxlanılan bütün məlumat silinib"
30-06-2017, 19:46
2015-ci il martın 11-i gecə saat 00:46 radələrində Yasamal rayonu Mikayıl Müşviq küçəsində ağır yol qəzası baş vermişdi.
Almaniyanın “Karl Storz” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi, Nəsrəddin Tusi adına klinikanın direktor müavini, ictimai fəallığı ilə seçilən həkim Xalid Umudov həmin qəza zamanı həyatını itirmişdi.
Umudovun olduğu avtomobil Badamdar şossesindən Mikayıl Müşfiq küçəsinə doğru hərəkətdə olarkən idarəetmədən çıxaraq işıq dirəyinə çırpılmışdı. Qəza zamanı arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış, onu xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilmişdi.
Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxararaq xəstəxanaya aparıblar. Lakin tanınmış həkimi xilas etmək mümkün olmamışdı. Sürücü Muxtar Mehdiyev və digər sərnişin İmtiyaz Babayev isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.
Faciəli hadisənin üzərindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, Xalid Umudovun yol qəzasındakı ölümü ilə bağlı cinayət işi “ölü nöqtə”dən tərpənməyib. Əksinə, prokurorluq cinayət işi ilə bağlı araşdırmaya xitam vermişdi.
Modern.az açıqlama verən zərərçəkmiş Ofeliya Umudovanın (mərhum Xalid Umudovun həyat yoldaşı) istintaqın 2 illik fəaliyyətindən narazılıq edib. Onun sözlərinə görə, qəza ilə bağlı ekspertiza rəyi obyektiv deyil və iş üzrə materialların böyük hissəsi qanunsuz müdaxilə nəticəsində silinib.
“Radarlarda saxlanılan bütün məlumat silinib. Çünki kim isə radarlardakı informasiyanın yox edilməsində maraqlı olub. Sonuncu dəfə apeylasiya məhkəməsində cinayət işinə xitam verilməsi ilə bağlı qərarı ləğv edib və işi yenidən istintaqa göndərib. Amma hər yeni istintaq ekspertizanın saxtalaşdırılmış nəticələri ilə üzləşir. Çünki hətta sürücü olmayan şəxsə belə aydındır ki, 60 kilometr saat sürətlə gedən avtomobil bu dərəcədə bərbad hala düşə bilməz. Avtomobilin sürücüsü isə nəinki heç bir məsuliyyət daşımadı, heç sürücülük hüququndan da məhrum edilməyib”.
Ofeliya Umudova həyat yoldaşının ölümü ilə bağlı dəfələrlə müxtəlif instansiyalara müraciət etdiyini və sona qədər mübarizə aparacağını dilə gətirib.
"Apelyasiya məhkəməsindən sonra Baş Prokurorun müavininin qəbulunda olduq. Hətta “Heydər Əliyev Fond”un kollektivi işin diqqətlə araşdırılması üçün Baş Prokurorluğa müraciət də ünvanlamışdılar. Amma dediyim kimi ekspertiza aparmaq üçün lazım olan materiallar yoxdur. Onlar radarlardan silinib. Bu normaldırmı? Haqqin.az saytında bu hadisə ilə bağlı rezonans doğuran məqalə dərc olunmuşdu. Hadisədən keçən 6 ay ərzində ittiham olunan tərəf özlərini müdafiə etmək üçün bəhanə tapdılar. Guya avtomobil hərəkətdə olan zaman Xalid sürücünü istələyib və idarəetməni itirən avtomobil dirəyə çırpılıb. Amma Xalidi tanıyan hər kəs təsdiqləyə bilər ki, o çox sakit insandır və heç zaman sürücüyə qarşı bu cür hərəkət etməzdi. Onlar bu bəhanəni bir az gecə fikirləşmişdilər. Yalnız Azərbaycanda sərnişin yol qəzasını törədən şəxs kimi qələmə verilə bilər. Həmin məqalədən sonra Daxili İşlər Nazirliyindən yeni araşdırma başlanılsa da, irəliləyiş əldə olunmayıb. Mən sona qədər mübarizəmi davam etdirəcəm”.
Zərərçəkmiş tərəfin vəkili Rəşad Mirmehdizadə isə cinayət işinə 2-ci dəfə xitam verildiyini və hər hansı yeniliyin olmadığını deyib.
“Ekspertiza rəyi Muxtar Mehdiyevin günahının olmadığını göstərib. Amma bu rəyi düzüb-qoşublar” –deyə vəkil öz narazılığını bildirib.