Yegişe Karapetyan necə “Əbu Məhəmməd əl-Ərməni” oldu?
18-11-2017, 11:13
Türkiyədə bizim üçün münbit şərait yaradılıb – Ruben Melkonyan
…ermənistanlı şərqşünas Ruben Melkonyan bu gün yaranmış “münbit şəraiti” ötən əsrin 50-ci illərində Türkiyədə “islamlaşdırılmış ermənilərin öz dini və etnik köklərinə qayıdışı üçün əlverişli olan demokratik vəziyyətlə” eyniləşdirərək qeyd edir: “Türkiyədə 2000-ci ildən etibarən 5000 nəfərədək müsəlman erməni xristianlığı qəbul etmişdir. Bu, təqribi rəqəmdir. Çünki xeyli insan xristian dininə qayıdışını hələ də gözləməkdədir. Yeganə problem siyasi cəhətdən yetkin olan İstanbul ermənilərinin islamlaşdırılmış soydaşlarına soyuq münasibətindədir. Nəticədə, onlar mədəni səviyyələrinə görə də İstanbul ermənilərindən geri qalırlar”.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.
Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.
Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:
(Əvvəli burada)
Digər tərəfdən, Suriyadakı bütün xristian erməni hərbi dəstələri Türkiyə silahlı qüvvələrinə qarşı döyüş əməliyyatlarına da fəal cəlb olunub və vahid mərkəzdən idarə edilirlər. Onların demək olar ki hər biri terrorçu ASALA təşkilatının – “Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusunun” (Armenian Secret Army for the Liberation of Armenia, ASALA) bir qanadı olan “Hayasala” qruplaşmasının üzvləridir. Bu muzdlular arasında türk düşmənçiliyi o həddə çatmışdır ki, hətta İŞİD döyüşçülərini də “osmanlıların terrorçuları” adlandırırlar. Bəzi hallarda isə şiə qruplaşmalarının tərkibində də xristian ermənilərə rast gəlinir. Məsələn, “Hayasala” təəssübkeşi, ABŞ vətəndaşı olan Nerses Gilacyanın Hələb şəhəri uğrunda aparılan son döyüşlərdə öldürülməsi siyasi qalmaqala səbəb olmuşdur. Federal Təhlükəsizlik Xidmətinin araşdırmalarına əsasən, N.Gilacyan 2012-ci ildə Los-Ancelesdən Suriyaya gəlmiş, bir müddət hökumət qoşunlarının – 106-cı briqadanın tərkibində döyüşmüş, sonralar isə buradan “Hizbullah” təşkilatının formalaşdırdığı şiə polisi dəstələrinə transfer edilmişdir.
Suriya ermənilərinin Bəşər Əsəd üçün canlarından keçməyə hazır olmaları barədə Ermənistan və Rusiya təbliğatının yaydıqları təbliğat mifinə baxmayaraq, hazırda əks tendensiya müşahidə edilməkdədir. İndi Suriyanın ərazi bütövlüyü, mövcud rejimin qorunması uğrunda vuruşmaqdansa, ölkə ərazisində yaradılması ehtimal edilən oyuncaq dövlətlərdən pay qopartmaq, burada erməni amilini gücləndirmək, paralel olaraq həm Rusiyanın, həm İranın, həm də ABŞ-ın qanadı altına girmək həm onlar, həm də rəsmi İrəvan üçün daha cəlbedici görünməkdədir. Silahlı erməni gəncləri içərisində müxalifətin Suriya Demokratik Qüvvələr Alyansına qoşulanların sayı durmadan artmaqdadır. Döyüş bölgələrindən alınan məlumata görə, onların arasında vaxtilə Qarabağda və Abxaziyada döyüş təcrübəsi keçmiş ermənilər də vardır.
Lakin Suriyada ermənilərin hərbi-siyasi fəaliyyətinin üçüncü qanadı da vardır və Ermənistan açıq şəkildə olmasa da, qondarma “İslam dövləti” ilə gizli əməkdaşlıq qurmaqdadır. Məlum olduğu kimi, İŞİD silahlı birləşmələrində müsəlman ermənilər, daha dəqiq desək, “müsəlman kimi təqdim olunan” ermənilər də az deyil. Rusiyadan “xəbərsiz” İŞİD-in tərkibində “hamıya qarşı” vuruşan “mömin ermənilərin” ölüm xəbərləri mətbuatda yayılmaqdadır. Məsələn, 2013-cü ildə Suriyada məhv edilmiş İŞİD qruplaşması üzvləri arasında erməni əsilli Yegişe Karapetyan da vardı. Məlum olmuşdur ki, Ermənistan vətəndaşı olan Yegişe İrəvanda doğulmuş, sonra Misirə gəlmiş, burada islamı qəbul etmiş, “Abdullah” adını götürmüş və həcc ziyarətinə getmişdi. Abdullah Misirdə evlənmiş və beş uşaq sahibi olmuşdu. İŞİD qruplaşmasında isə “Əbu Məhəmməd əl-Ərməni” ləqəbi ilə tanınmışdı.
2013-cü il aprel ayının 15-də ABŞ-ın Boston şəhərində keçirilmiş marafon yarışı zamanı partlayış törətməkdə ittiham olunan çeçen əsilli Covhar və Tamerlan Sarnayev qardaşlarının istintaqı zamanı onların “Mişa” ləqəbli imam vasitəsilə radikal dini cərəyanların təsiri altına düşməsi müəyyən edilmişdir. Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində “imam Mişanın” ABŞ vətəndaşı, erməni əsilli Mixail Allahverdiyev olduğu müəyyən edilmişdir. Lakin ABŞ-ın erməni diasporu “imam Mişanın” müdafiəsinə qalxmış, ona böhtan atıldığını, guya dünyəvi həyat tərzi sürməsini və sələfilərlə heç bir əlaqəsi olmadığını bəyan etmişdir. Erməni mənşəli hakim Mark Gerakos (Gerakosyan) isə daha irəliyə gedərək, “islamı qəbul etməyin erməni üçün ağır təhqir olduğunu” bildirmiş, Mixail Allahverdiyev barəsində yayılan xəbərlərin böhtan və spekulyasiya xarakteri daşıdığını vurğulamışdır. Başqa bir fakt, bir müddət əvvəl Özbəkistan Respublikasının Dizak rayon məhkəməsində qondarma “İslam dövləti” ilə əlaqədə olan, ölkədə qeyri-qanuni silahlı qruplaşmalar yaratmaqda, dini ekstremizmi yaymaqla ittiham edilən terrorçu dəstənin başçısı Aramis Avakyanın işinə baxılmışdır.
Beləliklə, son illərdə Türkiyədə, Orta və Yaxın Şərq regionunda cərəyan edən geosiyasi proseslər burada etnik və dini identifikasiya ilə əlaqəli problemləri siyasiləşdirərək yeni mərhələyə qaldırmışdır. Nəticədə, Ermənistan tərəfi də həmin prosesləri Türkiyəyə qarşı yönəltmək üçün xüsusi canfəşanlıq göstərməkdədir. Təsadüfi deyildir ki, Ermənistan prezidenti Serj Sərkisyan çıxışlarının birində bu istiqamətdə işin effektivliyinin artırılmasının, müsəlman ermənilər arasında etnik özünüdərkin formalaşdırılmasının “erməni məsələsi”nin həllində əhəmiyyəti haqqında demişdir: “Erməninin hansı dinin daşıyıcısı olmasının, hansı dildə danışmasının fərqi yoxdur. O, ilk növbədə dərk etməlidir ki, ermənidir”. Məlumdur ki, Ermənistanın xarici siyasətinin vektorlarından biri də dini müxtəliflikdən asılı olmayaraq, islam dünyasındakı, xüsusilə Türkiyədəki müsəlman ermənilərin təşkilatlanması, onların potensiallarının rəsmi İrəvanın regional maraqlarına yönəldilməsidir. Ermənistanlı şərqşünas Ruben Melkonyan bu gün yaranmış “münbit şəraiti” ötən əsrin 50-ci illərində Türkiyədə “islamlaşdırılmış ermənilərin öz dini və etnik köklərinə qayıdışı üçün əlverişli olan demokratik vəziyyətlə” eyniləşdirərək qeyd edir: “Türkiyədə 2000-ci ildən etibarən 5000 nəfərədək müsəlman erməni xristianlığı qəbul etmişdir. Bu, təqribi rəqəmdir. Çünki xeyli insan xristian dininə qayıdışını hələ də gözləməkdədir. Yeganə problem siyasi cəhətdən yetkin olan İstanbul ermənilərinin islamlaşdırılmış soydaşlarına soyuq münasibətindədir. Nəticədə, onlar mədəni səviyyələrinə görə də İstanbul ermənilərindən geri qalırlar”.
Təhlillərə əsasən, Ermənistan və onun tərəfdaşlarının müsəlman ermənilər amilinin fəallaşdırılmasında məqsədləri aşağıdakılardır:
● Türkiyədə “zorən islamlaşdırılmış ermənilərin problemini” beynəlxalq müzakirə arenasına çıxarmaq, onların vasitəsilə qondarma “erməni soyqırımı” mifini “müsəlman ermənilərin diskriminasiyası” elementi ilə zənginləşdirmək. Qondarma “erməni soyqırımı”nın Türkiyədə rəsmi tanıdılması və bundan irəli gələn tələblərin ödənilməsi üçün rəsmi Ankaraya yeni təsir imkanları əldə etmək;
● “müsəlman ermənilər” amili ilə islam dövlətlərini və beynəlxalq islam təşkilatlarını həm bu prosesə, həm də Ermənistan Respublikası ilə siyasi-iqtisadi əməkdaşlığa cəlb etmək;
● Türkiyənin “antidemokratik və teokratik dövlət” imicini formalaşdırmaq, burada məzhəb fərqini etnik-dini ədavət həddinə çatdırmaq, yeni etnosiyasi münaqişə ocaqları yaratmaqla ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirmək;
● müsəlman ermənilər arasında aparılan təbliğat və təşkilatlandırma fəaliyyətinin effektivliyini artırmaq yolu ilə onları tədricən Ermənistan Respublikasının siyasi maraqlarının ödənilməsinə istiqamətləndirmək. Bu amildən ilk olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılmasında istifadə etmək;
● kriptoermənilərin və özlərini “erməni” kimi təqdim edən həmşinlilərin saylarını şişirtməklə, Türkiyədəki xristian erməni əhalisinin demoqrafik göstəricilərinə əlavə etməklə bu ölkədə yaşayan ermənilərin “etnik azlıq” statusundan çıxarılmasına və “etnik çoxluq” kimi tanıdılmasına nail olmaq, gələcəkdə ilk mərhələ qismində “erməni muxtariyyətinin” yaradılması üçün etnik və demoqrafik zəmin formalaşdırmaq;
● Türkiyədə məzhəb etibarilə şiə və ələvi olan müsəlman erməniləri etnik və dini baxımdan Ermənistanın və İranın bəzi dini dairələrinin təsir və maraq dairəsinə salmaq;
● Türkiyədə “ümumerməni siyasi təşkilatının” yaradılmasınadək buradakı xristian və müsəlman erməniləri Xalqların Demokratik Partiyası (HDP) ətrafında birləşdirmək. Türkiyədəki həmşinlilər arasında türk kimliyi (AKP, MHP tərəfdarları) və erməni mənşəyi (HDP, CHP tərəfdarları) uğrunda fikir ayrılığını etnik ədəvət həddinə çatdırmaq;
● Şərqi Anadolunu və həmşinlilərin sıx yaşadıqları Qara dəniz bölgəsini (Rizə, Artvin, Ordu, Trabzon, Girəsun və s.) “tarixi Ermənistan torpaqları”, “Qərbi Ermənistan əraziləri” kimi tanıtdırmaq. Ermənistanın həmin ərazilər vasitəsilə Qara dənizə çıxış əldə etmə səyləri üçün “tarixi əsaslandırmalar” hazırlamaq;
● missionerlik fəaliyyəti ilə özlərini “türk” kimi identifikasiya etməyən həmşinlilərin və müsəlman ermənilərin tədricən erməni-qriqorian kilsəsinə “qayıdışını” təmin etmək.
(Ardı var)
Müəllif: Teleqraf.com