"Peyğəmbərcəsinə" məktub: "Titanik"də yazılmış sənəd 400 min dollara satılıb

Bu gün, 10:08           
"Peyğəmbərcəsinə" məktub:
"Bu, əla gəmidir, amma onun haqqında mühakimə yürütməzdən öncə səyahətimin sonunu gözləyəcəyəm..."

"Titanik" gəmisində faciədən bir neçə gün öncə yazılmış məktub ötən həftə "Henry Aldridge and Son" hərrac evində 300 min funt sterlinqə (təxminən 400 min ABŞ dolları) satılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri yazıb.

Məktub birinci dərəcəli sərnişin, polkovnik Arçibald Qreysi tərəfindən yazılıb. O, məktubu gəminin batmasından cəmi bir neçə gün öncə göndərib. "Titanik"in batması nəticəsində təxminən 1500 nəfər həyatını itirib, lakin Qreysi 700 sağ qalan şəxs arasında olub. O, buz kimi soyuq sulara qərq olub, lakin daha sonra bir xilasetmə qayığına çıxaraq sağ qurtulub.

O, məktubda yazır: "Bu, əla bir gəmidir, amma onun haqqında mühakimə yürütməzdən öncə səyahətimin sonunu gözləyəcəyəm". Məhz bu cümlə məktubun "peyğəmbərcəsinə" adlandırılmasına səbəb olub, çünki "Titanik" o dövrdə geniş şəkildə "batmaz gəmi" kimi təqdim edilib.

Qreysi məktubu 1912-ci il aprelin 10-da yazıb və onu Avropadakı səfir olan əmisi nəvəsinə göndərib. Məktub Londona aprelin 12-də, faciədən cəmi iki gün öncə çatıb.

Hərrac evi "The New York Times" qəzetinə bildirib ki, məktubun təxminən 60 min funt-sterlinqə satılacağı gözlənilib, lakin qiymət onların bütün proqnozlarını üstələyib. "Bu kişilərin, qadınların və uşaqların hekayələri yadigar əşyalar vasitəsilə danışılır və onların xatirəsi bu vasitələrlə yaşadılır", - hərrac evinin nümayəndələrindən biri olan Oldric qeyd edib.

Polkovnik Arçibald Qreysi kim olub?

Qreysi ABŞ-ın Vest-Poynt Hərbi Akademiyasını bitirib, nüfuzlu bir ailənin nümayəndəsi olub. Onun atası ABŞ Vətəndaş müharibəsində konfederasiya ordusunda xidmət edib. Ailəsi XIX əsrdə tikilmiş "Qreysi malikanəsi" ilə tanınır və əmlak yatırımları ilə varlanıb. Qreysi başına gələnləri sonradan "Titanik haqqında həqiqət" adlı kitabda qələmə alıb, lakin kitabın nəşrini görmədən vəfat edib.

Faciədən cəmi səkkiz ay sonra o, dünyasını dəyişib. Rəsmi olaraq onun ölümünə diabetlə bağlı fəsadlar səbəb göstərilsə də, "The New York Times" yazır ki, ailəsi və həkimləri onun "Titanik"in batmasından sonra heç vaxt psixoloji olaraq bərpa olunmadığını düşünüb.

"Gəmi suyun altına gedəndə, onu buraxmalı oldum və suda sanki sonsuzluğadək fırlana-fırlana qalmışdım", - o, "The New York Tribune" nəşrinə müsahibəsində deyib. "Sonucda suyun üzünə çıxdım və dənizin dağıntı və qırıntılarla dolu olduğunu gördüm".

"Carpathia" gəmisinin bizi götürdüyü ana qədər keçən saatlar həyatımın ən uzun və dəhşətli anları olub", - Qreysi yazır. "Buzlu sudan dolayı demək olar ki, hissiyyatımızı və halsızlıqdan huşumuzu itirirdik".

O, xilasetmə qayığına çıxandan sonra "RMS Carpathia" gəmisi tərəfindən xilas edilib. O, yazır ki, əvvəlcə qayığa çıxan kişilərin yarıdan çoxu ya soyuqdan, ya da taqətdən düşərək vəfat edib.

Qreysi məktubu "Titanik" tarixində satılan ilk əşya deyil. 2013-cü ildə gəmidə çalınan bir skripka da hərracda 1,6 milyon dollardan baha qiymətə satılıb. Bu skripkada gəminin musiqi rəhbəri Uolles Hartlinin ifa etdiyi güman olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.