Çavuşoğlu Bakıya, Zərif İrəvana -İran da “nəfəslik” axtarışında

29-11-2017, 10:24           
Çavuşoğlu Bakıya, Zərif İrəvana -İran da “nəfəslik” axtarışında
Dost dosta, rəqib rəqibə sarı dartınır - günün reallığı; İran xarici işlər nazirinin Ermənistan səfərində iki mühüm hədəf; Bakıda isə Türkiyə, Pakistan və Azərbaycanın baş diplomatları sabah ilk dəfə bir araya gələcəklər; əsas mesaj həm də Tehrana ünvanlanıb...

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iki günlük səfərlə Ermənistana gəlib. Musavat.com-un erməni qaynalqarına istinadən verdiyi məlumata görə, İranın baş diplomatı dünən İrəvanda erməni həmkarı Edvard Nalbəndyanla keçirdiyi mətbuat konfransında iki ölkə arasında əlaqələrin “çoxsaylı istiqamətlər üzrə fəal inkişafda olduğunu” bildirib.



Onu sözlərinə görə, İran və Ermənistan yaxşı qonşulardır. İran XİN başçısı son illər tərəflər arasında siyasi və iqtisadi sahələrində əlaqələrin daha da möhkəmləndiyini qeyd edib. Bu xüsusda Zərif energetika və nəqliyyat sferaları, ekologiya və elm sahələri üzrə əməkdaşlığa diqqət çəkib. Bundan əlavə, o, beynəlxalq meydançalarda Tehrana verdiyi dəstəyə görə erməni tərəfinə minnətdarlıq edib.

*****

Sual ortaya çıxır: Ermənistan bu dəstəyi İrana hələ bir verməsin də? Söz yox ki, xaricə yeganə “nəfəslik” rolunda olan İrana Ermənistanın bu “yaxşılığı” çox xırda şeydir. Ümumiyyətlə, Rusiyanın bölgədəki vassalı və hərbi istehkamı rolunda olan, suverenlik atributlarından məhrum bir izqoy ölkə - işğalçı Ermənistan nə vaxt müstəqil oldu ki, onun hansısa ölkəyə, o cümlədən İran kimi iri dövlətə beynəlxalq meydançalarda verdiyi dəstək də önəm kəsb eləsin?

Ermənistan İran üçün yalnız iqtisadi anlamda, dünya bazarlarına çıxış üçün qısa marşrutlardan biri kimi tranzit ölkə olaraq önəm daşıya bilərdi ki, bu da Dağlıq Qarabağ ixtilafına görə istisnadır. Zərifin İrəvan səfərində əslində bir hədəf budur. Çünki son vaxtlar məhz Azərbaycan cənub qonşumuz üçün şimala və Avropaya aparan quru və yeni dəmiryolunun mərkəzində qərar tutmaqda, regional xaba çevrilməkdədir.

Bu da sövq-təbii İranın ölkəmizdən asılılığını artırır. Tehran isə xaricə çıxışını özünə dost saydığı Ermənistan vasitəsilə şaxələndirməyi çox istərdi. Elə iqtisadiyyatı sovet dönəmindəki rüşeym halından qurtula bilməyən, dünya okeanına çıxışdan məhrum Ermənistan da çoxdan bunun arzusundadır. Lakin hələlik mümkünsüz. Səbəblər deyildi - Qarabağ məsələsi və Rusiya faktoru.

*****

Əlbəttə ki, İran Azərbaycanı nə qədər dost-qardaş ölkə adlandırsa da, hər iki tərəf bilir ki, əslində belə deyil. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin normal səviyyədə olmasına, böyük ortaq nəqliyyat layihələri ilə bağlı iş birliyinə rəğmən, siyasi-diplomatik münasibətlər ehtiyatlı xarakter daşıyır. Bu da qarşılıqlı etimadın çox da yüksək səviyyədə olmaması ilə birbaşa bağlıdır.

Məsələ ondadır ki, İran Bakını İsraillə əlaqələrə qısqanır, Güney amilinə görə Azərbaycan Respublikasına şübhəli nəzərlərlə baxır, Bakı isə cənub qonşumuzun təcavüzkar Ermənistana qucaq açmasını qəbul edə bilmir. Hərçənd İsraillə Ermənistanı müqayisə eləmək doğru olmazdı. Çünki yəhudi dövləti Azərbaycan torpaqlarını işğal eləməyib. Əksinə, İsrail torpaqlarını işğaldan azad eləmək istəyən Azərbaycanın ordusunu gücləndirir. Üstəlik, Ermənistanın İsraildə səfirliyi olduğu halda, Azərbaycanın bu günədək diplomatik nümayəndəliyi yoxdur. Səbəb həm də İran amilidir.

Amma İran müsəlman dövlətləri arasında yeganə böyük dövlətdir ki, konfliktin lap əvvəlindən indiyədək işğalçı ölkə ilə sıx münasibətlərindədir. İki ölkənin ən yüksək çinli rəsmiləri, ölkə prezidentləri daxil, vaxtaşırı bir-birinə qarşılıqlı səfərlər edirlər. Ermənistana ən böyük turist axını da İranın payına düşür.

*****

Yenə rəsmi Tehran İrəvanla sıx əlaqələrdən Dağlıq Qarabağ konfliktinin həllinə yardım üçün, İrəvana təsir rıçaqı qismində istifadə eləsəydi, bu əməkdaşlığa hardasa haqq qazandırmaq mümkün idi. Lakin tam əksinə, Ermənistanın kriminal hakimiyyəti illərdir İranla yaxınlıqdan işğal rejimini uzatmaq, Dağlıq Qarabağ məsələsində təxribatçı mövqe tutmaq üçün faydalanır. Nəticədə 1 milyon müsəlman azərbaycanlı köçkün 25 ildir öz dədə-baba torpaqlarına qayıda bilmir.

Doğrudur, Qarabağ məsələsində Rusiya faktoru güclüdür. Ancaq Ermənistanla yeganə həmsərhəd dost ölkə kimi İranın da sonuncuya ciddi təsir imkanları var. Belə təəssürat yaranır ki, Tehran bu imkanları məhz Azərbaycanın bölgədə daha da güclənməməsi üçün işə salmaq istəmir. Yəni Ermənistanla ilişkilərdə iqtisadi hədəflə yanaşı, siyasi hədəf də güdülür. Bu mənada indi artıq Ermənistan da İran üçün bir növ “nəfəslik” rolundadır.


Halbuki Türkiyə işğal faktına görə Ermənistanla sərhədini on illərdir bağlı saxlayır, onlar arasında iqtisadi-ticari, siyasi-diplomatik əlaqələr mövcud deyil. Pakistan İslam Respublikası isə ümumiyyətlə, Ermənistanı bu günədək dövlət kimi tanımır. Yeri gəlmişkən, sabah - noyabrın 30-da Türkiyə və Pakistanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu və Kavaça Asif Bakıya gələcək. Onlar Türkiyə-Azərbaycan-Pakistan xarici işlər nazirlərinin toplantısına qatılacaqlar.

Diqqətçəkicidir ki, belə bir toplantı ilk dəfə keçiriləcək. Üç dost, qardaş ölkə arasında münasibətlər, gələcək planlar müzakirə ediləcək. Hər iki nazirin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.

Ötən həftə isə Pakistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıda olmuşdu. Eləcə də qardaş Türkiyənin müdafiə naziri, Baş Qərargah rəisi ondan az öncə Azərbaycana gəlmişdilər. Başqa sözlə, üç qardaş ölkəni indi həm də hərbi əməkdaşlıq telləri birləşdirir ki, bu da işğalçı Ermənistana və onun himayəçilərinə kifayət qədər aydın bir mesajdır - Azərbaycanın işğalla heç vaxt barışmayacağı, əlverişli məqam yetişən kimi torpaqlarını silah gücünə azad edəcəyi barədə mesaj.

Əlavə edək ki, hər iki qardaş ölkə - Türkiyə və Pakistan Qarabağ savaşında hərbi dəstək də daxil, Azərbaycana hər cür kömək edəcəyini vəd edib. Təbii ki, “qardaş və dindaş” İrandan bənzər bəyanatlar heç vaxt səslənməyib. Bu, bir yana dursun, Tehran rəsmiləri indiyədək bircə dəfə belə, Ermənistanı işğalçı ölkə adlandırmayıblar. Belə görünür ki, onların gözündə yalnız bir işğalçı var - İsrail, sionist rejimi...

Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.