Allah sizi islah etsin, mollalar!
4-07-2025, 12:07

Biz deyəndə ki, Rusiyanın Azərbaycanlılara (AMEA-nın Dilçilik İnstitutunun təlimatlarına əsasən mən “Azərbaycanlılar” sözünü balaca yazmalı idim. Getsin, bu təlimatlara AMEA-nın prezidenti İsa Həbibbəyli və onun böyük akademiki Regular Djafarov müəllim uysun. Mən şəxsən Azərbaycan sözünü xırda hərflərlə yaza bilmirəm) qarşı başlatdığı terror hadisəsi Nikol Paşinyanın Ankara səfəri zamanı Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi ilə bağlı ola bilər, bir çox dostlar buna şübhə ilə yanaşırdılar.
ABŞ-ın nüfuzlu "Carnegie Politika" nəşrinin 2 gün əvvəl yaydığı bir məlumat iddiamızı təsdiqləyir. Nəşrin iddiasına görə, Donald Tramp administrasiyası qlobal münaqişələrin həllində fəallığını nümayiş etdirmək məqsədilə yeni plan irəli sürüb. Plana əsasən, Zəngəzur dəhlizi vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə amerikalı şirkətə həvalə edilməlidir.
Bildirilir ki, bu yanaşma Rusiya Federasiyasının prosesdən və dəhlizin həyata keçirilməsindən tamamilə kənarda qalmasını nəzərdə tutur. “Bununla belə, plan həm Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatları ilə bağlı tələblərini qarşılayır, həm də Ermənistanın dəhliz üzərində suverenliyini qoruyub saxlayır”.
Deyəsən torbadakı pişiyin quyruğu görünməyə başlayır, axı.
Nəşrin erməni müəllifi Olesya Vartanyan da öz analitik yazısında bu iddia barədə fikirlərini belə ifadə edir:
“Azərbaycan “Zəngəzur dəhlizi” adlandırdığı cənub marşrutunu Ermənistandan keçərək öz Naxçıvan anklavına açmaqla başlamaq istəyir. 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs Rusiyanın nəzarətinin müəyyən formada olmasını nəzərdə tutsa da, Ermənistan gömrük və təhlükəsizlik də daxil olmaqla istənilən dəhlizə tam nəzarət etməkdə israrlı idi. Bununla belə, Bakı skeptik olaraq qalır və məsələn, İrəvandakı siyasi dəyişikliklərə qarşı həssas hesab etdiyi marşruta investisiya qoymaqdan imtina edir. Buna görə də uzunmüddətli sabitliyi təmin etmək üçün üçüncü tərəfin qarantını tələb edir. Xəbərlərə görə, Türkiyə də onunla razılaşır, baxmayaraq ki, Ermənistan hələ də Ankaranın son nəticədə marşrut üzərində onun suverenliyini qəbul edəcəyinə ümidlidir.
Tərəflərin güzəştə getdiyi ən yaxın platforma AB vasitəçiliyi olub. Brüssel 2008-ci ildən sonrakı Gürcüstan-Rusiya presedentinə əsaslanan model təklif edib. bu modeldə müstəqil xarici operator Abxaziya və Cənubi Osetiyanın mübahisəli regionlarından keçən marşrutların logistikasını idarə edir və məlumatları bütün tərəflərlə paylaşır. Kontekst fərqli olsa da, mexanizm işlək hesab olunur. Lakin Aİ-nin rəhbərlik etdiyi danışıqlar yenilənmiş sərhəd toqquşmaları və Dağlıq Qarabağda etnik erməni anklavı kimi mövcudluğuna son qoyan 2023-cü il böhranı fonunda dalana dirəndi.
Bu gün danışıqları canlandıra biləcək yeganə oyunçu ABŞ ola bilər. Qlobal münaqişələrin həlli səylərini nümayiş etdirmək istəyən Tramp administrasiyasının AB modeli kimi, lakin Amerikanın strateji məntiqinə əsaslanan yeni bir plan irəli sürdüyü bildirilir: ABŞ biznesinin stabilləşdirici qüvvə kimi iştirakı, Ukraynada nadir metallar üzrə son razılaşmaya bənzəyir...
Hələ erkən olsa da, bir ABŞ rəsmisi ehtiyatlı nikbinlik ifadə etdi. "Bəlkə Prezident Donald Tramp buna görə Nobel Sülh Mükafatını da qazanacaq" dedi”.
Mənə maraqlı gələn Rusiya ilə yanaşı İranın da mövqeyidir. Bu zamanadək hətta Rusiyanın nəzarəti altında Zəngəzur dəhlizinin açılmasına quyruq göstərən Tehran ABŞ-ın təşəbbüsü ələ almasına və gəlib tam İran sərhədində yerləşməsinə necə reaksiya verəcək? Yenə dəmi ABŞ-la məsləhətləşərək Mehrinin dağlarına bir-iki raket ataraq gözünün qurdunu öldürəcək, yoxsa minillik erməni qardaşlığına görə susmağa üstünlük verəcək? Yəqin ki, yaxın günlərdə onun da reaksiyası ilə tanış olacağıq.
Sonra da İran mollaları çıxıb bizi ABŞ-la əməkdaşlıq etməklə guya İslam dünyasına xəyanət etməkdə günahlandırırlar. Müsəlman Azərbaycanın ana südü qədər halal haqqına quyruq bulayan İranın mövqeyi də ortadadır, müsəlmançılıqdan uzaq həyat tərzi ilə seçilən Trampın mövqeyi də. Hansı daha ədalətli və imanlıdır?
Kiminsə imanının dərəcəsini dəyərləndirməyin yalnız Allaha məxsus haqq olduğuna inanır, biz yalnız qulun əməllərinə qiymət veririk və verməliyik. Çünki Allahın səlahiyyətlərinə aid olan məsələni mənimsəmək şirkdir və cəzası Haqq divanında ən ağır cəza olacaq. Nə yazıq ki, atdığı heç bir addımda İlahi ədaləti və Haqqaniyyəti düşünməyən İran mollaları bir də utanmadan Allaha aid səlahiyyətləri də mənimsəmiş kimi görünürlər.
Allah sizi islah etsin, mollalar!
Heydər Oğuz
TEREF