Kosmik dövlət yaradan azərbaycanlı: Alim və milyarder Aşurbəyli kimdir? – Dosye/Fotolar

3-07-2018, 10:44           

Ötən həftə Yer planetində ilk kosmik dövlətin yaradıldığına dair məlumat açıqlandı.

Teleqraf.com xəbər verir ki, “Asqardiya” adlanan kosmik dövlətin ilk lideri rusiyalı alim və milyarder İqor Aşurbəylidir. Bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

İ.Aşurbəyli iyunun 26-da BMT missiyasının Vyanaya səfəri zamanı “Hofburq” sarayında Asqardiya vətəndaşlığını qəbul etmiş diplomatlar, tədqiqatçılar, hüquq və mühəndislik üzrə ekspertlərin qarşısında dövlətin kralı kimi təntənəli surətdə and içib. “Biz xalqın bütün qol-budağını yaratdıq. Mən Asqardiyanın doğulduğunu söyləyə bilərəm”, – deyə milyarder mərasim zamanı bildirib.

Asqardiyanın Yerdə heç bir ərazisinin olmamasına baxmayaraq, artıq onun 200 minə yaxın vətəndaşı var. Onlar bu ölkənin vətəndaşı olmaq üçün internet vasitəsilə müraciət ediblər. Həmçinin, aşağı yerətrafı orbitdə yaşayış məskənlərinin istifadəyə verilməsi və Ayda qəsəbənin salınmasına dair iddalı planlar mövcuddur.

Asqardiyanın fəaliyyət göstərməsi üçün mümkün olan hər bir şey var: konstitusiya, bayraq, himn və seçilmiş nümayəndələr, həmçinin öz iqtisadiyyatını formalaşdırması üçün yeni kriptovalyuta – SOLAR-dan istifadə etmək qərara alınıb. Yerlə münasibətlərin necə olacağına gəldikdə isə, Aşurbəyli bildirir ki, onların planı ölkəni müstəqil etməkdir.

“Asqardiyada Yer sistemindən asılı olmayan infrastruktur qurulacaq. Asqardiyalılar pasportun, kredit kartının və ənənəvi smartfonların inteqrasiya olunduğu yığcam qurğuya malik olacaqlar”, – deyə İ.Aşurbəyli bildirib.

İ.Aşurbəylinin altruist planlarına qlobal internetin yaradılması, həmçinin asqardian texnologiyasına çıxışın təmin edilməsi, həmçinin Yer planetini asteroidlərdən qorumaq üçün donanmanın yaradılması da daxildir. Bir sözlə, kosmik dövlətin başçısı Asqardiyanı təkcə ölkə kimi görmür, insan inkişafı yolunda irəliyə atılmış bir neçə addım hesab edir. “Kosmik məkan sonsuzdur və kosmik araşdırmalar “Homo sapiens”ə bir növ kimi ölməzlik bəxş edəcək”, – deyə milyarder bildirib.

Ölkə Skandinaviya mifologiyasındakı allahların iqamətgahı olan səma şəhəri Asqradın şərəfinə özünə bu adı götürüb. Bundan başqa Asqard populyar “Marvel”də xatırladılır. Həmin filmdə Asqrad əsas qəhrəmanlardan birinin – Göy allahı Toranın evi qismində çıxış edir.

Bəs, İqor Aşurbəyli kimdir? Teleqraf.com məşhur azərbaycanlı soyadı daşıyan alim və milyarderlə bağlı araşdırmasını təqdim edir.

İqor Rauf oğlu Aşurbəyli, yaxud İqor Raufoviç Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. Rusiyalı sahibkardır. “Sosium” holdinqin Direktorlar Şurasının sədri, KB-1 “Almaz” elmi-sənaye birliyinin elmi rəhbəridir. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, 2001-2011-ci illərdə “Almaz-Antey” konstruktor bürosunun rəhbəri olub, texnika elmləri doktorudur. 12 oktyabr 2016-cı ildə bəşəriyyət tarixində ilk dəfə olaraq kosmik dövlətin – Asqardiyanın yaradıldığını elan edib, hazırda onun kralıdır.

Məşhur Aşurbəyovlar nəslinin nümayəndəsi

Onu da bildirək ki, İ.Aşurbəylinin mənsub olduğu Aşurbəyovlar Azərbaycan xalqının məşhur soylarından biridir. Nəslin kökündə Aşur xan Avşar dayanır. O, Avşar elindəndir. Bu el haqqında məlumatlar XVIII əsrə gedib çıxır. Məşhur Nadir şah Əfşar da bu tayfadandır. Bu nəsildən Təzə Pir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara Aşurbəyli kimi şəxsiyyətlər çıxıb.

Tələbə ikən ailə həyatı qurur

İ.Aşurbəyli 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. Həmin il üzrə buraxılışda o, yeganə qızıl medalçı olur. Qarşıda isə gələcəyin alimini daha ağır imtahan gözləyir. İ.Aşurbəyli sənədlərini Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin mühəndis-sistemotexnik ixtisasına verır. Cəmi bir yer uğrunda 17 abituriyent mübarizə aparır. İ.Aşurbəyli bu imtahanı qazanır və 1985-ci ildə sözügedən ixtisas üzrə məzun olur.

1983-cü ildə İ.Aşurbəyli Viktoriya adlı xanımla ailə həyatı qurur, bir il sonra isə onların oğlu – Ruslan dünyaya gəlir.

İ.Aşurbəyli 1988-ci ildə əyani aspiranturada təhsil dövründə Bakıda xüsusi proqram təminatının hazırlanması, kompüter biliyinin artırılması, kompüter texnikasının satışı və konsaltinqi ilə məşğul olan “Sosium” Kooperativ Koordinasiya-İstehsalat Birliyini yaradıb və ona rəhbərlik edib. Görkəmli alim Rafiq Əliyevin aspirantı olub.

Doğma şəhərlə vidalaşma

İ.Aşurbəyli 1990-cı ildə doğma şəhəri ilə vidalaşır. Həmin il o, Moskvaya köçür, SSRİ “Sentrsoyuz” İstehlak Kooperasiyası Müəssisələri İttifaqının nəzdində informasiya məlumat bazalarının işlənməsi, istehsalı və satışı ilə məşğul olan “Sosium” Ümumittifaq Elm-İstehsalat Birliyini yaradır və ona rəhbərlik edir. 1991-ci ildə “Almaz” Elm-İstehsalat Birliyi (EİB) və bir sıra digər tanınmış dövlət və özəl qurumlarla birgə informasiya və telekommunikasiya məhsullarının geniş nomenklaturasının işlənməsi, istehsalı və satışı ilə məşğul olan “Beynəlxalq informasiya və telekommunikasiya bürosu” ASC-nin həmtəsisçisi və rəhbəri olub.

İ.Aşurbəyli R.Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə təhsil aldığı institutda namizədlik işi müdafiə edib. Elmi işinin mövzusu isə “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri”dir.

O, S-300-lərin əsas yaradıcısıdır

Onun elmi rəhbərliyi ilə “Favorit” zenit raket sisteminin ən yeni modifikasiyası yaradılıb, hazırlanması başa çatdırılıb, dövlət sınaqları aparılıb və müasir və perspektiv hava hücumu vasitələrinin – maneə yaradan təyyarələrin, radiolokasiya patrulu və tuşlaması təyyarələrinin, kəşfiyyatçı təyyarələrin, o cümlədən kəşfiyyat-zərbə komplekslərinin tərkibindəki aviasiya raket daşıyıcıları olan strateji təyyarələrin, taktiki, operativ-taktiki ballistik raketlərin, orta mənzilli ballistik raketlərin, habelə intensiv radiomüqavimət şəraitində digər hava hücumu vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan “Triumf” zenit raket sistemi Rusiya Federasiyasının Silahlı Qüvvələrində istifadəyə verilib.

Qeyd etdiyimiz kimi İ.Aşurbəyli 2001-ci ildən 2011-ci ilədək, yəni düz 10 il ərzində “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Məhz onun direktoru olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketdən müdafiə sistemlərinin istehsalı ilə məşhurdur. Həm də Rusiya Hava Kosmik Müdafiə üzrə Ekspert Şurasının sədri olan İ.Aşurbəylinin rəhbərlik etdiyi müəssisədə istehsal olunan “S-300” kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur.

Alim 2013-cü ildə Vyanada “Aerospace International Research Center, Gmbh”ni təsis edib. Həmin vaxtdan “Room Space Journal” jurnalının baş redaktorudur. O, Rusiyanın Hava-Kosmik Müdafiə Vahid Sisteminin (rusca abreviaturası ES VKO ) yaradılması Konsepsiyasını hazırlayıb. 2015-ci ildə ES VKO BMT-nin İqtisadi və Sosial Şurasının struktur eksperti statusunu alıb.

İ.Aşurbəyli texnika elmləri doktoru, A.Proxorov adına Mühəndis Elmləri Akademiyasının və Hərbi Elmlər Akademiyasının həqiqi üzvüdür. 100-dən çox elmi əsərin, o cümlədən bir ensiklopediya və iki monoqrafiyanın müəllifidir.

Həmyerlimiz Rus Pravoslav Kilsəsinin II və III dərəcəli “Moskva knyazı müqəddəs Daniil” (2000, 2002, 2008), “Şərəf” (2007) ordenləri, “Georgi Jukov” (1995), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” (1995), “Rusiya Donanmasının 300 illiyi” (1996), “Moskvanın 850 illiyi” (1997) xatirə medalları ilə təltif olunub. Akademik V.Utkin adına qızıl medalın (2005), “SSRİ EA-nın akademiki A.A.Raspletin” gümüş medalının (2008) sahibidir. İki dəfə “İlin meneceri” Moskva müsabiqəsinin (2000, 2009), “Müəssisə Sahibi – Alim il” nominasiyasında “Rusiya Milli Olimpi” mükafatının (2003), “Rusiya iqtisadiyyatının lideri” milli mükafatının (2004), akademik A.Proxorov adına mükafatın (2008), “İlin adamı” (2009) və sair mükafatların laureatıdır.
Kosmik dövlət yaradan azərbaycanlı: Alim və milyarder Aşurbəyli kimdir? – Dosye/Fotolar














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.