50 şirkət İrandan çıxdı: ölkə daxildən bu cür dağıdılır

9-07-2018, 02:50           

Heç kim İrana görə ABŞ bazarını itirmək və dollarla əməliyyatlar aparmaq imkanından məhrum olmaq istəməz.

Axar.az xəbər verir ki, bu sözləri avqustun 6-dan etibarən ABŞ-ın İrana qarşı Obama dövründə ləğv olunmuş sanksiyaların bir hissəsini bərpa edəcəyinə münasibət bildirən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, noyabrın 4-dən etibarən daha ağır və dağıdıcı sanksiyalar qüvvəyə minəcək: "Artıq Vaşinqton dost və müttəfiq ölkələri həmin tarixə qədər İrandan neft idxalını dayandırmağa çağırıb. İrandan ən çox neft alan ölkələr Çin, Hindistan, C.Koreya, Türkiyə və Yaponiyadır. Gözlənilən sanksiyaların küləyi Trampın 8 may tarixli bəyanatından bəri təsirini göstərməkdədir. Avropa Birliyi İranla biznesi olan şirkətlərini ABŞ sanksiyalarından qoruyacağını bəyan etsə də, artıq 50-dən çox Avropa şirkəti İranı tərk edəcəyini bildirib. Çünki bu şirkətlərin ABŞ-da da biznesi var və ABŞ bank (dollar) sistemindən istifadə edirlər".

Politoloq qeyd edib ki, hazırda İran pulu rial sürətlə dəyərdən düşür:

"Qiymətlər qalxır, idxalatla məşğul olan sahibkarlar dollar qıtlığı ilə üzləşib. 2017-ci ildə İrandan 27 milyard dollar həcmində sərmayə çıxışı baş verib. Ötən həftənin əvvəlində Tehranın böyük bazarında (İslam İnqilabı burdan başlayıb) çalışan sahibkarlar böhranın dözülməz həddə çatması ilə əlaqədar parlamentin binasına yürüş etdilər. Hökumət rialı qorumaq, ölkədən valyuta çıxışını azaltmaq və ərzaq qıtlığı yaranmasına yol verməmək üçün tədbirlər görür. Məsələn, zəruri və gündəlik istehlak məhsulu olmayan 1400 adda malın ölkəyə idxalı dayandırılıb. Buğda, arpa, günəbaxan başda olmaqla, 18 adda kənd təsərrüfatı məhsulunun ixracı müvəqqəti olaraq qadağan edilib".

Politoloq vurğulayıb ki, bununla bərabər ölkədə sosial gərginlik də artır:

"Ötən həftə Xürrəmşəhrdə (İraqla həmsərhəd Xuzestan ostanı) əhali su problemi ilə əlaqədar ayağa qalxmışdı, təhlükəsizlik qüvvələri operativ müdaxilə edərək, odlu silahdan da istifadə etməklə, etirazların miqyasının böyüməsini əngəllədi. İranda ciddi quraqlıq problemi var. Hökumət bu işdə də xarici qüvvələri günahlandırır. Eyni zamanda Əfqanıstan və Pakistanla həmsərhəd Sistan-Bəlucistanda isə bu yaxınlarda əhali cinsi təcavüz hallarının artması və yerli məmurların bu cinayətləri ört-basdır etməsi iddiası ilə etiraz aksiyaları keçirib".

Politoloq qeyd edib ki, İranı içəridən qarışdırmaq istəyən xarici qüvvələrin olmasına şübhə yoxdur:

"Amma daxildə bunun üçün münbit zəmin mövcuddur. ABŞ-İsrail-Səudiyyə Ərəbistanı üçlüyünün İrandakı istər sosial-iqtisadi, istərsə də etno-konfessional problemləri körükləməyə çalışdığı sirr deyil. Məsələn, Xuzestan ərəblərin çoxluqda olduğu əyalətdir, Sistan-Bəlucistanda isə sünni bəluclar yaşayır. ABŞ hökuməti iranlı mühacir qruplarla da işləməyə başlayıb. Ötən günlərdə Trampın müşaviri Rudi Guliani Parisdə nüvəsini bir vaxtlar Qərbin terror təşkilatı saydığı "Xalqın mücahidləri"nin təşkil etdiyi İran Milli Müqavimət Şurasının konfransına qatılıb və "rejim çökür, hazır olun" mesajı verib. Yeri gəlmişkən, bu toplantıya qarşı terror törətməyə hazırlaşdıqları ittihamı ilə İranın Avstriyadakı səfirliyinin əməkdaşı və daha bir neçə nəfər Almaniya və Belçikada həbs edilib. ABŞ Konqresində isə İrandakı etnik qrupların təmsilçilərinin iştirakı ilə toplantı keçirilib. Azərbaycanlılar adından Babək Çələbianlı adlı bir nəfər qatılıb".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.