Ərəblərin Azərbaycana gətirdiyi niqab:Qadağan oluna bilərmi?

10-07-2018, 21:33           

Bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də dindar kişi və ya qadınların geyim tərzidir.

Hazırda şəriətə uyğun şəkildə hicab geyinən xanımlarla yanaşı, tamamilə qara çadraya bürünən, hətta niqab taxan qadınlarımızın da sayı çoxdur. Bununla yanaşı, dar şalvara və rəngli baş örtüyünə önəm verənlər də az deyil. Ümumiyyətlə, müxtəlif tərzdə və rənglərdə görünən hicablı qadınlara daha çox rast gəlmək mümkündür.

Əslində baş və bədənlərini örtən bu xanımlar geyimlərinin rəngarəngliliyi ilə daha cəlbedici görünürlər. Üstəlik, başqa bir cəlbedicilik də onların üz nahiyəsində etdikləri plastik dəyişikliklərdir. Qarşı cinsin şəhvət dolu baxışlarına məruz qalanlar da bu cür geyim tərzinə üstünlük verən hicablı qadınlardır.

“Qara dünya”dan ətrafa boylanan bir cüt göz...

Hazırda Azərbaycanda niqab taxanlar da az deyil. Düzdür, bu kütləvi hal almasa da, küçədə niqabla gəzən xanımlara rast gəlirik. Son vaxtlar niqabla yanaşı, dini paltar, uzun saqqal və qısa şalvar geyinənlər də az deyil. Bəzən metroda, küçədə, parklarda, bir sözlə, müxtəlif yerlərdə qara çadradan ətrafa boylanan yalnız bir cüt göz görmək mümkündür. Hansı ki, o gözlər görünmür, sadəcə, hansısa məqamda ehmalca hərəkət edir. Nədənsə, gözlərdən başqa bütünlüklə qara çadraya bürünənlər cəmiyyətdə bir vahimə, xof təsiri bağışlayır. Çünki ilk növbəddə bu çadranın altında şəxsin qadın belə olduğu şübhə yaradır. Digər tərəfdən, demək olar ki, terror hadisələrində iştirakçı olanlar qara çadra və niqablardan çox məharətlə istifadə ediblər.

Niqab Quran və Sünnədə əmr olunan bir şey deyil. Yəni Allahın qoyduğu qayda-qanunda niqab şərti yoxdur. Kim istəyirsə, taxa bilər. Amma bunun dini bir öhdəlik və mütləq taxılmalı olduğunu irəli sürmək olmaz.

Qadının xarici görünüşü barədə “Quran”da konkret ayə var ki, orda boyunu bağlamaq ehtiyacı haqqında deyilir. Quranda hicabın daşınması tələbi var. Biləklər və pəncələr açıq qala bilər. “Yad qadın və kişi görərkən, "baxışlarınızı başqa səmtə yönəldin, bədən üzvlərinizi qapayın". Dinimiz nöqteyi-nəzərindən qadınlar yad kişilərə qarşı üz və əlləri istisna olmaqla bütün bədənlərini örtməlidirlər. Bu, vacibdir. Evlərindən çıxdıqları vaxt onları örtən bir üst geyim geyinməlidirlər. Həmin üst geyim onun rahatlıqla örtünməyinə imkan yaratmalıdır. Müsəlman bir qadın çadra ilə də örtünə bildiyi kimi geniş plaş, şal və sairə ilə də örtünə bilər. Üst geyimin çadra olması şərt deyil. Kitabda, ümumiyyətlə, üz barədə söz yoxdur.

Ərəb adəti ilə geyinənlər...

İlahiyyatçıların fikrincə, hicab və niqab islamda qadınların örtülməsi üçün istifadə edilir. Quranda “Nur” surəsində bunu tövsiyyə edən ayə var. Bu ayədə Allah, xanımlara toxunmasınlar, söz atmasınlar, artıq-əskik söz deməsinlər, deyə buyurur ki, qadınlar çölə çıxanda başlarını örtsünlər və örtüyü sinələrinin üstə çəksinlər. Niqab isə daha dərin məsələdir. Qadına qarşı zorlama, fəsad, zinaya təhrik etmə və digər təhlükələr olarsa, həmin camedə qadın niqabdan istifadə edə bilər. Bir növ niqab çətir rolunu oynayır. Yəni onu nədənsə qoruyur. Ancaq bizim cəmiyyətdə qadına qarşı o dərəcədə təhlükələr yoxdur ki, qadın niqab taxmağa məcbur olsun. Ekspertlərin dediyinə görə məsələn, Səudiyyə Ərəbistanında bir qadın yolla gedərkən öz əmisi oğlu ilə söhbət edərsə, onun cəzası var. Yaxud polis onu öz evinin pəncərəsindən həyətə-parka baxdığını görərsə, onun cəzası var. Belə cəmiyyətdə qadın niqab taxır ki, onu tanımasınlar. Ölkəmizə də bu adəti ərəb təlimli dini cərəyanların tərəfdarları gətirib. Bu əslində dində vacib məsələ deyil. Quranda hicab barədə də Allah əmr etmir, Peyğəmbərə deyir ki, sən de ki, başlarını örtsünlər. Ancaq niqab, yəni üzü örtmədən söz açılmır. Üzü bağlamaq islamın deyil, ərəblərin adətidir.

Hərənin oz İslamı...

Maraqlıdır, bir çox ölkələrdə qadağası reallaşan niqab Azərbaycanda da qadağan edilə bilərmi? Ümumiyyətlə, İslamda müsəlman kişilərinin və qadınlarının geyim tərzi barədə göstəriş varmı?
Ərəblərin Azərbaycana gətirdiyi niqab:Qadağan oluna bilərmi?
İlahiyyatçı Tural İrfan “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, şəriətə görə, kişinin geyimi müasir olmalıdır. Bədən əzalarını büruzə verən geyimlər olmaz: “Kişinin qadın, qadının da kişi libası geyməsi haramdır. Qara rəngli libas hədislərdə bəyənilmir, istər kişi, istərsə də qadınlara...Yaşıl, ağ, sarı rəngli paltar tövsiyyə edilib. Dini geyim deyə bir şey yoxdur. Peyğəmbər də öz zamanının müasir geyimini geyib. İndi peyğəmbər dövrünün geyimini geymək geridə qalmışlıqdır. Qadınlar örtülü geyinməlidirlər ki, pis nəzərlərdən qorunsunlar. Ancaq bütünlükdə qaraya bürünmək, niqab bağlamaq İslamın yox, ərəblərin adətidir. Özü də bədəvilərin... İslam sadəcə, qadınların ayıb və zinət yerlərinin örtülməsini tələb edir. Cəlb edən rənglər qadına caiz deyil. Dar libaslar da doğru deyil. Bir sözlə, pis niyyətli kişilərin diqqətini özünə cəlb etdirməyən hər cür libas qadına caizdir. Ölkədə dini təbliğat vahid istiqamətdə getmədiyi üçün hərə bir ölkənin İslam modelindən bəhrələnir. Ona görə də hərənin öz islamı var”.

Niqab qadağası məsələsinə toxunan ilahiyyatçı bunu hüquqların məhdudlaşdırılması kimi qiymətləndirib. O, deyib ki, bunu yalnız din xadimlərinin tövsiyyələri ilə aradan qaldırmaq olar:

“Tövsiyyə xarakterli təbliğatla niqabın vacib olmadığını dini zümrəyə çatdırmaq gərəkdir. Niqab təhlükə törətdiyi təqdirdə qadağan edilə bilər, çünki dində vacib deyil. Süpürgəçi yaşlı qadınlar da tanınmamaq, tozdan qorunmaq üçün üzlərinə yaşmaq çəkirlər. Bunun nəyi təhlükədir? Ata-babadan yaşmaq deyilən ağız örtmə adətimizi də unutmayaq...”

Tural İrfan əlavə edib ki, bu gün hərənin öz İslamı var: “Çünki aidiyyati qurumlar təbliğatı vahid istiqamət üzərində qurmayıb. Sırf məzhəbçilik üzərində imam və axundlar təyin edilir, bəziləri də o ruhanilərə tabe olmayaraq xarici ölkələrdən əxz olunan İslam modellərinə müraciət edirlər. Ona görə də prezidentliyə namizəd Razi Nurullayev təklif etmişdi ki, ölkədə öz adətlərimizə uyğun Milli İslam Modeli olmalıdır ki, dinə meyillilər yad təbliğatların qurbanı olmasınlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.