Bakıda narkoman necə avtobus sürücüsü oldu - ARAŞDIRMA

27-07-2018, 13:02           
Bakıda narkoman necə avtobus sürücüsü oldu - ARAŞDIRMA
202 nömrəli marşrut xəttinin sürücüsünün sükan arxasında narkotik qəbul etməsi bu günlərdə ölkə ictimaiyyətinin gündəminə çevrildi. Rəsmi məlumata görə, artıq sükan arxasında narkotik maddə qəbul edən sürücü həbs edilib, daşıyıcı şirkətin kolon rəisi isə cəzalandırılaraq, vəzifəsindən azad olunub.

Ümumiyyətlə, təhlükə saçan avtobus sürücülərinə tez-tez rast gəlinir. Sonuncu isə daha acınacaqlı haldır. Hər gün yüzlərlə insan daşıyan, uşaqlı, böyüklü hər kəsin canını həvalə etdiyi avtobus sürücüsünün narkotik qəbul etməsi və onun sürücü kimi işə alınması ictimaiyyətdə ən çox tənqid edilən məsələdir.

“Yeni Müsavat”a danışan Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, bütün bunlar ondan irəli gəlir ki, daşıyıcı işinə məsuliyyətlə yanaşmayıb:

“Əgər daşıyıcı işinə zamanında məsuliyyətlə yanaşsaydı, yəqin ki, bu cür sürücülər sükan arxasında əyləşməzdi. Bu onu göstərir ki, ilk növbədə daşıyıcı işinə məsuliyyətsiz yanaşıb. Daşıyıcılara kifayət qədər vaxt vermişdik ki, onlar öz işlərində məsuliyyətli olub, fəaliyyətlərini sərnişindaşımanın tələblərinə uyğun formada qursunlar. Lakin çox az sayda daşıyıcı var ki, bu tələblərə əməl edirlər.

Bu gün marşrut xətləri müsabiqəyə çıxarılıb. İlk sıralarda məhz o xətlər çıxarılıb ki, həmin xətlərdən çoxsaylı şikayətlər var. Bu xətlərin daşıyıcıları sərnişindaşımanın tələblərinə əməl etmirlər. Birdən-birə həmin xətti daşıyıcıdan ala bilmirik. Çünki müsabiqə olmalı, əvəzedici daşıyıcı seçilməlidir. 20 və 94 nömrəli avtobusların da sürücülərindən kifayət qədər şikayətlər var idi. Demək olar ki, hər gün çağrı mərkəzinə yüzlərlə sərnişin tərəfindən şikayətlər daxil olurdu və onların sürücüləri də sərnişindaşıma qaydalarına əməl etmirdilər, dəfələrlə qəza olmuşdu. Ancaq daşıyıcılar heç bir tədbir görmürdülər. Nəticədə biz həmin xətləri müsabiqəyə çıxarıb, ”Bakubus" şirkətinə verdik. Getdikcə digər marşrut xətləri də eyni qayda üzrə müsabiqəyə çıxarılacaq".

Nəqliyyat üzrə ekspert İlqar Hüseynov “Yeni Müsavat”a bildirib ki, sürücülük üçün müraciət edənlər ilk növbədə ciddi şəkildə müayinədən keçirilməlidir:

“Əslində biz bilirik ki, sərxoş sürücüləri müəyyənləşdirmək mexanizmi çox asandır. Yəni dövlət yol polisinin əməkdaşlarının əlində xüsusi cihaz olur və bu cihaz vasitəsilə asanlıqla sürücünün alkoqol qəbul edib-etməməsini müəyyənləşdirmək mümkün olur. Ancaq narkotik maddə qəbul etmiş sürücülərin yalnız davranışlarından şübhələnmək olar ki, o, hansısa maddə qəbul edib. Eyni zamanda Dövlət Yol Polisi əməkdaşları hansısa cihazla da təmin edilməyiblər ki, bu cür sürücüləri müəyyənləşdirsinlər. Daşıyıcı şirkətlər işə götürdükləri hər bir sürücüdən narkoloji test olunmağı tələb etməlidirlər. Narkoloji dispanserdən sürücülər keçib, analizin nəticələrini gətirməlidirlər. Şirkət də bilməlidir ki, doğrudan da bu sürücü narkotik aludəçisi deyil. Bunun mexanizmi o qədər mürəkkəbdir ki, yalnız narkoloji testlər vasitəsilə müəyyən etmək olar ki, sürücü narkotik maddə qəbul edib. Şübhəsiz ki, bu, sərnişinlərin həyatı üçün təhlükə yaradır. Ona görə də daşıyıcı şirkətlər diqqətli və məsuliyyətli olmalıdır. İş vaxtı sürücünün narkotik qəbul etdiyini müəyyənləşdirmək çətindir. Çünki avtobuslar adətən dövlət yol polisləri tərəfindən saxlanılmır. İri tutumlu sərnişin avtobuslarında sürücülərdə bir arxayınlıq yaranır ki, onsuz da onları yol polisləri saxlamayacaqlar. Hətta xüsusi yollar var ki, həmin yollara da avtobuslar girə bilirlər. Yəni avtobuslar üçün kifayət qədər imkanlar yaradılıb. Bu imkanlardan sui-istifadə etmək olmaz”.

Məlumat üçün qeyd edək ki, Biləcəri istiqamətində hərəkət edən 10-XX-144 dövlət nişanlı avtobusun sürücüsü Cəfər Xəndan küçəsində saxlanılıb. Saxlanılan zaman lazımi sənədlərin təqdim olunmaması, eyni zamanda, sürücünün özünü şübhəli aparması onunla bağlı zəruri tədbirlər görülməsinə səbəb olub. Həmin sürücü dərhal tibbi müayinədən keçirilib və məlum olub ki, Masallı rayon sakini, 1984-cü il təvəllüdlü İlkin Tağıyev spirtli içkinin təsirində olub.

Beləliklə də barəsində tərtib edilmiş sənədlər aidiyyətı üzrə tədbirlərin görülməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Hakimin qərarı ilə sürücüyə 30 sutka həbs cəzası verilib və bir il sürücülük hüququndan məhrum edilib. 202 nömrəli marşrut xəttinə baxan kolon rəisi Oqtay Qurbanova isə 15 gün inzibati həbs qərarı verilib və o, işindən azad olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.