Azərbaycanın taleyini dəyişən faciə…

4-09-2018, 20:39           
Azərbaycanın taleyini dəyişən faciə…
Teref.az olaraq 1991- cı il vertalyot faciəmizlə bağlı ortalıqda yenidən tirajlanan bu qara iftiranın cavabını vermək üçün keçmişə qayıdaraq bu yazını ictimaiyyətə təqdim edirik!
…ONLAR MÜSTƏQİL DÖVLƏTÇİLİYİMİZİN İLK ŞƏHİDLƏRİ İDİ…

Ən böyük düşmənimiz kimdir? Əksəriyyət o saat xorla deyəcək: “Ermənilər!..” Yanlış cavabdı. Əsl düşmənimiz bizi erməni axçılərinin, erməni çaxırının qulu edən qüvvədi... Ən böyük düşmənimiz nəfsimizdi, tamahımızdı... İblis və onun Yerdəki canişinləri bütün haram əməlləri nəfs vasitəsilə yapdırır bizlərə... Haqqa göz yumduran, düşmənin dəyirmanına su tökdürən, rüşvət verdirən, rüşvət aldıran, seçkiləri saxtalaşdıran, həqiqətləri malaladıb tarixi saxtalaşdıran da nəfsimizdi... Buna görə bu günümüz də, keçmişimiz də müəmma və yalanlarla doludur...

20 Noyabr... Azərbaycanın və ümumilikdə regionun taleyini tamamilə dəyişən bir faciə törədildi həmin gün... Dağlıq Qarabağa sülh missiyası ilə gəlmiş insanları aparan vertolyot Qarakənd səmasında naməlum şəraitdə yerə salınaraq partladıldı... Vertolyotda Rusiya və Qazaxıstan hərbçiləri və hökumət nümayəndələri ilə bərabər Azərbaycan dövlətinin 7 nümayəndəsi, iki millət vəkili, bir jurnalist və iki televiziya işçisi həlak oldu...
“Mütəllibov vurdudu vertolyotu!”, “Tamerlan Qarayev niyə minmədi o vertolyota?”, “Qatır Məmməd”(Yaqub Rzayev) raketlə vurdu” və s. kimi düşmən şayiələrindən formalaşaraq nifrəti özümüzə yönəltməyə hesablanmış bəsit düşüncələr bizləri hədəfdən yayındırır, 20 Noyabrın əsl mahiyyətini anlamağa imkan vermir. Bunu anlamaq üçün ilk növbədə bir neçə suala cavab vermək lazımdı. O vertolyotda həlak olan Azərbaycan vətəndaşları kimlər idi? Faciə ərəfəsində bölgədə hansı proseslər gedir və həmin proseslərdə onlar necə iştirak edirdi? Onların qətli hansı qüvvələrə və kimlərə sərf edirdi? Onlar qətlə yetirilməsəydi, Qarabağın, Azərbaycanın taleyi necə olardı?..

Onlar cəmi 32 gün əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycanın dövlət və ziyalı elitasının üzvləri idi. Hər biri şəhid kimi əzizdi. Ancaq ölkəmiz üçün ən önəmli üç fiqur: demək olar ki, Baş nazir statusunda olan Tofiq İsmayılov, dövlət müşaviri (keçmiş daxili işlər naziri) Məhəmməd Əsədov və Baş prokuror İsmət Qayıbov... Bu üçlük Azərbaycanın, regionun taleyinə çox önəmli təsir göstərən və göstərə biləcək şəxsiyyətlər idi. Onların rəhbərliyi altında artıq Qarabağdakı erməni quldur bazalarına sarsıdıcı zərbələr vurulmuş və məsələnin həlli istiqamətində digər siyasi addımlar atılırdu...
Faciə ərəfəsində keçmiş SSRİ, o cümlədən Güney Qafqaz ərazisində çox xaotik proseslər gedirdi... Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 1991-ci ilin martında ümumittifaq referendumunda respublika əhalisinin əksəriyyətinin SSRİ-nin saxlanmasına “səs verməsi”nə şərait yaratmış, Ermənistan isə əksinə “yox” demişdi... Görünür, bu səbəbdən 1991-ci ilin aprel-mayında Gəncəbasar ərazisində keçmiş SSRİ Daxili Qoşun əsgərlərinin dəstəyi və “OMON” (Xüsusi Təyinatlı Milis Dəstəsi- Məhəmməd Əsədovun əmri ilə 1990-cı ilin payızında yaradılmışdı) döyüşçülərinin fəal iştirakı ilə böyük bir erməni terrorçu bazasının məhv edilməsi ilə nəticələnən Çaykənd əməliyyatı keçirildi...
Bu, SSRİ DİN-in rəhbərliyi ilə Azərbaycan və Ermənistan ərazilərində keçirilən “Koltso” adlı ümumi əməliyyatın tərkib hissəsi idi. Həmin əməliyyatda fəal iştirak etmiş keçmiş MTN polkovniki İlham İsmayıl haqlı olaraq onu “unudulmuş qələbə” adlandırır... Elə o günlərdə “omonçu”lar və digər milis bölmələrinin, eləcə də AXC dəstələrinin iştirakı ilə Şuşanın Qaladərəsi və Kirov kəndlərində, iyul ayında isə Goranboyun Manaşid, Buzluq, Erkəc kəndlərində və digər yerlərdə düşmənin bir sıra baza məntəqələri məhv edildi və həmin ərazilərdə sabitlik yaradıldı... Bu uğurda daxili işlər naziri Məhəmməd Əsədovun rolu şəksiz idi. O, tez-tez qaynar nöqtələrə gedir, yerli əhali ilə sıx ünsiyyətdə olurdı... Təəssüf ki, sonrakı illər, eləcə də bu gün, o dövrkü Mütəllibov hakimiyyətinə olan antipatiyadandı-nədəndi, qeyrətli vəzifə sahiblərimizin uğurları unutdurulur, kölgə altına salınır...

1991-ci ilin payızında Rusiya və Qazaxıstanın vasitəçiliyi ilə sülh danışıqları da aktivləşdirilmiş, Jeleznovodskda, İcevanda, Bakıda rəsmi görüşlər keçirilmişdi... Azərbaycanın adları çəkilən dövlət xadimləri də bu prosesdə fəal iştirak edirdi...

Vəzifəsinin icrasına 1991-ci ilin sentyabrında başlasa da, akademik Tofiq İsmayılov keçmiş SSRİ-dəki nüfuzu və Kremldə Yanvar faciəsinin müzakirəsi zamanı Qorbaçovu ayağa qalxmağa vadar etmiş bir şəxsiyyət kimi xalq arasındakı hörməti sayəsində var gücünü Qarabağ probleminin həllinə yönəltməyə çalışırdı...

Cəmi bir ilə yaxın vəzifə başına gəlmiş cavan, enerjili Baş prokuror İsmət Qayıbov erməni terrorçularına qarşı qanun çərçivəsində fəal mübarizə aparırdı. Xalqın əksəriyyətinin qəlbində adı çəkilən şəxslərə, o cümlədən tanınmış jurnalistlər – Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Osman Mirzəyevə, AzTV-nin müxbiri, ”Dəli bir ağlamaq keçir könlümdən...” -deyən Alı Mustafayevə qarşı dərin məhəbbət hissi yaranırdı... Allah Baş nazirin müavini Zülfü Hacıyevə, nazir müavini Qurban Namazəliyevə, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədova, AzTV-də işıqçı Arif Hüseynzadəyə, operator Fəxrəddin Şahbazova, Tofiq İsmayılovun köməkçisi Rafiq Məmmədova da rəhmət eləsin! Onların da hər birinin xalq arasında və işlədiyi sahədə özlərinə məxsus hörmət və nüfuzları vardı...

Beləliklə, müstəqil dövlətimizin başında sovet Azərbaycanının milli müstəqillik hərəkatı burulğanında üzə çıxan “qaymağı”ndan ibarət milli qeyrətli elita formalaşırdı. Bu isə həm erməni daşnaklarının, həm də SSRİ-nin parçalanmasını başa çatdıraraq keçmiş müttəfiq respublikaları, o cümlədən Azərbaycanı öz ssenarilərinə uyğun idarə etməyə çalışan xarici qüvvələrin və onların daxili dayaqlarının maraqlarına zidd idi. Həmin elita torpaqların işğalının qarşısını almağa, regionda sabitlik yaratmağa cəhd edirdi, amma məkrli ssenarilərə görə sovetlər birliyi tam çökməmiş, Azərbaycan torpaqlarının xeyli hissəsi işğal edilməmiş, hakimiyyətə xaricdən idarə edilən marionet qüvvələr gətirilməmiş bu sabitlik yaradılmamalıydı... İqtidarda xalq tərəfindən sevilən heç bir qüvvə olmamalıydı. Guya xalqın içərisindən çıxmış süni qəhrəmanlar yetişdirilməli və onlar gələcək hakimiyyətin yolunun açılmasına şərait yaratmalı idilər...

Bu elita gələcəkdə xalqımıza qarşı həyata keçiriləcək digər antimilli planların da qarşısını alacaqdı...

Bu, bir həqiqətdir ki, Tofiq İsmayılov, Məhəmməd Əsədov və İsmət Qayıbov üçlüyü 1990-cı il Yanvar hadisələrindən sonra SSRİ-nin saxlanmasına səs verdirmiş, QKÇP-ni dəstəkləmiş, “Moskvanın adamı” olan bir kommunist kimi Ayaz Mütəllibova qarşı xalqda formalaşdırılan nifrəti arxa plana keçirirdi...
Özünüz düşünün, bu üçlük hakimiyyətdə qalsaydı, ermənilər ciddi müqavimət görmədən Daşaltı, Qaradağlı, Xocalı faciələrini törədə, Şuşa və Laçını işğal edə bilərdimi? Bu halda Mütəllibovu belə asanlıqla yıxmaq və AXC-ni hakimiyyətə gətirmək mümkün olardımı?..

Bir sözlə, bu komanda əvvəlcədən ciddi planlaşdırılmış terror nəticəsində məhv edilməli idi. Burada Azərbaycan tərəfdən kimlərinsə iştirakı barədə söz-söhbətlərə gəlincə, təbii ki, bu cür hadisələrdə xəyanətkarlardan istifadə edilir. Ancaq onlar çox zaman hakimiyyətdə, üzdə olmur, pərdə arxasında gizlənirlər... Və sözsüz ki, o dövrdə isti-isti obyektiv istintaq keçirmək mümkün olsaydı, onların ən azı izinə düşmək mümkün idi... Vertolyotun “qara qutusu”nun başqa yerə yox, məhz Moskvaya göndərdilməsi də çox mətləblərdən xəbər verir...

Sözsüz ki, burada mason-sionist idarəçilərinin təsir dairəsində olan keçmiş sovet “KQB”-nin də, “QRU”nun (Rus ordusunda Baş Kəşfiyyat İdarəsi) da, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) də, eləcə də münaqişə və müharibələrdən külli miqdarda qazanc götürən SSRİ Hərbi Sənaye Kompleksinin də iştirakı mümkün idi...

Bəzi məlumatlara görə, vertolyot yerə düşürüldükdən sonra erməni terrorçuları tərəfindən ABŞ istehsalı olan “Barret M81-A1” markalı, tərkibində birləşmiş uran izotopu olan 50 kalibrli silahla vurulmuşdur ki, bu da yəqin ki, yaranacaq çox yüksək istilikdə “qara qutu”nun tam yararsız vəziyyətə düşməsi məqsədi daşıya bilərdi. Məsələ ondadır ki, bu cür silahların MKİ-nin razılığı olmadan terrorçu qrupların əlinə keçməsi çətin məsələdir...

Müəmmalı məqamların çoxu, təbii ki, Moskva ilə bağlıdır...Faciədən iki gün əvvəl –noyabrın 18-də Moskvadan SSRİ prezidenti Qorbaçovun şəxsi köməkçisi tərəfindən Bakıya – Prezident Aparatına zəng olunub xahiş edilir ki, Qarabağ məsələsi ilə bağlı yaradılmış Təhlükəsizlik Şurasının növbəti iclası Dağlıq Qarabağda keçirilsin. Bu məqsədlə o zaman dövlət müşaviri işləyən Aərbaycan KPMK-nın keçmiş ikinci katibi V.Polyaniçkonun rəhbərlik edəcəyi nümayəndələrdən ibarət siyahı tərtib edilir. Lakin sonradan nədənsə Moskva bu siyahıya mütləq Tofiq İsmayılovun və İsmət Qayıbovun da salınmasını xahiş edir... Və Polyaniçko bu siyahıdan da çıxarılır... Xülasə, noyabrın 20-də Ağdamda Moskva və DQ nümayəndələrinin də iştirakı ilə müşavirə keçirilir. Və çox güman ki, faciənin ssenarisinin əsas gedişi orada edilir. Müşavirədən çox gərgin, emosional vəziyyətdə çıxan dövlət katibi Tofiq İsmayılov, İsmət Qayıbov və Məhəmməd Əsədov bayırda bir neç gün əvvəl ermənilərin Xocavənddə keçirdiyi qırğınlar nəticəsində Ağdama pənah gətirmiş sakinlərin, eləcə də Ermənistan qaçqınlarının, xüsusən anaların qəzəbli çıxışları ilə qarşılaşır və nəticədə müşahidəçilərlə birlikdə vertolyotla hadisə yerinə - Xocavəndə yollanmağa qərar verirlər... Burada Kremlin canişini Polyaniçkonun pərdə arxasında olan milli xəyanətkarla birgə yaratdığı təxribat qruplarının da rolu mümkün idi...

20 Noyabr həm də Rusiyanın imperiyapərəst qüvvələrinin yenicə elan edilmiş müstəqilliyimizə görə törətdiyi qisas aktı da ola bilərdi. Bu mənada orada şəhid olmuş dövlət xadimləri və ziyalılar müstəqil dövlətçiliyimizin ilk elitar şəhidləri hesab olunmalıdı... Fəqət, onlara münasibətdə ayrıseçkilik də qəlbləri ağrıdır. Hansı səbəndən 1992-ci ildə prezident Əbülfəz Elçibəy jurnalist Alı Mustafayevə, AzTV-nin operatoru Fəxrəddin Şahbazova və işıqçı Arif Hüseynzadəyə şəhid statusu və Milli Qəhrəman adı verdi, ancaq digər nüfuzlu dövlət xadimlərinə istər AXC, istərsə də indiki hakimiyyət dövründə heç şəhid statusu da verilmədi?.. Onların Fəxri Xiyabandakı məzarları üzərinə yalnız ad və soyadları yazılıb, heç olmasa erməni terrorunun qurbanı olduqları da qeyd edilməyib...

Allah cəmi şəhidlərimiz kimi, 20 Noyabr şəhidlərinə də rəhmət etsin, məzarları nurla dolsun! Artıq 21 ildir ki, xalqımız və həmin şəhidlərin əzizləri bu terror aktının sifarişçilərinin və icraçılarının tapılaraq cəzalandırılacağını gözləyir... Sözsüz ki, qatilləri Allah daha dəqiq bilir və onlara ən böyük cəzanı da O verəcək, bəlkə də artıq veribdi...
modern.az
20.11.2012












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.