Rusiya rublu ucuzlaşmaqdan niyə qorumur? – Maraqlı məqam

11-09-2018, 09:15           
Rusiya rublu ucuzlaşmaqdan niyə qorumur? – Maraqlı məqam
Rusiya valyuta ehtiyatlarını qorumaq üçün inzibati qaydada rublun məzənnəsinə müdaxilə etmir.

Bu sözləri Axar.az-a Rusiya hökumətinin rublun ucuzlaşmasının qarşısını almaq üçün hər hansı addım atmamasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dövlətin əlində təbii ki, alətlər var:

“Amma 1998-ci ildə Rusiyada maliyyə böhranı olub. “Qara gün” kimi bu tarix hələ də yadda qalır. O zaman dövlət resursları hesabına kifayət qədər rublun məzənnəsini inzibati qaydada saxlamağa çalışırdı. Amma nəticədə resurslar da azaldı, rubl da dəyərdən düşdü. Bundan dərs çıxaran Rusiya 1998-ci ildən sonra tam üzən məzənnə rejiminə keçməyə qərar verdi. Bu gün Rusiyada kifayət qədər çevik və üzən məzənnə rejimi tətbiq olunur”.

Ekspert qeyd edib ki, dövlət valyuta ehtiyatlarının satılması, Mərkəzi Bank və Maliyyə Nazirliyi xətti ilə rublu möhkəmləndirə bilər:

“Amma Rusiya bunun mənasını görmür. Birincisi, Rusiyada rublun dəyərdən düşməsinin əsas səbəblərindən biri beynəlxalq gərgin münasibətlərdir. Yəni Rusiyanın Qərblə kifayət qədər gərgin münasibətləri var, sanksiya rejimində yaşayır. Sanksiyaların getdikcə artması ehtimalı da yüksəkdir. Buna görə də rublun dəyərdən düşməsi daha da sürətlənib. Baxmayaraq ki, bu sanksiyalar olmasaydı, neftin indiki qiymətləri olsaydı, rus rublu kifayət qədər möhkəmlənə bilərdi. Amma sanksiyalar rus rublunun daha çox dəyərdən düşməsinə səbəb olur. Hökumət də bunu anlayır. Ona görə də bunun qarşısını almağın mənasız olduğunu və ehtiyatların sürətlə azala biləcəyini düşünərək, sərbəst məzənnə rejiminin davam etməsində maraqlıdır”.

Ekspertin sözlərinə görə, birjalarda rus rublu son iki aydır davamlı şəkildə 15%-ə qədər dəyərdən düşüb:

“Bu prosesin davam edəcəyi ehtimal olunur. Artıq Rusiya iqtisadiyyatı da yeni dönəmə adaptasiya olub. Əslində milli valyutaların dəyərdən düşməsi çox pis hal deyil. Bu iqtisadi istehsalı, xarici ticarəti stimullaşdırır. Milli valyutaların ucuzlaşmasını hər zaman pis qələmə vermək doğru yanaşma sayılmaz. Rusiya iqtisadiyyatı da buna adaptasiya olunub deyə, rublun möhkəmləməsi üçün hansısa addımlar atmır. Ona görə də bir günün içərisində rubl 15-20%-ə qədər dəyərdən düşməyənə qədər Rusiyada hökumətin rublun uculaşmasına müdaxilə edəcəyini düşünmürəm. Yalnız belə olan halda valyuta ehtiyatlarından istifadə edərək, məzənnənin sabitləşməsinə çalışacaq. Amma hələ ki, bunu etməyəcək. Ehtiyatları qorumaq üçün Rusiya hökuməti doğru qərar verir”.

Qeyd edək ki, “Blumberq”in məşhur analitikləri Rusiyanın 450 milyard civarında valyuta ehtiyatlarının və neftin qiymətinin baha olduğunu bildirərək, Rusiyanın rublu gücləndirmək iqtidarında olduğunu, amma buna getmədiyini açıqlayıblar.

Bu gün 1 dollar 70 rubl civarındadır ki, bu da son 30 ayın rekordu sayılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.