Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
23-11-2020, 16:40
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir.
Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
Ağdam rayonunun işğaldan azad olunması xalqımız üçün böyük bir tarixi hadisə oldu. Minlərlə Ağdam sakini Ağdam rayonunda, yüz minlərlə insan isə Bakıda və ölkəmizin digər bölgələrində küçələrə çıxaraq böyük coşqu və sevinc hissi ilə bu qələbəmizi qeyd etdilər.
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.
Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
10 noyabr şanlı Qələbəmiz Azərbaycan xalqına uzun müddətdir ki, həsrətini çəkdiyi, yolunu böyük ümidlə gözlədiyi ən böyük sevinci yaşatdı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Azərbaycan Ordusunun Vətənimizin ayrılmaz tarixi parçası, qədim və zəngin mədəniyyətimizin sönməz ocağı, böyük şair, musiqiçi və mütəfəkkirlər yetişdirmiş Dağlıq Qarabağın mənfur düşmənin tapdağından azad olunduğunu bəyan etməklə növbəti qələbələri yaşayacağımızı bildirdi. Noyabrın 20-si Ağdamın azad edilməsi bunun təsdiqidir.
Həmin gün Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılmış və Azərbaycan ordu hissələri əraziyə daxil olmuşdur.
Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdır. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhfil verilməsi prosesi də uğurla başa çatacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Vaxtilə Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşlardan ibarət yay sarayı inşa edib, bu imarət ərazidə bir növ istiqamət ünvanına çevrilib. Bu mənada “Ağdam” – nurlanmış işıqlı, ağ ev anlamındadır. “Pənahəli xanın imarəti” adı ilə tanınan abidə dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə - Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib.
Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edirlatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhər tipli yaşayış məskəni də hesab edilir. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqarçayı boyunca məskunlaşıblar.
Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyat abidələri vardır. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilmişdir. Bundan əlavə, dini ibadətgahlardan olan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.
Artıq dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinin planı hazırlanır. Baxmayaraq ki, vəhşi ermənilər bu torpaqlarımızda hər şeyi dağıtmış, yerlə-yeksan etmişdir, onlara daha yaxşı qurulucaq. Əvvəlkindən də artıq gözəl görüntüyə malik olacaqlar. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində də bildirmişdir ki, “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər: «Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar». Whatsappla göndər
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü