"Böyük Türk dünyası bizlərə doğma olduğu üçün..." - Ülvi Quliyev

19-06-2021, 11:25           
 "Böyük Türk dünyası bizlərə doğma olduğu üçün..." - Ülvi Quliyev
Tarixdə şəxsiyyətlərin rolu bütün zamanlarda dartışılan, həssas mövzulardan biri olub. Dünyanın keçdiyi təkamül prosesinin istənilən mərhələsində, ictənilən ictimai formasiya çərçivəsində liderlik zirvəsinə ucalan tarixi şəxsiyyətlərin dəyərləndirilməsi bəzən onilliklər, hətta əsrlər tələb edib. Böyük şəxsiyyətlərin danılmaz xidmətlərinə münasibət heç də həmişə adekvat və obyektiv olmayıb. Onların bir çoxu sağlığında öz müasirləri tərəfindən ya başa düşülməyiblər, ya da siyasi qısqanclığa görə qərəzli yanaşma ilə üzləşiblər. Bu cür nümunələr tarixdə yetərincədir, istənilən cəmiyyətin həyatında onlara rast gəlmək mümkündür. Ədalət tərəzisinin əyilməsinə fərqli motivlərlə bəraət qazandırmağa cəhd göstərilsə də, müəyyən zaman kəsiyindən sonra həmin motivlər puç olub, iflasa uğrayıb. Çünki, mayasında paxıllıq, xəbislik, ən yüngül halında isə müasirlərinin elementar qısqanclığı dayanıb. Ola bilsin ki, elm, incəsənət və mədəniyyət xadimləri yaşadıqları dövrdə, həqiqətən, başa düşülmədiklərinə görə layiq olduqları dəyəri ala bilməyiblər. Lakin ictimai və dövlət xadimləri, siyasi liderlər öz həmkarlarının qısqanclığına daha çox məruz qaldıqlarından, onların ictimai dəyərləndirilməsi əksər hallarda gecikib, buna uzun zaman gərək olub. Uduzan və itirən isə həmin tarixi şəxsiyyətlər deyil, mənsub olduqları cəmiyyətlər, yaşadıqları ictimai-siyasi quruluşlar olub...

Böyük Türk dünyası bizlərə doğma olduğu üçün, uzaq zamanlara getmədən, müasir dövrümüzdəki nümunələrə diqqət yetirsək, kifayətdir. Təkcə ərazi bütövlüyümüzü deyil, milli qürurumuzu da hədəf seçən erməni işğalına son qoymaq üçün 28 il lazım oldu. Son iki əsrlik tariximizdə ilk dəfədir ki, itirdiyimiz, zorla əlimizdən alınan ərazilər geri qaytarılıdı: şəhidlərimizin və qazilərimizin həyatı-qanı bahasına, Azərbaycan əsgər və zabitinin şücaəti və fədakarlığı sayəsində, xalqımızın tarixi birliyi hesabına . Amma Müzəffər Sərkərdə qabiliyyəti, Ali Baş Komandan qətiyyəti olmadan, bu cür qələbələr ərsəyə gəlmir. Müasir dünya idarəçiliyindəki ziddiyyətləri, ikili standartları, məlum fobiyalar üzündən ayrı-seçkilik faktlarını da nəzərə alsaq, görərik ki, siyasi lider keyfiyyətləri olmadıqda, hərbi qələbələr də mümkünsüz olur. Yəni, tarixdə şəxsiyyətlərin rolu ilə bağlı məsələ yenə də önə çıxır. Təəssüf ki, ötənlərdən nəticə çıxarmayan, ibrət almayanlar hələki var, xüsusən, siyasət camiyəsində. Onların yanaşmasına görə, nə olursa-olsun, Qələbənin altına kimin imzası yazılırsa-yazılsın, təki bir nəfərin-siyasi Liderin Qələbədəki rolu gündəmə gəlməsin, yada düşməsin, hətta ümumi qələbəmizə kölgə salmaq bahasına olsa belə... Yeganə səbəb qısqanclıq və siyasi cılızlıqdır. Anlaşılsın deyə, Konfutsinin bu kəlamını xatırlatmağı gərəkli hesab etdim: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”. Prezident İlham Əliyev-Böyükdür, Böyük Rəhbərdir. Bu həqiqəti həmin siyasi qısqanclar, nəhayət, dərk və qəbul etməlidirlər. Kimsə tarixi həqiqəti qəbul etməkdə çətinlik çəkəcəksə, məhz belələri üçün Əbu Turxanın bu deyimini yada salmağı faydalı hesab edirəm: “Miskinlər öz həndəvərində hansısa bir dahinin mövcudluğuna dözə bilmirlər”. Amma xalqımız çox müdrikdir, yəqin, miskinlərin də çarəsini tapar...

İyunun 15-də qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa, qədim mədəniyyət beşiyimizə-Şuşaya səfər etdi. Xalqımız həmin səfəri xüsusi həssaslıq və səbrsizliklə gözləyirdi. Məhz Milli Qurtuluş Günündə baş verən bu tarixi hadisə bir daha sübut etdi ki, xalqımız gözləntisində yanılmayıb. Prezident İlham Əliyev bütün dünyanın gözü qarşısında Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimini Şuşada keçirdi. Elə həmin gün, Qars müqaviləsindən 100 il sonra, Şuşa Bəyannaməsi-Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Ərazi bütövlüyümüzün və dövlət müstəqilliyimizin daha etibarlı qorunmasına təminat verən bu hüquqi-siyasi sənədin əks-sədası, Prezidentimizin dediyi kimi, hələ uzun illər eşidiləcək. Çünki, əsrlər əvvəl arzu olaraq yaşatdığımız hədəf gerçəkləşib.

Səhəri gün hörmətli Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə tarixi çıxış etdi. Müttəfiqliyimizə qısqanclıqla yanaşanlara, bu səbəbdən kin-kidurət və nifrət içərisində boğulanlara, “gözləri olub-görməyənlərə”, “qulaqları olub-duymayanlara” öz ismarıcını göndərdi. Heç şübhəsiz ki, bu mesajlar Ermənistan və havadarlarını hər zaman səksəkədə saxlayacaq...

Təəssüf ki, Prezident Rəcəb Tayyib Ərdoğan kimi Böyüklər də qardaş Türkiyədə zamanında siyasi qısqancların hədəfinə tuş gəlib, hətta bir şerə görə məhbəs həyatını yaşamalı olub. Türkiyə Cumhuriyətinə və Türk dünyasına göstərdiyi əvəzsiz xidmətlərə rəğmən, bugünün özündə belə, o, yenə də siyasi qısqancların hədəfindədir. Oradakı bəzi qardaşlarımız unudurlar ki, Türk dünyasında Atatürk, Heydər Əliyev, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və bu miqyasda olan başqa tarixi şəxsiyyətlərimizin varlığı kənardakı bədxahlarımızın rahatlığını çoxdan pozub. Xalqlarımızın və dövlətlərimizin maraqlarını onların məkrli niyyətlərindən qətiyyətlə qoruduqları üçün, belə şəxsiyyətlərin həyat və sağlamlığı hər zaman təhlükə altında olub, indi də belədir. Çünki, onlar böyük Türk dünyasının önündə dayanan, təhdid və təzyiqləri, hədə və zərbələri açıq gözlə qarşılayan Fatehlərdir. Axı, niyə bizlər dünya tarixindəki yanlışlıqlardan nəticə çıxarmamalıyıq, öz tarixi şəxsiyyətlərimizə zamanında dəyər verməməliyik?!

Doğru nəticə çıxara bilməyimiz üçün, sonda məşhur yazıçı və tənqidçi Anatol Fransın bu kəlamını yada salıram: “Ən nadir mərdlik-fikir mərdliyidir”. Bizlərə yaraşan da belə mərdlikdir-şəxsiyyətlərin tarixi xidmətlərinin zamanında etirafıdır. Çünki, Heyne deyirdi ki: “Qəhrəmanlar gedəndə səhnəyə təlxəklər çıxır”. Buna isə, əsla yol vermək, düşmənlərimizi və bədxahlarımızı sevindirmək olmaz.

Ülvi Quliyev

Milli Məclisin deputatı
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.