İslamiyadadakı uğur idmançılarımızı yeni qələbələrə ruhlandırır
23-08-2022, 10:53
Bu ilin avqust ayında qardaş Türkiyə Respublikasınını Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan nümayəndə heyəti bu Oyunlarda ən böyük nümayəndə heyəti ilə - 282 idmançı və əlavə olaraq, məşqçi, texniki, idman heyəti ilə yanaşı, media və rəsmi nümayəndələrlə birlikdə 484 nəfərlə təmsil olunmuşdu. Azərbaycan idmançıları bu oyunları uğurla başa vuraraq 99 medal qazanıblar. Onlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü bürünc olmaqla komandamız 50-dən çox iştirakçı ölkə arasında 4-cü yer tutmuşdur.
Bu böyük qələbə münasibəti ilə avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər. Dövlət başçısı cənab İlham Əliyev bu görüşdə bir daha bildirildi ki, ilk dəfə qalib ölkəni təmsil edən idmançılarımız bu missiyanı layiqincə yerinə yetirdilər.
Son illərdə Azərbaycanda idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən Ulu Öndər Heydər Əliyev fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır.
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması- ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi, 2017-ci ildə islam həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də deyilənlərin təsdiqidir.
Azərbaycan hər sahədə uğurlu təcrübəyə malik olduğunu dünyaya nümayiş etdirir. Təbii ki, bu uğurlar dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış uğurlu siyasətinin bəhrəsidir. Qeyd olunan görüşdə «Dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bu yarışda idmançılarımızın qazandığı 99 medal bir daha ölkəmizin gücünü göstərdi.
V İslam Həmrəyliyi Oyunları tarixə çevrildi. Hər bir uğurlu nəticə yeni hədəflərə böyük stimuldur. Dövlət başçısı İlham Əliyev daim bu tezisi irələ sürür ki, «Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.» İdmanda qazanılan uğurlarımız, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Ölkəmizdə həm paytaxt Bakıda, həm də bölgələrdə müasir idman kompleksləri tikilib istifadəyə verilib. Bu idman kompleksləri gənclərə idmanın hər biri növünə dərindən yiyələnmələrinə geniş imkanlar açır. Həmçinin gənclərin sağlam ruhda tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədilə onların asudə vaxtlardan səmərəli istifadə etməsində də bu idman komplekslərinin əhəmiyyəti böyükdür.
İslam həmrəliyinə növbəti töhfə olan V İslam Həmrəyliyi Oyunlarında qazandığımız uğurlar növbəti yarışlar üçün böyük stimul olaraq, idmançılarımızı daha böyük nəticələrə ruhlandırır.
Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və
İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası,
Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri