Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənəd - İsrafil Kərimovun yazısı

8-10-2022, 12:48           
Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənəd -
Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənəd
bir neçə gündür ki, ölkə ictimaiyyəti, əksər xarici ölkələrin
rəhbərləri və diplomatları 6 oktyabr tarixində Çexiya Respublikasının
paytaxtı qədim Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin
Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş
naziri ilə görüşlərini, bu zaman əldə edilən razılaşmaları geniş müzakirə
edirlər. Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex
Respublikasının Baş naziri Petr Fiala dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə
Toplantısında iştirak etmək üçün Praqaya səfəri çərçivəsində reallaşıb.
Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi
əlaqələndirmə platformasıdır. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin
dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən “Avropa siyasi
birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik
ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri
zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və
hərəkətlilik məsələlərini müzakirə ediblər.
Zirvə Toplantısında və onun çərçivəsində keçirilən görüşlərdə qeyd
edilib ki, Azərbaycan Avropa İttifaqı arasında bir sıra istiqamətlər üzrə və
ilk növbədə, enerji sahəsində çox fəal əməkdaşlıq aparılır. Buna misal
olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda
imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün
Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat vardır və
bunu hamı gözəl başa güşür.
Bu gün Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yeni saziş üzərində
iş aparılır və sazişin böyük əksəriyyəti artıq razılaşdırılıb. Son aylar ərzində
Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı çoxalıb, eyni
zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb.
Vurğulanıb ki, ölkəmizlə Avropa İttifaqı ölkələri arasında nəqliyyat
sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi
vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir.
Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə
tutulur. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də,
sərmayə qoyuluşu sahəsində də özünü göstərir.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqının da vasitəçiliyi ilə
Azərbaycan və Ermənistan arasında sülhə yavaş-yavaş yaxınlaşılır.
Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib. Bu il dördtərəfli görüş Şarl
Mişel və Emmanuel Makron tərəfindən təşkil edilib və bu görüş zamanı da
önəmli məsələlər müzakirə olunub. Praqada keçirilən görüşdə də müəyyən
irəliləyişlər əldə edilib.
Ən başlıcası isə bu görüş Azərbaycanın növbəti diplomatik qələbəsi
ilə nəticələnib. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel
Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda
ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Görüşün
nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan
BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir
daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.
Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün
əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə
keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ
üzərində hakimiyyətini tanımış oldu.
Görüşdə iki dövlət arasında sərhədlərin delimitasiyasına razılıq əldə
olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının
göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa
razılıq verib.
Sevindirici haldır ki, Praqada təşkil olunmuş və 5 saatdan artıq davam
edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və
Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin
peşəkar diplomatiyası nəticəsində qarşısı alındı.
Praqadakı yüksək səviyyəli görüş Azərbaycanın və onun Prezidenti
cənab İlham Əliyevin növbəti diplomatik qələbəsi ilə başa çatdı.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.