Beynəlxalq yük daşımalarının artırılması Azərbaycan üçün mühüm məsələdir

28-11-2022, 18:03           
Beynəlxalq yük daşımalarının artırılması  Azərbaycan üçün mühüm  məsələdir
Noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışı zamanı Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycanın nəqliyyat-loqistika mərkəzinə çevrilməsi işi bu gün xarici siyasətində çox önəmli məsələdir. Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq: “Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək”.
Eyni zamanda, dövlətimizin başçısı bildirib ki, dəniz ticarət limanları ilə yanaşı, beynəlxalq hava limanları ilə də yük daşımalarının artırılması prirotiet məsələdir: «Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olması ilə bağlı potensialımızı əlavə etsək, biz, əlbəttə ki, planlaşdırdıqlarımıza nail olacağımızı görəcəyik. Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün bizə sözsüz ki, yeni tankerlər, bərələr və yük gəmiləri lazım olacaq.»
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş, yaxud hazırda qurulur. Azərbaycanın üç telekommunikasiya peyki - "Azərspace-1", "Azersky" və "Azərspace-2" orbitə çıxarılmış, Xəzər dənizinin dibi ilə Avropanı Asiya ilə birləşdirəcək kommunikasiya vasitələrinin çəkilişinə start verilmişdir. Azərbaycanın regional və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizi qısa müddətdə Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevirmişdir.
Bir sözlə, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib və bu gün də verməkdədir. Xüsusilə 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Yəni yaxın gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
Tufan Məmmədov – iqtisadçı ekspert
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.