Azərbaycanın real maraqlarını təmin etmək üçün istənilən imkanlar vardır
12-01-2023, 10:47
Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir sıra mühüm əhəmiyyət daşıyan məqamlara toxundu, Ermənistan və onun havadarlarına mesajlar ünvanladı. Azərbaycan 30 illik işğal dövründə dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri yaşadı. Buna baxmayaraq Azərbaycan bütün sahələrdə daha da gücləndi, qüdrətləndi, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatı əsasında ölkəmizin ətrafında yaradılan informasiya blokadasını yardı. Ermənilərin yalan üzərində qurulan təbliğatının həqiqət üzərində qalib olması qeyri-mümkün idi. Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslan siyasəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.
Müxtəlif məsələlərə aydınlıq gətirən müsahibədə bir daha dünyanın ikili standartlara əsaslanan siyasətinin istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə ciddi probləmlərə gətirib çıxardığı əsaslı şəkildə diqqətə çatdırıldı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə ədalətin, beynəlxalq hüququn mövcudluğunu dünyaya sübut etdi. 30 ilin işğalına son qoyuldu, Ermənistan ordusu darmadağın edildi. Qarabağın tacı Şuşa azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Xocavənd döyüş meydanında azad edildi. Düşmən diz çökdü. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Laçın, Kəlbəcər, Ağdam müharibəsiz azad edildi.
Qazanılan uğurlarda Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti əhəmiyyətli rol oynayır. “Bizim xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, bizim siyasətimiz həmişə əməkdaşlığa hesablanmışdır: “Əgər kimsə bizdən yardım istəyirsə, çalışırdıq ki, kömək göstərək, daha çox dost qazanaq. Bu, Qarabağ məsələsini həll etmək üçün əlbəttə ki, biz dünya ictimaiyyətini inandırmalı idik. Çünki erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda - həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı.”
Azərbaycan daim birlik, həmrəylik, əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqamlara xüsusi diqqət yönəltdi. Azərbaycan həmin dövrdə 80-dən çox ölkəyə maddi-humanitar yardım göstərdi.
Dövlət başçısı İlham Əliyev müsahibəsində qeyd etdi ki, real maraqlarımızı təmin etmək üçün bizdə həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var: “Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar, biz də elə ona bənzəyən bir stayerik, amma lazım olanda sprinti də işə salırıq.”
Tufan Məmmədov – iqtisadçı ekspert