2022-ci il idman tarixində yeni qələbə və uğurlar ili kimi qaldı

14-01-2023, 08:17           
2022-ci il idman tarixində yeni qələbə və uğurlar ili kimi qaldı
Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz yüksəliş dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslırinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür. Ölkə rəhbərliyi tərəfindən idmanın kütləviliyinin təminində böyük ugurlar əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığından bu sahənin inkişafı istiqamətində mühüm qərarlar verilir və sənədlər imzalanır.
Bu gün Azərbaycanda idman hərəkatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır.
Yanvarın 9-da keçirilən 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışında hər il olduğu kimi, keçən ilin də Azərbaycan idmanı üçün uğurlu il olduğunu bildirmişdir. Ölkə başçısı bildirib ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.
Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. "İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır", - deyən dövlət başçısı bunun doğrudan da böyük nailiyyət olduğunu bildirib.
Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları keçirilmişdir. Belə ki, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, eləcə də Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycanda belə yarışların keçirilməsi onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
Azərbaycan xalqı qalib xalqdır və bu ifadəni işlədərkən böyük bir həqiqətin arxasında dayandığını görürük. Azərbaycan tarixi ədaləti bərpa etdi. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Ötən il azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilib. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Ölkə başçısı bildirib ki, “azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq. Bütün bunları qeyd edərək bir daha demək istəyirəm ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir”.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir.


Rafiq Hacıyev – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli idman ustası,
"Azərbaycan Respublikasının Əməkdar məşqçisi"
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.