Avropa İttifaqının Azərbaycan-Ermənistan danışıqlarında fəal olması təbiidir

2-08-2023, 19:57           
Avropa İttifaqının Azərbaycan-Ermənistan danışıqlarında  fəal olması təbiidir
İyunun 22-də Prezident İlham Əliyev Şuşa şəhərində “Euronews” televiziya kanalına geniş müsahibə verib. Bu müsahibə avqustun 1-də kanalın “Qlobal dialoq” proqramında yayımlanıb.
Ölkə başçısı öz müsahibəsində bir sıra mühüm məqamlara toxundu. Qeyd edildi ki, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır, yəni sülh razılaşması deyildir. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı olmuşdur. Buna görə ölkəmiz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başlayıb. Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən edib. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.
Cənab Prezident bildirib ki, “əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzümübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”.
Vurğulanıb ki, danışıqlar prossesində Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir.
Dövlət başçısı bildirib ki, bu görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir: “Məsələn, sərhədlərin gələcək parametrləri - Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.
Azərbaycan Prezidenti öz müsahibəsində Laçın yolundakı vəziyyət barədə də danışıb. Bildirib ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatın da Bakıya tabe olması bizim legitim tələbimizdir. Dövlətimizin başçısı vurğulayıb ki, Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə deyil, İrəvandakı ofisə tabe olması yolverilməzdir.
BQXK-nin Qarabağda yerləşən ofisləri İrəvandakı ofisə tabedir. Bu, həmin təşkilatın ermənilərin təsiri altında olduğunu göstərir. Bu da bəzən problemlər yaradır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, sərhədlər şərti də olsa məlumdursa, niyə BQKX-nin ofisi Bakıdan sonra Qarabağa yaxın digər bölgələrdə olmasın?!
"Aprelin 23-dən - sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəliblər", - dövlət başçısı bildirib.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də boynuna alıb ki, humanitar yardım adı altında bəzi qanunsuz mallar daşınıb. Rəhbərliyi də bunu təsdiq edib. BQXK qaçaqmalçılıq hallarının sürücülərin əli ilə baş verdiyini iddia edir. Lakin hər bir halda bu kimi qanunsuzluqlara görə BQXK məsuliyyət daşıyır.
Əgər Azərbaycanda yaşayan hansısa etnik azlığa humanitar yardımlar edilirsə, buna vasitəçilik edən qurumun ofisi də Ermənistana deyil Bakıya tabe olmalıdır.
Azərbaycan Prezidenti müsahibəsində Qarabağ ermənilərinə normal həyat təklif etdi. Bildirdi ki, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar”.


Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.