Hacıqabulda maarifləndirmə tədbiri keçirilib - FOTO

2-12-2023, 10:01           
Hacıqabulda maarifləndirmə tədbiri keçirilib - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Mədəniyyət Mərkəzində 400 artıq yuxarı sinif şagirdinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov bütün dünyanın ən ağrılı probleminə çevrilən və “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb.
Tədbirdə “Erkən nikah və onun fəsadları” mövzusuna da toxunulub. Çıxış edən rəis A.Xəlilov, eləcə də digər iştirakçılar yeniyetmələrin, xüsusilə qızların erkən yaşlarda ailə qurmasının risklər yaratdığını qeyd edərək, övladlarımız milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrin vacibliyindən, gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıblar.
Görüşdə şagirdlərə ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında polis əməkdaşlarının fədakar xidmətindən bəhs edilib, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan şagirdlərə Polis Akademiyasının tarixi və Polis Akademiyasına kursant qəbulu qaydaları, eləcə də müdavimlər üçün yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumatlar verilib.
Tədbir zamanı narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.