Azərbaycanın bərpaolunan enerjiyə keçidinin anonsu

12-12-2023, 17:51           
Azərbaycanın bərpaolunan enerjiyə keçidinin anonsu
Dekabr ayının 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Bu həm də ölkəmizin enerji siyasətində mühüm mərhələ hesab edilməlidir. Dövlətimizin başçısı İnterkonnektorun açılış mərasimində açıq şəkildə ifadə etdi ki, “gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır”.
Vurğulanıb ki, qısa müddət ərzində məhz yalnız qaz ixracı ilə enerji təhlükəsizliyində önəmli rol oynadığımız ölkələrin sayının yeddisi Avropa ölkəsi olmaqla, doqquza çatdırılması, o cümlədən ötürülən qazın həcminin əhəmiyyətli dərəcədə artırılması, eyni zamanda, Azərbaycanın beynəlxalq hüququn “öhdəliklərə vicdanla əməl edilməsi” prinsipinə dönməz sadiqlik göstərən qlobal subyekt və sözün əsl mənasında, etibarlı tərəfdaş olmasını bir daha sübut etməkdədir.
Prezident İlham Əliyev qeyd etdi ki, “qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir”. Qaz ixracına dair əməkdaşlığa gəlincə, Azərbaycan üçün bu, yalnız Avropanın enerji təhlükəsizliyində strateji rol almaq, yaxud ölkəyə valyuta axınının təmin edilməsində ehtiva olmur, Bakı bu prosesə, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa güclü zəmin yaradan amil kimi baxır.
Prezidentin Nişdən bəyan etdiyi kimi, “Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir”. Təsadüfi deyil ki, dövlətimizin başçısının müəllifi olduğu bu konfiqurasiya artıq bəhrəsini verir və elə iki gün əvvəl Serbiya və Bolqarıstan da daxil olmaqla, Şərqi Avropa qrupuna daxil olan ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsini dəstəklədilər.
Qeyd edilməlidir ki, Avropaya qaz təchizi Azərbaycanın əsas prioriteti deyil. Dünən Serbiyada Prezident də ifadə etdi ki, “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır”. Dövlətimizin başçısı bir müddət əvvəl “Euronews”a müsahibəsində də ifadə etmişdi ki, “təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq”.
Bu ilin noyabr ayında Azərbaycanda xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş və regionun ən böyük, 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı edilib. Növbəti 5 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı reallaşacaq ki, bu da çox nəhəng potensial deməkdir. Bu mənada, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışında Prezident İlham Əliyevin çıxışı, əslində, Azərbaycanın yanacaq enerjisindən bərpaolunan enerjiyə keçidinin anonsu hesab edilə bilər. Görünən isə odur ki, Azərbaycana artan maraq və Prezident İlham Əliyevin etibarlı tərəfdaş kimi qlobal nüfuzu fonunda enerji siyasətimizin uğurlarının davamlılığı təmin olunmaqla, alternativ enerjiyə keçid nəinki rahat reallaşacaq, üstəlik, Avropa istehlakçıları da məhz Azərbaycan istehsalı yaşıl enerji ilə təmin ediləcək. Digər tərəfdən isə enerji transformasiyasına baxmayaraq, Avropa bazarında rolunun artan tempini qorumaqla bərabər, zəngin karbohidrogen ehtiyatları fonunda Azərbaycanın bərpaolunan və yaşıl enerji mənbələrinə üz tutması, hətta daha əvvəl özünün 2030-cu ilə qədərki 5 Milli Prioritetindən birini təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi elan etməsi, xüsusən Bakının COP29 konfransına ev sahibliyi fonunda dövlətin imicinə müsbət mənada təsirsiz ötüşməyəcək.
Tufan Məmmədov – iqtisadçı ekspert
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.