Qlobal iqlim dəyişikliyinin təsirini azaltmaq üçün bütün ölkələrin səyləri vacibdir
18-12-2023, 20:47
Dekabrın 11-də Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində COP29-un Azərbaycanda keçirilməsi barədə qərar rəsmi şəkildə elan olunub. Qərara əsasən COP29 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək.
Dekabrın 15-də Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı müşavirə keçirib. Bildirib ki, COP dünyada ən mötəbər tədbirlərdən biri, BMT Baş Assambleyasından geri qalmayan tədbirdir. Prezidentin sözlərinə görə, 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq: “Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.
Qeyd edək ki, COP 1995-ci ildən bəri hər il keçirilir. Bu tədbirin əsas məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq, bu konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə atmosferə istixana qazları emissiyalarının məhdudlaşdırılmasına dair hüquqi öhdəlikləri özündə əks etdirən Kioto Protokolu müzakirə olunur. 2011-2015-ci illərdə keçirilən sessiyalarda 2015-ci ildə iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm beynəlxalq sənəd hesab edilən Paris sazişi müzakirə edilərək qəbul edilib. Bu günə qədər 195 ölkə bu sazişə qoşulub.
COP28-in yekun sənədi ilə bağlı çox ciddi müzakirələr aparılıb. Belə ki, BMT və çoxsaylı dövlətlərin təklifi ilə sənədə dünya ölkələrini mədən yanacaqlarından istifadədən imtina etməyə çağırış daxil edilib. Bu, neft istehsal edən ölkələr təşkilatı olan OPEK tərəfindən narazılıqla qarşılanıb. Təşkilat yekun sənədin mətninə etiraz edib. OPEK-in etirazına rəğmən COP28 ilk dəfə olaraq ölkələri iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün qalıq yanacaqlardan uzaqlaşmağa sövq edəcək sazişi təsdiq edib. Qlobal “Stocktake” Sazişi kimi tanınan sənəd ilk dəfə olaraq builki danışıqlarda bir çox ölkənin əsas tələbi olan qalıq yanacaqların istifadəsinə birbaşa toxunur. Sənəd ölkələri “kritik onillikdə” qalıq yanacaqdan uzaqlaşmağa çağırır. İki həftəlik gərgin danışıqlardan sonra Dubayda əldə edilən razılaşma investorlara və siyasətçilərə dünyanın iqlim fəlakətinin qarşısını almaq üçün qalıq yanacaqlarından uzaqlaşmağa dair güclü siqnal göndərmək məqsədi daşıyır.
COP iqlim dəyişiklikləri üzrə BMT-nin Çərçivə Konvensiyasının həyata keçirilməsini monitorinq edən və bu Konvensiyaya düzəlişlər etməyə səlahiyyəti olan qurumdur. Qəbul olunmuş razılığa əsasən, qlobal istiləşməni sürətləndirən karbon dioksidin (CO2) havaya buraxılması həcminin 2025-ci ildə 2005-ci ildəki həcmə nisbətdə 28 faiz və 2030-cu ildə isə 45 faiz azaldılması qərara alııb. 2050-ci ildə isə havaya buraxılan karbon dioksidin 0 olacağı nəzərdə tutulur. Ən yaxın hədəf sayılan 2025-ci il üçün kifayət qədər iddialı olan bu hədəfə çatmaq çox çətin görünür.
Avropa Komissiyasının araşdırmalarına görə, XX əsrin əvvəllərində hər il havaya 2 milyard ton karbon dioksid qazı (CO2) atılırdısa, 2022-ci ildə bu göstərici 37.15 milyard ton olmuşdur. 2023-cü ilin sonuna bu rəqəmin 37.55 milyard ton olacağı gözlənilir.
Enerji və sənaye sektorlarında istixana effekti yaradan bu qazların 36.7 faizi təkcə Çinin (2021-ci ildə 11 milyard 336 milyon ton) payına düşür. 2021-ci ilin nəticələrinə görə, növbəti 4 top ölkə: ABŞ (5 milyard 032 milyon ton), Hindistan (2 milyard 674 milyon ton), Rusiya (1 milyard 712 milyon ton), Yaponiyadır (1 milyard 602 milyon ton). Ümumiyyətlə, 10 ölkə bütün karbon dioksid emissiyasnda 67 faizlik “paya” sahibdir. Qeyd olunanlar nəzərə alındıqda, məhz inkişaf etmiş ölkələrin iqlim dəyişikliyinə qarşı layihələri maliyyələşdirmələri nəinki təbiidir, hətta bu istiqamətdə daha çox işlər görməyə və məsələyə daha çox maliyyə ayırmağa borcludurlar.
Ekspertlərin rəyinə görə Azərbaycanın karbon dioksid emissiyasında 1990-cı illə müqayisədə kifayət qədər azalma var. Bu, Sovet dövründə mövcud olmuş bir sıra sənaye müəssisəsələrinin və 1990-cı ildən sonra ölkədə olan istilikxanaların bağlanması ilə əlaqədardır.
Azərbaycanda karbon dioksid (CO2) emissiyası 1990-cı ildə 58 milyon ton, 1999-cu ildə 26 milyon ton, 2005-ci ildə 30 milyon ton, 2010-cu ildə 25 milyon ton, 2018-ci ildə 35 milyon ton olub.
Nəzərə alsaq ki, bütün dünyada karbon dioksid (CO2) emissiyası 1990-cı ildən indiyə qədər 60 faizdən çox artıb, Azərbaycanın bu göstərici üzrə kifayət qədər böyük azalma nümayiş etdirməsi, əlbəttə, təqdirəlayiqdir. Lakin bu göstərici müsbət olsa da, arxayınlaşmaq olmaz. Çünki dünyada baş verən çirklənmə ölkəmizə də təsir göstərir və biz yenə də iqlim dəyişikliyinə məruz qalmaqdayıq və qalacağıq. Bu səbəbdən ağac əkilməsi, meşə örtüyünün payının artırılması çox vacibdir.
Qlobal iqlim dəyişikliyinin təsirini azaltmaqda bizim kimi kiçik ölkənin imkanları məhdud olsa da, ölkəmizdə hava çirkliliyinin azaldılması öz əlimizdədir və hər bir Azərbaycan vətəndaşının bu sahədə töhfəsi ola bilər. Məsələn, qazdan qənaətlə istifadə etmək, avtomobilin təkər(lər)inin havası azdırsa, onu vaxtında normaya çatdırmaq. Avtomobilin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, qazdan qənaətlə istifadə etmək və sair.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası