Azərbaycan idmançıları qalib gəlmiş xalqın təmsilçiləridir
14-08-2024, 18:11
Son illərdə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar qazanaraq ölkəmizin beynəlxalq imicini daha da yüksəldiblər. Növbəti uğur bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılıb. İdmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Azərbaycan bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
Bu uğuru xüsusi qeyd edən Prezident İlham Əliyev Olimpiada iştirakçılarını qəbul edərkən Azərbaycan idmanının inkişafından, əldə etdiyimiz uğurlardan geniş bəhs edib. Dövlətimiz başçısı deyib ki, “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir. Ulu öndər Heydər Əliyev gənclərimizə milli ruhda tərbiyə olunmağa, milli-mənəvi dəyərlərimizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi qorumağı tövsiyə edirdi. Son 21 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub.
“Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq”, - deyə dövlət başçısı əlavə edib.
Görüşdə ölkə başçısı qızıl medalçılarımızı – Hidayət və Zelimi ürəkdən təbrik edərək bildirdi ki, “Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır”, - deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev Avropa çempionatının iştirakçılarını qəbul edərkən söylədiyi “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik” fikirləri gənclərimizi təkcə idmanda deyil, bütün sahələrdə yeni-yeni qələbələrə ruhlandırıb.
Rafiq Hacıyev – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli idman ustası,
"Azərbaycan Respublikasının Əməkdar məşqçisi"