Ölkə başçısının Cəbrayıla növbəti səfəri bir sıra əlamətdar hadisələrlə yadda qaldı
5-10-2024, 07:04
2020-ci il oktyabrın 4-də düşmən üzərinə irəliləyən Şanlı Azərbaycan Ordusu Cəbrayıl şəhəri və rayonun 9 kəndini işğaldan azad etdilər. Bu hadisə Qalibiyyətli Vətən müharibəsində ilk azad edilən şəhərimiz kimi müasir Azərbaycan tarixinə düşdü. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edildi.
Cəbrayıl rayonun tarixində növbəti əlamətdar hadisə 2020-ci ilin noyabr ayının 16-da baş verdi. Bu əlamətdar hadisə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümumilikdə Cəbrayıl rayonuna 10 dəfə səfər etmiş və səfərləri zamanı rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İndiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib və bu işlər böyük sürətlə davam edir.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Sevindirici haldır ki, ölkə başçısının Cəbrayıla növbəti səfəri məhz şəhər gününün 2-ci ildönümünə təsafüf etmişdir. Ölkə başçısı Cəbrayıl və Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasinlərində iştirak edib. Belə ki, öz məhsuldarlığı ilə yadda qalan bu səfər çərçivəsində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə başçısı həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlətimizin başçısı tədbirdə genişməzmunlu çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçısı bildirib ki, azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. “Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.
Cəbrayıl şəhərinin Horovlu kəndində görülən işlərə toxunan Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”.
Cəbrayılın azad olunmasının dördüncü ildönümü günü keçirilən görüşdə cənab Prezident bu hadisənin çox böyük əhəmiyyəti olduğunu bildirib. Çünki Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.
“O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”, - deyən dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb.
Öz çıxışında dövlətimizin rəhbəri bu fikirləri səsləndirib ki: “Bizim Qələbəmiz əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir”.
Eyni zamanda Prezident İlham Əliyev Ermənistana da xəbərdarlıq mesajı göndərib. Qeyd edib ki, Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi