COP29 dünyanın diqqətindədir
13-11-2024, 17:36
Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetdən biridir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxış bərabər və ədalətli olmalıdır. Milli Prioritetlərdə, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit və yaşıl artım ölkəsi istiqamətlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli özünüidarəetmənin gələcək fəaliyyətində əsas götürülməsi tövsiyə olunur.
İnklüzivlik, eyni zamanda, COP29 Sədrliyinin də mühüm prinsipləri sırasındadır. Ev sahibi olaraq COP29-da inklüzivliyi prioritetləşdirmək, həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etmək əsas hədəflərdəndir. Məlumdur ki, iqlim dəyişmələri hər kəsə təsir edir. Amma hesab edirəm ki, onun nəticələri əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha çox zərər vurur. Buna görə də bu kateqoriyanın səsi daha ucadan eşidilməli, onlar nəticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Eyni zamanda, COP29-da təbii sərvətləri talan olunan xalqların neokolonializmdən əziyyət çəkdikləri dünyanın diqqətinə çatdırılmalıdır. Kiçik ada dövlətlərinin COP29-da iştirakı həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü rolunu oynamaq və COP29 çərçivəsində bu prosesi konsensusa aparmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. İqlim dəyişikliyi ilə mübarizəni müştərək öhdəlik, mənəvi borc və dayanıqlı inkişaf üçün əvəzolunmaz fürsət kimi görmək indi daha vacibdir.
COP29 iqlim konfransında inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın və müyəssər şəraitin təmin edilməsi məqsədilə tədbir məkanında da bir sıra müvafiq həllər tətbiq olunub. Təsadüfi deyil ki, COP təcrübəsində ilk dəfə Bakıda keçiriləcək COP29-un plenar iclas zalında eşitmə və nitq məhdudiyyətli şəxslər üçün işarət dilinə tərcümə və audioinduksiya sistemi xidmət göstərəcək. Sessiya və panelləri əlçatan etmək üçün işarət dili üzrə surdotərcüməçilər xidmət göstərəcək.
Görmə məhdudiyyəti olan şəxslər məkanda rahat naviqasiya üçün Brayl əlifbası ilə hazırlanan qapı lövhələri, məlumat nişanları, məkan xəritələri və müxtəlif broşürlərdən istifadə edə biləcəklər. Tədbirlə bağlı məlumatlara inklüziv çıxışı təmin etmək məqsədilə müyəssərliklə bağlı informasiya məntəqəsi də xidmət göstərəcək.
Müyəssərlik və inklüzivlik öhdəliklərinin, həmçinin qonaqlama və nəqliyyat xidmətlərində də tətbiqi icra edilir. Tədbirdə iştirak edəcək fiziki imkanları məhdud şəxslərə dəstək olmaq və inklüziv mühiti təşviq etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və COP29 könüllülərinə, eləcə də müxtəlif xidmət sahələrinin əməkdaşlarına müvafiq təlimlər də keçirilib. Bir sözlə, Azərbaycan sədr kimi proses boyu inklüzivliyə tam sadiqlik nümayiş etdirir.
Tufan Məmmədov – iqtisadçı ekspert