YAP – vətənini sevən və xalqına sadiq olanların partiyası

14-11-2024, 16:40           
YAP – vətənini sevən və xalqına sadiq olanların partiyası
Azərbaycanı yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək bir siyasi qüvvənin yaradılmasını qarşısıalınmaz tələbə çevirdi. Azərbaycanın gələcək taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək bu məqsədlə zəngin dövlətçilik təcrübəsinə malik Liderin, Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşdilər. Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi. Heydər Əliyevin demokratikliyi, dövlətçilik təcrübəsi qanunların və xalqın rəyindən, millətin tələb və istəyindən, sosial sifarişdən kənar hər hansı mübarizə metodunu qəbul edə bilməzdi. Elə bu proseslər zəminində, xalqın arzu və istəyini əks etdirən müraciət hazırlandı. “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətdə Heydər Əliyevdən siyasi partiya yaradılmasını və bu partiyaya sədrlik etməsini xahiş edir, bu xahişin xalqın istəyini, milli iradəsini ifadə etdiyini vurğulayırdılar.
1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə konfrans keçirilmişdi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması tarixində söyləmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.
2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırılmışdır. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.” Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var”.
Qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.
Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Məhz bu gün Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Ulu öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin daxili və xarici siyasəti sahələrində qazandığı uğurları və 30 illik torpaq həsrətimizə son qoyulması görülən işlərin, əldə olunan uğurların aydın mənzərəsini yaradır. Prezident qətiyyəti, rəşadətli ordu, xalq birliyi, ən əsası torpaq, Vətən sevgisi 30 ilin işğalına 44 gündə son qoyulması xalqımızın Ali Baş Komandanın “Hücum!” əmrini səbirsizliklə gözlədiyinin təsdiqinə çevrildi.
Bu gün YAP öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir.

Aynur Xəlilova - politoloq













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.