COP29-da Azərbaycan qlobal iqlim liderliyini göstərir
Bu gün, 00:17
Bu günlər Azərbaycan dünyanın ən böyük tədbirinə - COP29-a ev sahibliyi edir. Ölkəmiz BMT-nin bu mötəbər tədbirini ən yüksək səviyyədə təşkil edib. Bunu COP29-da iştirak edən dövlət və hökumət başçıları da vurğulayıblar.
Dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən COP29 mühüm beynəlxalq platformaya çevrilir.
Qeyd edilməlidir ki, iqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Noyabrın 13-də isə Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan Kiçik ada dövlətlərinin (SIDS) Sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimizin yeni, daha yüksək səviyyəyə qalxdığını qeyd edib. Bildirilib ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Azəqbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Prezident İlham Əliyev Bakıda sammitdəki çıxışında bildirib ki, “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”.
Prezident deyib ki, bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər. Onların iqlim dəyişmələrinin ən ağır təsirinə məruz qaldıqlarını vurğulayan dövləti başçısı qeyd edib: “Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliten hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir”.
Dövlət başçısı bildirib: “Azərbaycan kiçik ada dövlətlərinə Qoşulmama Hərəkatının sədri kimi dəstək verib və COP29-un sədri olaraq öz dəstəyini verir. Biz öz dəstəyimizi gələcəkdə də davam etdirəcəyik”.
Dövlət başçısı öz çıxışında Fransanın müstəmləkəçi siyasətindən də danışıb. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlət başçısı deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub.
Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Azərbaycan Prezidenti bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib.
Metin Hüseynov - siyasi sərhçi, politoloq