Kiçik ada dövlətlərinin böyük ekoloji təhlükə qarşısında

Bu gün, 12:20           
Kiçik ada dövlətlərinin böyük ekoloji təhlükə qarşısında
İştirakçıların sayına və dövlətləri əhatə etməsinə görə haqlı olaraq BMT-nin ən böyük tədbiri hesab olunan COP29 Bakıda uğurla davam edir. Konfransın Mavi zonası noyabrın 13-də mühüm iqlim problemlərinin müzakirə məkanına çevrilmişdi. Müzakirələrdən biri çox vacib məsələyə həsr olunmuşdu. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Ali qonaqların çıxışlarını monitor qarşısında dinləyən çox sayda əcnəbilər vardı.
Ada dövləti bir və ya bir neçə adada yerləşən dövlətdir. Bu gün dünyada 47 belə ölkə var. Dünya okeanlarında ekoloji vəziyyətin istənilən dəyişməsi adada onsuz da çətin olan həyatın kəskin şəkildə pisləşməsi deməkdir. Buna görə də BMT inkişaf etməkdə olan kiçik ada dövlətlərinin rifahı məsələsinə dönə-dönə müraciət edir. Artan təbii fəlakətlər, mərcan riflərinin ölümü və dəniz səviyyəsinin qalxması insanları yaşamaq üçün daha əlverişli yerlər axtarmağa vadar edir. Karib hövzəsi ölkələrində bəzən mövsümdə beş qasırğa olur.
İqlim dəyişikliyi və dəniz səviyyəsinin qalxması Sakit okean, Hind və Atlantik okeanlarına səpələnmiş kiçik ada dövlətlərinin inkişafı və hətta mövcudluğu üçün təhlükə yaradır. Beynəlxalq bazarlardan təcrid, məhdud resurslar, həddindən artıq əhali, həddindən artıq tullantı və sahillərin çirklənməsi bu ölkələrin iqtisadi inkişafı üçün ciddi problemlər yaradır.
Sammitdə qeyd edildi ki, insanın fəaliyyətinin təbiətə zərərini azaltmaq lazımdır. 2024-cü il də iqlim fəlakətlərinin artdığını göstərdi. Başa vurduğumuz bu ildə də rekord yağışlar və qasırğalar, yanğınlar və ölümcül quraqlıqlar gördük. Proqnozlar onu göstərir ki, iqlim dəyişikliyinin təsiri getdikcə artacaq və bu, hamımızı təcili qərarlar qəbul etməyə vadar edir.
Bakıda belə bir mühüm məsələnin müzakirəsi ondan xəbər verir ki, dünya artıq bu problemin həll olunmasının zəruriliyini anlayır. Məlumdur ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri ətraf mühit və iqtisadi inkişaf baxımından dünyanın ən həssas ölkələri sırasındadır. Onların bir çoxu coğrafi cəhətdən təcrid olunmuş və təmiz su və dəniz məhsulları kimi məhdud təbii ehtiyatlardan tamamilə asılıdır. Çoxları mənfi təbii hadisələrə və dəniz səviyyəsinin qalxmasına səbəb olan iqlim dəyişikliyi ilə təhdid olunur. Mütəxəssislər də hesab edirlər ki, kiçik ada dövlətləri çətin ki, beynəlxalq ictimaiyyətin əməkdaşlığı və yardımı olmadan bütün bu problemləri həll edə bilsin. Bu mənada COP29 çərçivəsində mövzu ətrafında aparılan müzakirələrin problemin həlli istiqamətindəki səyləri gücləndirəcəyinə ümidləri artırır.
Qeyd edilib ki, okeanlar sivilizasiyalar arasında birləşdirici əlaqədir. O həm də ticarət və coğrafi kəşflərin inkişafına töhfə verdi. Amma bu gün okeanlar həm də bizdən gücümüzü birləşdirməyi və planetdə ekoloji vəziyyətin pisləşməsinin qarşısını almağı tələb edir. İqlim sürətlə dəyişir, su səviyyəsi getdikcə qalxır və bu, bizim ada dövlətimiz üçün təhlükə yaradır. Orta hesabla qlobal dəniz səviyyəsi ildə 3,2 millimetr yüksəlir. Buna görə də, COP29-da bu istiqamətdə görüləcək tədbirlərlə bağlı müvafiq qərarların veriləcəyi gözlənilir.
Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Toplantıda qeyd edilib ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.
Prezident İlham Əliyev kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib: “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Azəqbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Prezident İlham Əliyev Bakıda sammitdəki çıxışında bildirib ki, “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”.
Gələcəkdə də ölkəmiz bu istiqamətdə görülən işlərdə öz səylərini əsirgəməyəcəkdir.

Tufan Məmmədov – iqtisadçı ekspert












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.