Azərbaycan kiçik ada dövlətlərinə hər zaman dəstək olacaq

Bu gün, 16:28           
Azərbaycan kiçik ada dövlətlərinə hər zaman dəstək olacaq
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu xarici siyasətinin əsas tərkib hissəsi olan iktərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında, ev sahibliyi etdiyi tədbirlərin davamlılığında özünün aydın ifadəsini tapır. Ötən ilin dekabrından Azərbaycan dünyanın diqqətindədir. Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edildiyi ilk günlərdən ölkəmiz hazırlıq işlərinə başladı. Bu qərar Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin təqdimatı oldu. Noyabrın 11-22 tarixlərini əhatə edən COP29 Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq imkanlarının təqdimatında əhəmiyyətli rol oynayacaq.
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti, 13-də isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Dövlətimizin başçısı İlham Əliyevin hər iki sammitdə çıxışı özündə bütün məqamları ehtiva etdi. Prezident İlham Əliyev bu ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu hədəfi qarşıya qoydu ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Dünyanı narahat edən, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar problemlərin həllində daha fəal olacağıq. Eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik.
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində cənab İlham Əliyev beynəlxalq gündəlikdə duran mühüm məsələlərdən birinə – neokolonializm və iqlim dəyişmələrinə diqqəti yönəltdi. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz ərazilərinin iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğunu, artan dəniz səviyyəsinin, kəskin hava şəraitinin və biomüxtəlifliyin pozulmasının bu regionlara ciddi təhlükə yaratdığını, həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu diqqətə çatdırdı. Cənab İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin daha da gücləndirilməsi, səylərin birləşdirilməsi əsas məsələ kimi qarşıya qoyulur.
Dünyanı Bakıya toplayan COP29 Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələrə, eyni zamanda, bu sahədə təcrübəsinə işıq salır, yeni əməkdaşlıq formatlarının, körpülərin yaradılması fonunda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağın mümkünlüyünü açıqlayır. COP29-un Liderlər Sammitindəki çıxışlarda bir daha bu çağırış səsləndirildi ki, indiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq. İtki və Zərər Fondunu, COP29 maliyyə fondunu təmin edən bir sammit olaraq da əmin olmalıyıq ki, lazımi vəsait ən çox ehtiyac duyan insanlara çatacaq. BMT-nin Baş katibi Antonio Quterreş belə bir əminliyi ifadə etdi ki, dövlət başçısı İlham Əliyevin səyi nəticəsində uğurlu bir COP-a imza atacağıq. Antonio Quterreş, həmçinin bu çağırışı etdi ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Buna birlikdə nail olacağımıza əminik.
Ölkəmiz beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrini verməkdə davam edir. “COP29 bir daha bu uğurlarımızı dünyaya təqdim edəcək. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməklə beynəlxalq münasibətlər sistemində rolunu daha da artırır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Ölkəmiz bu sahədə böyük potensiala malikdir və yeni əməkdaşlıq formatlarının yaradılması ilə bağlı çağırışlarını atdığı addımları ilə təsdiqləyir.
Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət nəticəsində yaradılan möhkəm təməl Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaqdır, ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi yerini daha da möhkəmləndirəcəkdir. 196 ölkədən 72 min iştirakçının qatıldığı COP29 Azərbaycanın növbəti uğur hekayəsi olacaq. Bu iştirakçılar sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Bu, Azərbaycana, dövlət başçısı İlham Əliyevə böyük etimadın göstəricisidir. Dünya liderlərinin COP29-dan daha böyük gözləntiləri də Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dayanıqlı inkişafa malik olmasından irəli gəlir. COP29 nəticələri ilə hələ uzun illər dünyanın diqqətində olacaq.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.