Azərbaycan və Çin arasında münasibətlərinin dərinləşməsinə təkan verəcək səfər

Bu gün, 11:16           
Azərbaycan və Çin arasında münasibətlərinin dərinləşməsinə təkan verəcək səfər
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığa, strateji tərəfdaşlığa əsaslanan münasibətlər regional sabitlik və tərəqqiyə xidmət edir. Ötən il Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması qarşılıqlı hörmət və etimada söykənən əməkdaşlıq münasibətlərini yeni müstəviyə qaldırdı.
Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirən Azərbaycan Çin ilə ikitərəfli münasibətlərin davamlı inkişafına böyük önəm verir. Xüsusən, son illər iki ölkə arasındakı əlaqələrdə yüksək dinamika mövcuddur. Bu xüsusda, dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərini, müxtəlif istiqamətlərdə yeni əməkdaşlıq münasibətlərinin qurulmasını qeyd etmək olar.
Daim bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan ölkələrimiz öz fəaliyyətləri ilə regional və qlobal müstəvidə sülhü, sabitliyi, inkişafı, qarşılıqlı əməkdaşlığı təşviq edirlər.
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycanın Çinin müxtəlif şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri tərəfdaş ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında önəmli rola malikdir.
Ölkəmiz tərəfdaşlarla birgə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini uğurla həyata keçirdi. “Orta Dəhliz” layihəsinin mühüm tərkib hissəsi olan bu layihə Azərbaycanın logistika potensialının inkişafına mühüm təkan verməklə, Çindən Avropaya yüklərin daha qısa zaman kəsiyində daşınmasına önəmli töhfə verir.
Ölkələrimiz arasında humanitar əməkdaşlığın uğurla inkişaf edir. Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq xalqlarımız arasında dərin köklərə malik əlaqələrin genişləndirilməsində mühüm rola malikdir. Eyni zamanda, ölkələrimizin ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir. Ötən il Azərbaycan Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Dövlətimizin başçısının da bildirdiyi kimi, ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 22-23-də Çin Xalq Respublikasına dövlət səfəri iki dövlət arasında münasibətlərin daha inkişafı və möhkəmlənməsində növbəti addım olacaqdır. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub. Gürüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu. Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.
Cənab Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.
Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu. Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi. Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunulub.
Pekində keçirilən görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan Prezidenti ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışında qeyd edib ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir.
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə təkan verəcək, o cümlədən müxtəlif sahələrdə yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək. Ölkə liderlərinin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoyan bu əməkdaşlıq dost xalqlarımızın maraqları naminə daha da genişlənəcək.

Türkan Cümşüdova – YAP üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.