“Uşaq bağçası- İsmayıllı”nın fəaliyyəti ilə tanışlıq
24-05-2017, 09:47
teref.az - Kütləvi informasiya vasitələrindən Respublika əhalisinə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 avqust 2016-cı il tarixdə İsmayıllıya səfəri zamanı bir sıra vacib sosial-iqtisadi-istehsal obyektləri ilə yanaşı “Uşaq bağçası-İsmayıllı”nın da açılışını etmişdir. Yeni uşaq bağçası “Synergy Group” MMC-nin dəstəyi əsasında Oksford proqramı ilə işləyir.
22 may 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov, MMC-nin icraçı direktorunun müavini Rəşad Babayev, RİH başçısının müavini Sevil Əhmədova təhsil işçiləri və uşaqları bağçaya gələn valideyinlərlə birgə “Uşaq bağçası-İsmayıllı”nın fəaliyyəti, təlim proqramı, asudə vaxtın təşkili, məişət və iaşə şəraiti ilə tanış olublar. Burada təlim-tərbiyə prosesinin ingilis dilində yüksək səviyyədə təşkili üçün lazım olan bütün şərait yaradılmışdır.MMC-nin icraçı direktorunun müavini Rəşad Babayev məktəbəqədər uşaq müəssisəsinin fəaliyyətinin təşkili və davamı ilə əlaqədar müfəssəl məlumat verib. O qeyd edib ki, rayon icra hakimiyyəti başçısının hərtərəfli dəstəyi, rayon təhsil şöbəsinin iştirakı ilə uşaq bağçasında təlim tərbiyə işi yüksələn xətt üzrə inkişaf etməkdədir.
Valideyinlər yaradılan şəraitə görə cənab Prezidentə və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.